Azərbaycan tarixinin şərəfli günlərindən biri də dövlət müstəqilliyinin bərpası günüdür.
Ötən əsrin sonlarında baş verən tarixi hadisələr və Azərbaycanda geniş vüsət tapan Milli Azadlıq hərəkatından sonra, 1991-ci ilin 18 oktyabrında ölkə parlamentində Dövlət Müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı qəbul edildi.
1918-20 illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətindən sonra ölkəmiz ikinci dəfə müstəqilliyinə qovuşdu. Bu tarixi hadisənin iştirakçılarının çoxu isə Milli Azadlıq hərəkatının təmsilçiləri olan istiqlalçı deputatlar idi. Aradan keçən bu müddətdə Milli Azadlıq mübarizəmizin simvoluna çevrilən xeyli sayda istiqlalçı deputat dünyasını dəyişib.
Dövlət Müstəqilliyinin bərpa olunmasının 30 ilinin tamam olduğu bu tarixi günlərdə həmin mübarizənin ağırlığını öz çiynində daşıyıb, Konstitusiya Aktını hazırlayan 43 istiqlalçı millət vəkilinin xidmətləri bir daha yada salınmalıdır. Onların gördüyü işlərə, gec də olsa, qiymət verilməlidir. Dünyasını dəyişən millət vəkillərinin adı hər yerdə hörmətlə çəkilməli, onların xatirəsi əziz tutulmalıdır. Həyatda olan istiqlalçı deputatların isə əməyi layiqli şəkildə qiymətləndirilməli, onlar "Şərəf" və "İstiqlal" ordenləri ilə təltif olunmalı, hər birinə fərdi təqaüd verilməlidir.
Azərbaycan Yüksəliş Partiyası hesab edir ki, artıq 30 ildir, qeyd etdiyimiz 18 oktyabr günündə bu addımın atılması onların unudulmaz əməyinə verilən qiymət olmaqla yanaşı, həm də tarixi ədalətin bərpasına xidmət edər. Belə bir addım İkinci Qarabağ Savaşından sonra Zəfər qazanan ölkəmizin adına çox yaraşar, hər kəsə başucalığı gətirər.
Dövlət müstəqilliyimizin 30 illiyi ilə bağlı hər kəsi təbrik edir, müstəqilliyimizin daimi olmasını arzulayırıq.