İstehlak bazarındakı bahalaşma elə bir sürət götürüb ki, Azərbaycanda normal yaşamaq hər gün daha da mümkünsüz hala çevrilməkdədir. Xüsusilə gündəlik tələbat mallarının qiymətlərinin, az qalsın həftəlik planla dəyişməsi vəziyyəti dözülməz edib. Marketlər, bazarlar bahalaşmadan od tutub yanır. Ölkə sanki daha çox, son illər qlobal iqtisadiyyatın sağalmaz yarasına çevrilən idxal inflyasiyasının girovuna çevrilib. Bununla belə, Azərbaycanda istehsal xərclərinin artması da yerli məhsulların bahalaşmasında əsas rol oynayır. Ötən ildən bu yana tənzimlənən məhsulların – yanacağın və suyun, təbii qazın qiymətlərinin artırılması da istehsalın maya dəyərini yüksəldib. İnflyasiyanı sürətləndirən daha bir amil isə istehlak xərclərinin artması, yəni tələbin yüksəlməsi faktorudur.
Rəsmi rəqəmlərə inansaq, bu ilin yanvar-avqust aylarında Azərbaycanda inflyasiya 12,9% təşkil edib, o cümlədən hökumət iddia edir ki, qida məhsulları üzrə qiymət indeksi 20%-dək artıb. Dövlət Statistika Komitəsi iyun ayında Azərbaycanda 0,1 faizlik deflyasiya qeydə alındığını açıqlayıb. Komitənin yaydığı məlumata görə, 2022-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyun aylarına nisbətən 12,9 faiz artıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları 18,4 faiz, qeyri-ərzaq məhsulları 6,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 10,3 faiz bahalaşıb. Məlumatda qeyd olunur ki, cari ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, əvvəlki ilin iyun ayına nisbətən 14,2 faiz təşkil edib.
Cədvəl 1.
İyun ayında ötən ilin eyni ayı ilə müqayisədə ərzaq məhsulları 21,3 faiz, qeyri-ərzaq məhsulları 7,4 faiz, ödənişli xidmətlər 10,9 faiz bahalaşıb. Ötən ayda əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, düyünün, vaflinin, peçenyenin, manna yarmasının, kolbasa məmulatlarının, toyuq ətinin, pendirin, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, kivinin, limonun, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, limonadın, pivənin, tütün məmulatlarının, ucuzlaşma isə əsasən mal ətinin, bananın, gilasın, albalının, əriyin, xiyarın, pomidorun, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın, sarımsağın qiymətlərində müşahidə olunub.
Bununla belə, bahalaşma dalğası qeyd olunan rəqəmləri getdikcə şişirdir ki, bu da ümumi inflyasiya rəqəmini artırmaqda davam edir. Ölkədə mövcud bahalaşmanın iqtisadi aktivlik dərəcəsindən qabaqda getdiyini təsdiqləyən həm də bunun ilin əvvəlindən başlaması faktorudur. Bunlar rəsmi rəqəmlərdir. Halbuki minimum istehlak səbətinə daxil olan ərzaq malları üzrə qiymətlərin real artım səviyyəsi belə deməyə əsas vermir. Apardığımız müşahidələr əsasında deyə bilərik ki, ilin ilk 8 ayının nəticəsinə görə, ölkədə ümumi planda qida və ərzaq məhsulları üzrə real istehlak qiymətləri indeksi rəsmi rəqəmlərdən üç-dörd dəfə çoxdur. Payız-qış mövsümünə doğru tələbatın daha da artacağını nəzərə alsaq, bu rəqəmlərin böyüyəcəyi istisna edilmir.
İlin əvvəlindən artan inflyasiya və bahalaşmaya qarşılıq hökumət nümayəndələrinin dilindən bir neçə aydır ki, əhalinin gəlirlərinin guya 20 faiz artdığı bildirilir. Halbuki bahalaşma o qədər sürətlə gedir ki, həmin 20 faiz artım gözə belə görünmür. Gəlin, bazara çıxaq, marketlərə daxil olaq, son 7-8 ayda, ən az 40-50 faiz bahalaşmayan qida, ərzaq, digər təməl ehtiyac məhsullarını demək olar ki, tapa bilməyəcəyik. Ötən ilin bu vaxtı ilə müqayisədə qiyməti iki, hətta üç dəfəyə qədər artan zəruri məhsullar var. Keçən ilin indiki aylarında 100 manata etdiyimiz alış-verişin bu gün yarısını belə, etmək mümkün deyil. Əhalinin orta və aşağı gəlirli təbəqəsi ölkədə vüsət götürən bu bahalaşmadan ciddi narazıdır. Aylıq orta qazanc əhali qruplarına yaşamaq üçün zəruri olan qida və ərzaq məhsullarını, meyvə-tərəvəzi tədarük etmək üçün kifayət etmir. Gəlirlərinin 70 faizə qədərini bu kimi xərclər təşkil edən əhalidən ötrü bunun nə demək olduğunu izah etmək üçün iqtisadçı alim olmağa gərək yoxdur. Sağlamlıq və digər sair sosial-məişət xərclərini də əlavə etsək, acınacaqlı tablo ilə qarşılaşacağımız şübhə doğurmur. Adicə bir misal çəkək: bir ay əvvəl ƏDV-siz 2.30 manata tədarük etdiyimiz manna yarmasının bu günə olan ƏDV-siz qiyməti 3.45 manat olub, yəni qiymət artımı 50% təşkil edib. Daha dəqiq ifadə eləsək, əvvəlki qiymətlə bir manna yarması üçün ödədiyimiz ƏDV təxminən 40 qəpik idisə, bu gün həmin məhsul üçün cibimizdən çıxan ƏDV 60 qəpik olub. Bu göstərici, demək olar, bütün mal qrupları üzrə eyni formada artmaqdadır. Hökumətin öyünərək vergi yığımlarında rekord hədd müəyyənləşdirməsi xəbərləri onların xüsusi istedadı və əməyi yox, sadəcə, şişən idxal qiymətləri fonunda artan ƏDV yığımlarıdır ki, bu da nəticə etibarilə xalqın cibindən çıxarılan puldur.
