XX əsrin ən böyük faciələrindən biri olan və milyonlarla insanın məhvinə gətirib çıxaran II Dünya müharibəsinin bitməsindən 77 il ötür. Əsas aparıcıları - faşist Almaniyası ilə "xalqlar həbsxanası" adlandırılan sovet şinelinə bürünmüş rus imperiyasının daha böyük ərazilərə sahib olmaq istəkləri, bütün beynəlxalq prinsipləri ayaqlar altına ataraq bütöv dövlətləri işğal etmələri, dünya hegemonluğuna can atmaları dünya tarixində ən böyük faciələrdən birini yaşatmış oldu. Təəssüflə qeyd etmək lazımdır ki, 1920-ci ildə bolşevik Rusiyasının işğalı nəticəsində rus-sovet imperiyasına zorla birləşdirilən Azərbaycan xalqı da bu qorxunc müharibədə böyük itkilər vermiş, 300 mindən artıq vətəndaşımız bu savaşın qurbanına çevrilmişdir. Azərbaycan Yüksəliş Partiyası II Dünya müharibəsində həlak olan bütün soydaşlarımızı ehtiramla yad edir.
AY Partiya həm də təəssüflə qeyd edir ki, 1945-ci ilin 9 mayında bitən, bir imperialist qüvvənin digəri üzərində qələbəsini rəsmiləşdirən bu təqvim uzun illər, hətta SSRİ dağılandan sonra belə, bayram kimi qeyd olunmuşdur. Bu gün bu tarixin adı dəyişsə belə, mahiyyəti hələ də davam etməkdədir. Xüsusən 9 may ərəfəsində müxtəlif qurumların, təhsil müəssisələrinin bu tarixi bayram kimi qeyd etmələri, rus dilini və Rusiyanı təbliğ etmələri çox narahatedicidir və yolverilməzdir!
AY Partiya II Dünya müharibəsini tarixin ən böyük fəlakətlərindən biri hesab edir, 9 mayda faşizm üzərində qazanılan qələbədə Azərbaycan xalqının misilsiz xidmətlərini qeyd edir, eyni zamanda hesab edir ki, bu tarix sadəcə dəqiq adı, dəqiq mahiyyəti ilə yeni nəsillərə çatdırılmalıdır. 9 may -Azərbaycan xalqı da daxil olmaqla, mütərəqqi bəşəriyyətin faşizm üzərində qələbəsi qətiyyən rus imperiyasının dünyada, xüsusən Vətənimizdə təbliğat alətinə çevrilməməlidir!
AY Partiya hər hansı bir imperiyanın daxılində qazanılan qələbənin bizim dövlətçilik tariximizdə bayram statusu almasını doğru hesab etmir. AY Partiya bir daha bəyan edir ki, 9 may faşizm üzərində mütərəqqi bəşəriyyətin qələbəsidir və Rusiya tərəfinin bu qələbədə digər xalqların və dövlətlərin əvəzsiz əməyini inkar edərək qələbəni öz adına çıxarıb bundan məkrli məqsədlər üçün istifadə etməsinə etiraz edirik!