Azərbaycan Yüksəliş Partiyasının böyük öndər Məhəmməd Əmin Rəsulzadənin yaxın silahdaşı Mirzə Bala Məmmədzadənin anım günü ilə əlaqədar mesajı
Martın 8-i Məhəmməd Əmin Rəsulzadənin yaxın silahdaşı olmuş dramaturq, tərcüməçi, böyük şəxsiyyət Mirzə Bala Məmmədzadənin anım günüdür.
1898-ci il mayın 24-də anadan ilan Mirzə Bala Məmmədzadə Rus-tatar, Bakı Texniki Sənaye məktəblərində təhsil alarkən, ədəbi yaradıcılığa başlayıb, 1912-ci ildə ilk kitabı "Nəfi-elm və yaxud elmin sonu" çap olunub.
O, həmin dövrdən etibarən müxtəlif qəzetlərdə yazılarla çıxış etməyə başlayır. 1915-ci ildə M.Ə.Rəsulzadənin nəşr etdirdiyi “Açıq söz” qəzetinə ara-sıra məqalələr yazan Mirzə Bala Məmmədzadə sonradan həmin qəzetin işində fəal iştirak edir.
1917-ci il fevral inqilabından sonra açıq siyasi fəaliyyətə qoşularaq Müsavat Partiyası sıralarına daxil olur.
Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən dərhal sonra bir müddət partiya nəzdində yaradılmış "Gənclər cəmiyyəti"nin orqanı olan "Gənclər yurdu" jurnalına redaktorluq edir. O dövrdə AXC parlamentində stenoqrafçı işləyən Məmmədzadə 1919-cu ilin oktyabrında Müsavat Partiyası Bakı Komitəsinin üzvü seçilir. Həmin ilin sentyabrında Azərbaycan Dövlət Teatrında onun 1918-ci il mart soyqırımıdan bəhs edən "Bakı uğrunda mübarizə" pyesi tamaşaya qoyulur.
Aprel işğalından sonra M.B.Məmmədzadə Bakıda Gizli Müsavatın Mərkəzi Komitəsinin sədri kimi fəaliyyət göstərməklə yanaşı, 1923-cü ilə qədər həmin qurumun orqanı olan "İstiqlal" qəzetini nəşr etdirir. 1923-cü ilin iyulunda "İstiqlal" qəzetinin mətbəəsi yerli hökumət orqanları tərəfindən aşkar edildikdən sonra Gizli Müsavat təşkilatının üzvləri həbs olunduqda M.B.Məmmədzadə həbsdən yayına bilir. Sonra İranın Ənzəli şəhərinə gedərək, buradakı mühacirlərin fəaliyyətinə başçılıq edir.
M.B.Məmmədzadə 1927-ci ildə Türkiyəyə köçür, elə həmin il İstanbulda onun "Azərbaycan misaqi-millisi: 28 Mayıs İstiqlal Bəyannaməsinin təhlili", "Ermənilər və İran" kitabları çap olunur. M.Ə.Rəsulzadənin redaktorluğu ilə çıxan "Azəri türk" (1928-31) və "Odlu yurd" (1929-31) jurnalları, habelə "Azərbaycan yurd bilgisi" jurnalı ilə də yaxından əməkdaşlıq edir.
M.B.Məmmədzadə mühacirət illərində İstanbul Universitetinin hüquq fakültəsini bitirir. 1931-ci ildə Sovet İttifaqının tələbi ilə Türkiyə hökuməti Müsavatın xarici bürosunun Türkiyədə fəaliyyətini qadağan etdikdən sonra Rəsulzadə və digər silahdaşları ilə birlikdə İstanbulu tərk edərək Varşavaya köçür. İkinci Dünya Müharibəsinin başlanması və Polşanın Almaniya tərəfindən işğalı ilə əlaqədar yenidən İstanbula dönən M.B.Məmmədzadənin "Milliyyət" və "Cümhuriyyət" qəzetlərində, "Türk ensiklopediyası"nda, "İslam ensiklopediyası"nda və digər nəşrlərdə Azərbaycan tarixinə dair çoxlu məqaləsi dərc edilir. 1949-cu ildə M.B.Məmmədzadənin yaxından iştirakı ilə Ankarada Azərbaycan Kültür Dərnəyinin əsası qoyulur. 1954-cü ildən Münhendəki SSRİ-ni öyrənən institutda çalışır, burada iki il elmi şuranın sədri, iki il isə sədr müavini vəzifəsini icra edir. Türkiyənin bir çox qəzet və jurnallarında da onun SSRİ-dəki totalitar rejimi kəskin tənqid edən məqalələri və Azərbaycan mədəniyyəti, ədəbiyyatı ilə bağlı çoxsaylı yazıları dərc olunur.
M.Ə.Rəsulzadənin vəfatından (1955) sonra Müsavat Partiyasına və Azərbaycan Milli Mərkəzinə rəhbərlik edir.
Mirzə Bala Məmmədzadə 1959-cu ilin mart ayının 8-də İstanbulda ürək xəstəliyindən dünyasını dəyişir, Qaracaəhməd məzarlığında dəfn edilir.
Azərbaycan Yüksəliş Partiyası Mirzə Bala Məmmədzadəni sayğı ilə anır.
Ruhu şad olsun!