Bu gün Azərbaycan Yüksəliş Partiyasının heyəti olaraq istedadlı rejissor-aktyor Taleh Yüzbəyovun çəkdiyi "Zəhər tuluğu" filminə baxdıq. Filmin ölkə və cəmiyyətin sosial problemlərinə güzgü tutması, xalqın diliylə danışması, toplumu sənət vasitəsilə özünə göstərməsi sevindirici idi. "Balıq başdan iylənər" deyirlər, ancaq sağlam və xoşbəxt cəmiyyətin qurulması peşəsindən asılı olmayaraq, hər bir fərddən və vətəndaşdan da asılıdır. Film həm də bunu deyirdi. Cəmiyyətdə hökm sürən ümumi aqressiya heç də elə-belə, adamların şəxsi məsələsi deyil.
Ümid edirik, yaradıcı insanlara daha böyük və azad meydan veriləcək və cəmiyyət olaraq təkcə ictimai-siyasi mübarizə metodları ilə deyil, elə həm də incəsənətin, mədəniyyətin yarada biləcəyi incə təsir imkanları ilə mentallığın, korrupsiyanın, laqeydliyin yaratdığı problem və bəlalardan qurtulacağıq.
Filmin yaradıcı heyətinə toplumu narahat edən məsələləri böyük ekrana daşıdığı üçün minnətdarlığımızı bildirir, uğurlar diləyirik. Düşünürük ki, cəmiyyətin bu xəstəliklərdən qurtulması üçün bütün kəsimlərin, düşünən beyinlərin fikirlərini almaq, sənəti daha böyük qüvvəyə çevirmək lazımdır. Bu mənada Taleh Yüzbəyov və komandası ilə sözügedən mövzuları birgə müzakirə etməkdən məmnun olacağımızı bildiririk.