AY Partiyanın məsələ ilə bağlı təkliflərini oxumağa və müzakirə etməyə çağırırıq
Bu gün Azərbaycan Yüksəliş Partiyasının təşəbbüsü ilə şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçılarının problemləri və həlli yollarının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirə cəmiyyətin bütün təbələrindən nümayəndələr, siyasi partiyalar, məsələyə həssas yanaşan ictimai-siyasi fəal insanlar dəvət olunmuşdular.
AY Partiya Başqanının I müavini Bəhrəm İsmayılov çıxış edərək, son günlər qazilərlə bağlı məsələlərin gündəmdə olduğunu, xüsusilə qazilərin intihar hallarının artmasının yaratdığı sosial gərginlik və bundan irəli gələn etirazların nəticələrinin çox acınacaqlı olduğunu diqqətə çatdırıb. Ona görə bu məsələlərin bütün platformalarda müzakirəsinin aparılmasının vacib olduğunu bildirib. O əlavə edib ki, məsələnin əhəmiyyəti nəzərə alınaraq, AY Partiya Başqanının Şəhid ailələri, qazilər, müharibə iştirakçıları ilə iş üzrə müavini postu yaradılıb.
Tədbirin moderatoru AY Partiya Başqanın müavini Sevinc Fədai qazi intiharlarının cəmiyyətdə aqressiya yaratdğını, bu problemin miqyasının daha da böyüməməsi üçün zəruri addımların atılmasının vacibliyinə diqqət çəkib.
Mövzu ilə bağlı çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni 35 ildir, qazilərin, şəhid ailələrinin işləri ilə məşğul olduğunu deyərək, bu sahədəki problemləri bildiyini xatırladıb: “Qazi döyüşən əsgərdi, o, heç vaxt intihar etməməlidir. Onların bu cür etirazlarını qızışdırmaq istəyənlər var. Dövlətə qarşı təxribata çəkmək istəyirlər".
Daha sonra söz alan Qazilər Birliyinin sədr müavini Ədalət Məhərrəmov bildirib ki, bütün vəzifələrin məhvərində vicdan durur: "Namus geyimlə, hərəkətlə ölçülmür. Hər kəs vəzifəsinin öhdəsindən namusla gəlməlidir. Təxribatın qarşısı alınmalıdır, şəhid ailəsi, qazi həqiqətən baş tacı olmalıdır, onları ələbaxımlı, dilənçi vəziyyətinə salmaq cinayətdir. Hüquqları təmin olunmalıdır, süründürməçiliyə məruz qoyulmamalıdır. Qazimizi bu həddə çatdırmaq olmaz, çatdıranlar cəzalandırılmasa, heç nə dəyişməyəcək. Məmur başa düşməlidir ki, qazi "canlı bomba"dır. Hər an partlaya bilər".
Hüquq müdafiəçisi Səadət Bənanyarlı bildirib ki, Vətən müharibəsinin iştirakçılarını savaşa Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparıb: "Ancaq indi bu qurum heç bir məsuliyyəti üzərinə götürmür, bütün müraciətlərə "mənim səlahiyyətim çatmır" cavabını verməklə işini bitmiş hesab edir. Halbuki bütün məsuliyyət bu xidmətin üzərinə düşür. Müharibədə iştirak edən hər bir şəxsin haqqında məlumat bu xidmətdədir".
