Azərbaycan Yüksəliş Partiyasının Beynəlxalq Müəllimlər Günü ilə bağlı təbriki
Bu gün Beynəlxalq Müəllimlər günüdür.
Müəllim adı həmişə uca tutulub. Bu adın əzəməti müəllim peşəsinin mahiyyətindən irəli gəlir. Hər hansı bir cəmiyyətin inkişafında müəllimlərin danılmaz əməyi olur. Məhz onların beyinlərə səpdiyi toxumlar bar verəndə ən adi bir insan kamil şəxsiyyətə çevrilir. Əsl müəllimlərin çox olması, həmişə hər bir toplum üçün qazanc hesab olunur.
Bu gün ölkəmizdə hər hansı bir sıxıntı və ehtiyaca baxmayaraq, öz ləyaqətini qoruyan şərəfli müəllimlər yetərincədir. Hər dəfə seçki keçiriləndə hakimiyyətin əlində alət olmayan, istənilən qanunsuzluqda iştirak etməkdən boyun qaçıran müəllimlər hər cür hörmət və ehtirama layiqdirlər. Halal zəhmət və gərgin əməklə yaşamağı üstün tutan, təmiz yaşamaqdan qürur duyan müəllimlər hər birimizin qürur yeri, güvənc mənbəyidir.
Azərbaycan Yüksəliş Partiyası müəllim adını şərəflə daşıyan bu peşənin sahiblərini təbrik edir, bildirir ki, Azərbaycanın onlara çox ehtiyacı var, gələcəyimiz belə müəllimlərin çiyni üstündə yüksələcək.