Azərbaycan Yüksəliş Partiyası Baş Məclisinin
BƏYANATI
Azərbaycan xalqı və ordusu erməni işğalında olan torpaqlarımızın azad olunması yolunda qəhrəmanlıq dastanı yazdı. Bu qəhrəmanlıq dastanının mürəkkəbi şəhidlərimizin qanı, vərəqləri igid əsgərlərimizin düşmənə qarşı sipər edilən sinələridir. Biz bir daha sübut etdik ki, onminillik Türk kökümüzün üzərində qurulan bir dövlətik. Bizə artıq sadəcə kiçik ərazisi və əhalisi olan bir millətin nümayəndəsi kimi baxmırlar. Hamı anladı ki, istər tarixi perspektivdən, istərsə də milli-mənəvi irs baxımından Azərbaycan böyük bir mədəniyyətin, irqin, mirasın – Turanın ayrılmaz parçasıdır.
Bu həqiqəti bir çox ölkə və xalq anlamağa başlayıb, ancaq qəbul etməyə tələsmir. Ümid edirlər ki, bu və ya digər formada xalqımızın iradəsini sındıra bilərlər. Bilərəkdən belə fikir tirajlanır ki, guya Azərbaycanın Qarabağda qələbəsi tam deyil və indi orada söz sahibi biz yox, Rusiyadır. İnsanlarımızda qələbəmizi şübhə altına almaq üçün bədbin əhval-ruhiyyə yaradırlar, ordumuzun zəfərini heçə endirməyə çalışırlar.
AY Partiya Baş Məclisi bu təbliğata “YOX” deyir və xalqımızın birliyinə zərər gətirən istənilən belə ritorikaya etiraz edir. Qarabağ müharibəsi Azərbaycanın tam və dönməz qələbəsi ilə nəticələnib və bunu şübhə altına almaq yolverilməzdir.
Bununla belə, Rusiya sülhməramlılarının dəfələrlə səlahiyyətləri çərçivəsindən kənara çıxan işlər görməsi haqlı olaraq cəmiyyətimizi narahat edir. Bu narahatlıq sadəcə ayrı-ayrı şəxslərin və ya qurumların, təşkilatların deyil, həm də dövlətimizin və ordumuzun rəhbərliyində müşahidə olunur. Ona görə də, dövlət rəhbərliyinin açıq mətnlə bu məsələlərə son verilməsi gərəkdiyini dilə gətirməsi, sülhməramlıların bəzi fəaliyyətlərinə indilik göz yumduğunu, ancaq bunun belə davam edə bilməyəcəyini deməsi məsələyə ən yüksək səviyyədə münasibətin bariz nümunəsidir.
AY Partiyanın Baş Məclisi dövlətimizin bu mövqeyini dəstəkləyir və lazım olan hər bir mövzuda yanında olduğunu bəyan edir.
Geostrateji aspektindən baxdıqda Türkiyənin əvəzedilməz rolunu bir daha təqdirlə qarşıladığımızı bildirməliyik. Türkiyənin istər hərbi rəhbərliyi, istərsə də xarici işlər sahəsinə cavabdeh olan dövlət adamları Azərbaycanın eyni sahələrdəki həmkarlarından daha çox çeviklik göstərir və Qarabağda ermənilərin, Rusiyanın sülh prosesinə xələl gətirəcək addımlarına anında reaksiya verirlər. Azərbaycan rəsmilərinin də belə çevik və operativ reaksiya verəcəkləri görməyi ümid edirik.
Qafqazın taleyi bu gün Qarabağda, Qarabağın taleyi isə Azərbaycan-Türkiyə ittifaqının qurulması planlarında həll olunur.
Baş Məclis hesab edir ki, Türkiyənin Azərbaycanda hərbi quru, hava və dəniz bazası yaradılmalıdır. Azərbaycanın hərbi və dövlət qulluğu qanunları Türkiyənin eyni qanunları ilə eyniləşdirilməlidir, iki ölkənin ticari və iqtisadi paradiqmaları ortaq məxrəc halında müəyyənləşdirilməlidir.
Baş Məclis üzvləri müstəqilliyimizin keşiyində duran hər bir soydaşımızın əməyini və fədakarlığını yüksək qiymətləndirdiyini, şəhidlərimizə Tanrıdan rəhmət, yaralılarımıza şəfa dilədiyini, ərazi bütövlüyümüz yolunda dövlətimiz tərəfindən atılan hər bir addımı dəstəklədiyini, dünya Azərbaycanlılarının haqq və hüququnu bundan sonra da qoruyacağını bəyan edir.
Qeyd: Bəyanat AY Partiya Baş Məclisinin 17.01.2021-ci il tarixli sessiyasında
yekdilliklə qəbul edilib.