AY Partiya Başqanı Anar Əsədli qeyd edib ki, böyük dövlət ənənəsi olmayan bir cümhuriyyətimiz var: "Buna imkan vermədilər. 104 il əvvəl qurduğumuz cümhuriyyət yıxılmasaydı, təbii ki, ənənəmiz də olacaqdı. Müstəqilliyimiz bərpa etdikdən sonra dərhal torpaqlarımızın işğalı ilə nəticələnən qanlı bir münaqişəyə sürükləndik. İndi baş verən hadisələrin isə təməl səbəbləri var. Prosesə həm tarixi, həm ideoloji, həm siyasi, həm də bürokratik konteksdən baxanda həlli vacib kifayət qədər yarımçıq işlərin olduğunu görürük. Dövlət təkcə siyasi hakimiyyət demək deyil. Dövlət həm də siyasi institutlar, vətəndaş cəmiyyəti təşkilatları və medianın vəhdətidir. Buna görə də şəhid ailələri, qazilər və müharibə iştirakçılarının məsələləri təkcə siyasi hakimiyyətin qayğısı deyil. Bu sahədə hakimiyyətin qüsurlarını siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları ortaya çıxarmalıdır. Yanaşma dəyişməlidir. Ümumiyyətlə qazilər, şəhid ailələri, müharibə veteranları ilə bağlı ictimai platforma səviyyəsində siyasi partiyalar, QHT və media qurumlarının birlikdə yaratdıği İşçi Qrupun "Qaynar Xətti" olmalıdır, bu sistem vasitəsilə hər bir şikayətçinin problemlərindən tutmuş onun hansı qurumun qarşısına getməyə hazırlaşdığı kimi ən xırda detal barədə belə, məlumat olmalıdır, dərhal prosesin ictimailəşdirilməsi və həllinə yönəlik plan-proqram hazırlanmalıdır. Yoxdur bu. Baş verən bütün bu olaylar Azərbaycan dövlətinin və cəmiyyətinin hərbi-siyasi immunitetini zədələyən neqativ hallardır. Gəlin görək, biz cəmiyyət olaraq, törədiləcək təxribatların qarşısını almağa, önləyici tədbirlərə hazırıqmı?"
Qayğıya ehtiyacı və əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin sədri Yasəmən Qəyyumlu rayon İcra Hakimiyyətlərinin müvafiq şöbələrinin işlək olmayan qurumlara çevrildiyini bildirib. Onun fikrincə, bu şöbələrə insanlarla işləyə bilən, təşkilatçılıq qabiliyyəti, səriştəsi olan, problemlərin, böhranın idarə olunmasını bacaran və çözüm tapa bilən şəxslər gətirilməlidir.
Hüquq müdafiəçisi Samir Kazımlı qazi və şəhid ailələrinin bir sənəd üçün onlarla quruma göndərilməsinin yolverilməz olduğunu bildirib. O təklif edib ki, bununla bağlı Ombudsman institutu təsis olunsun: "Amma bu institut bizim hazırkı Ombudsman Aparatı kimi formal xarakterli olmasın".
ADP-nin sədr müavini Taliyət Əliyev bu məsələdə dövlət siyasətinin dəyişməsinin vacib olduğunu vurğulayıb. O deyib ki, bu günə qədər 35 qazi intihar edib və təəssüf ki, bir nəfərin belə, baş verən bu faciəli olaylarla bağlı məsuliyyətə cəlb olunmasının şahidi olmamışıq. Onun fikrincə, siyasi təşkilatları, vətəndaş cəmiyyəti institutları və mediası azad, güclü olmayan toplum heç vaxt inkişaf edə bilməz. Yaşanan acınacaqlı problemlərin bir səbəbini də burada axtarmaq lazımdır.
Jurnalist Coşqun Eldaroğlu ölkədə insanların özünü ifadə etmək imkanlarının olmadığını bildirib: "İnsanların problemi həll olunmaq əvəzinə, özlərini ifadə etmək imkanları sıfra endirilir. Ölkədə insan dəyəri problemi var. Bütün sahələrdə insana münasibət bəşəri prinsiplərdən uzaqdır. Bununla yanaşı, cəzasızlıq mühiti hökm sürür. Sistemsizlik var. Hakimiyyətin fəaliyyəti bu mənada görünmür. İnsanların heç bir sosial təminatı yoxdur".
Tns.az xəbər agentliyinin baş direktoru Tural Səfərovun sözlərinə görə isə yanaşma dəyişməsə, problemin həlli olmayacaq: "Artıq açıq deməliyik ki, 44 günlük savaşda əldə etdiyimiz qələbimizə kölgə salıblar. Bu ziyanlı tendensiyanın qarşısını dövlət, cəmiyyət və xalq olaraq almaq lazımdır. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi artıq fəaliyyət istiqamətini dəyişərək, şəhid ailələri, qazilər və müharibə iştirakçılarının problemlərinin həllinə dair fəaliyyətə yönəltməlidir".
