“Tərtər işi”nin araşdırmaçılarından olan ictimai fəal İlham Aslanoğlu yanvarın 28-də Yevlax rayon məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayət törətmək haqqında böhtan) maddəsi ilə təqsirli bilinərək, beş ay müddətinə həbs cəzasına məhkum edilib.
AY Partiya hesab edir ki, İlham Aslanoğlunun həbsi ölkədə siyasi, söz və ifadə azadlığına qarşı təhdiddir, müstəqil məhkəmə sisteminin olmamasının bariz sübutudur.
Bu cür həbslər, təqiblər Azərbaycanda az da olsa, rüşeymləri olan açılım prosesinə, məmur özbaşınalığına qarşı müəyyən tədbirlərin görüləcəyinə inamı dərindən sarsıdır, Vətən müharibəsi zamanı yaranan birliyi parçalamağa zəmin yaradır. Bu, həm də Tərtər hadisələri ilə bağlı yenilənən istintaqın ədalətli olacağına bəri başdan kölgə salır.
AY Partiya İlham Aslanoğlunun dərhal azadlığa buraxılmasını, hakimiyyətlə əlaqədar tənqidi fikir səsləndirən digər şəxslərə qarşı da təzyiqlərin dayandırılmasını tələb edir, hakimiyyəti fikir və söz azadlığının təmin olunması istiqamətində addımlar atmağa çağırır.