Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinə hücum Ermənistan-Azərbaycan konfliktini manipulyasiya etmək istəyən bəzi xarici güclərin istəyidir.
Azərbaycan Yüksəliş Partiyası Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olmasına (ərazi bütövlüyünün bərpa, ərazi bütövlüyü daxilidə hüquqlarının təmin olunması) qarşı çıxan xarici qüvvələrin radikal-dini qruplarının Azərbaycan Dövlətinin və Silahlı Qüvvələrinin legitim əməliyyatlarına qarşı digər dövlətlərdə müxtəlif təbliğat-təşviqat fəaliyyəti göstərməsini təəssüflə müşahidə edir, bu kimi tendensiyalardan çəkinməyə çağırır.
Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunan suveren hüquqlarını bərqərar etmək üçün tam səlahiyyətə sahibdir. 10 noyabr 2020-ci il (Azərbaycan, Ermənistan və Rusya tərəfindən imzalanan) Bəyanatında işğal olunmuş və hazırda Rusiya sülhməramlılarının məsuliyyətində olan ərazilərdə yerləşən Ermənistan Silahlı Qüvvələrinin və separatçı silahlı birləşmələrin tərksilah olunması, eləcə də ərazini tərk etməsi şərti qoyulub.
Xüsusi olaraq qeyd edək ki, Azərbaycanın strateji tərəfdaşı olan və haqlı davamızda bizim mövqeyimizi müdafiə edən Böyük Britaniya ərazisində bu cür təxribatın baş verməsi təsadüfi deyil. Görünən odur ki, Ordumuzun Qarabağ istiqamətində aktivliyi bəzi beynəlxalq gücləri ciddi şəkildə hərəkətə gətirib, həmin güclər Azərbaycanla beynəlxalq tərəfdaşları arasında pozuculuq fəaliyyəti ilə məşğuldur.
AY Partiya olaraq məsələləri yaxından izləyirik, Ermənistan Respublikasının, xaricdə təşkilatlanan erməni lobbisinin, həmçinin problemin daha da dərinləşməsində maraqlı olan xarici qüvvələrin müxtəlif yollarla qarşıdurma predmeti yaratmasını kəskin şəkildə pisləyir, bunun heç bir halda cavabsız qalmayacağını bəyan edirik.