AY Partiya Başqanının müşaviri Sahib Altay çıxış edərək bildirib ki, ümumiyyətlə ölkədə ictimai və milli şüür böhranı yaşanır, bu sahədə ciddi boşluqlar var və bu istiqamətdə ictimai-siyasi maariflənmə gücləndirilməlidir. O əlavə edib ki, qazi, şəhid ailələri, müharibə veteranlarına münasibət və ya onların cəmiyyətdəki yeri məsələsində də təzadlı məqamlar çoxdur, effektiv mexanizmlərlə aradan qaldırılmalıdır.
Kifayət qədər maraqlı, əhatəli, çözümə yönəlik çıxışların edildiyi dəyirmi masanın sonunda şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə bağlı yaranan problemlərin daha çevik və effektiv yollarla həll edilməsi, bizi gözləyən böhranın qarşısına keçilməsi, artıq çox ciddi sosial gərginliyə çevrilmiş intiharların, xüsusilə də qazi intiharlarının baş verməməsindən ötrü həyata keçirilməsi zəruri bilinən müəyyən təkliflərin sistemləşdirilməsi, cəmiyyətin müzakirəsinə verilməsi, yekunda hökumətə təqdim olunması qərara alındı.
Azərbaycan Yüksəliş Partiyası Şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə bağlı problemlərin tənzimlənməsinə dair aşağıdakı TƏKLİFLƏRi təqdim edir:
1.1. Şəhid ailələri, qazilər və müharibə iştirakçılarının problemlərinin araşdırılması və həlli ilə bağlı mexanizmin hazırlanması üçün Azərbaycan Respublikasının qanunverici və icraedici orqanları, siyasi partiyalar, ictimai institutlar, Qeyri-Hökumət Təşkilatları və media nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılsın;
1.2. Azərbaycan Respublikası Milli Məclisində Şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə iş üzrə komitə (bundan sonra Komitə) yaradılsın;
1.3. Komitə tərəfindən şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə bağlı ayrıca qanun layihəsi hazırlansın;
1.4. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin (bundan sonra Agentlik) nəzdində fəaliyyət göstərən Elektron Hökumətin İnkişafı Mərkəzi (bundan sonra Mərkəz) tərəfindən "gazi.gov.az" portalı (bundan sonra Portal) yaradılsın;
1.4.1. Şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə dövlət qurumları arasında olan bütün zəruri təmaslar, əlaqələndirmələr Portal üzərindən həyata keçirilsin;
1.4.2. Portala nəzarət Agentliyə həvalə olunsun;
1.4.3. Agentlik hər rübün sonunda Portal üzərindən edilən müraciət, təklif və şikayətlər haqqında hesabat və təkliflər hazırlasın, hesabatların və təkliflərin ictimai müzakirəyə çıxarılmasını təmin etsin;
1.5. İcra hakimiyyəti orqanlarında Şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə iş şöbəsinin işi yenidən daha effektiv mexanizmdə təşkil edilsin;
1.6. İctimai nəzarət üzrə iştirakçılığın təmini üçün respublika boyu hər rayonun yerli idarəetmə strukturlarında İctimai Şuralar təsis edilsin və onların iş mexanizmi hazırlansın;
1.7. Müvafiq dövlət qurumları tərəfindən Şəhid ailələri, qazilər və müharibə iştirakçılarına ölkə miqyasında münasibətin çox həssas saxlanmasını şərtləndirən, daha çox ictimai maarifləndirici funksiyanı özündə ehtiva edən sosial, iqtisadi, inzibati və humanitar layihələr hazırlansın. Onların icrası zamanı şəffaflıq və hesabatlılığı təmin etmək məqsədilə hər altı aydan bir ictimaiyyətlə birlikdə hesabat xarakterli müzakirələr keçirilsin.
1.8. Sosial xidmətin təşkilinə yenidən baxılsın. Hökumətin bütün sahələr üzrə, o cümlədən bütün səviyyələrdə böhranın idarə olunması və çoxşaxəli kommunikasiyanın təşkili planı hazırlansın. Dövlət qurumlarında böhranın idarə olunması və böhranın aradan qaldırılması üzrə yüksək intellektə sahib peşəkar kadrlardan təşkil olunan böhran qrupları yaradılsın.