Cədvəl 2.
Ölkədə staqnasiya prosesi, yəni artan inflyasiya və bahalaşma fonunda əhalinin pul gəlirlərinin sürətlə azalması baş verməkdədir və bu, daha təhlükəli sosial-iqtisadi böhranlar üçün həyəcan təbili sayıla bilər. Bütün bunlar azmış kimi, un və un məmulatlarının, xüsusilə də çörəyin qiymətinin qəfil qalxması artıq əsaslı narahatlıqlara səbəb yaradıb. Azərbaycanın iri un və çörək istehsalçılarının yaydığı birgə məlumatda qeyd olunur ki, "...yaranmış vəziyyətdə idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi – 40,70 manat" müəyyənləşib.
Burada çox qəribə və anlaşılmayan bəzi məsələlərin olduğu şübhəsizdir. Bunlardan ən başlıcası hər hansı bir mal qrupu üzrə qiymətin "yuxarı həddinin" təyin edilməsi prosesidir. Sual oluna bilər ki, bu həddi kim müəyyən edir, əgər dövlət inzibati yollarla bu prosesə müdaxilə etmirsə, o zaman belə çıxır ki, bu cür hədd muəyyənləşdirmə monopolistlərarası kartel razılaşmasıdırmı? Hətta belədirsə, o zaman niyə qiymətin aşağı həddi yox, məhz yuxarı həddı müəyyənləşdirilib? Çünki görmüşük adətən bazarda müəyyən çəkiyə malik iri şirkətlər, hətta anti-inhisar qanunvericiliyinin pozulması bahasına da olsa, bir araya gəlib qiymətlərin "aşağı həddini" müəyyənləşdirərlər. Azərbaycanda isə monopolist mövqe tutan iri un və çörək istehsalçıları yüksək qiymət həddi müəyyən etdi ki, bu da bazar iqtisadiyyatı prinsiplərilə heç cür uyğun gəlmir. Çünki hansısa malın qiymətinin yuxarı həddinin müəyyənləşməsi, haradan baxarsaq baxaq, problemli məsələdir. Ya kimsə çıxıb, unu daha baha qiymətə satsa, onda nə baş verəcək?! Medianın bu xəbərləri bəh-bəhlə tirajlaması isə avtomatik olaraq işin içində hökumətin də "barmağının olması" şübhələrini yaradır. Belə olan halda, bu prosesin necə baş verdiyi, buna kimin nəzarət etdiyi, hansısa ticarət subyektinin birdən unu baha satmağa qalxsa, onunla bağlı nələrin baş verə biləcəyi, cəza tədbirlərini kimin, hansı formada tətbiq edəcəyi də anlaşılan deyil.
Həqiqət budur ki, siyasi hakimiyyətə yaxınlığı şübhə doğurmayan iri un istehsalçıları özlərini kartel kimi göstərməmək üçün "qiymətin aşağı həddi"ni yox, məhz "qiymətin yuxarı həddini" ictimaiyyətə təqdim etdilər (daha çox sırıdılar), yəni bir növ bundan sonra unun 50 kq-lıq kisəsini 40,70 manatdan aşağı satmamaqla bağlı razılıq əldə ediblər, hökumət isə buna "yaşıl işıq" yandırmağa, ən yaxşı halda, müəmmalı şəkildə məcbur qalıb.
Görünən budur ki, Azərbaycanda iqtisadiyyatın böyük bir hissəsi, xüsusilə idxal olunan (eyni zamanda ölkədə kütləvi surətdə istehsal və emal edilən) gündəlik tələbat mallarının, qida və ərzaq, meyvə-tərəvəz məhsullarının topdan və pərakəndə satışının 90 faizi uzun illərdir, mövcud olan oliqarxik məmur iqtisadiyyatının inhisarında olduğundan, bahalaşmada, elə ya belə siyasi hakimiyyətə yaxınlığı şübhə doğurmayan biznes dairələrin marağının olduğu da istisna oluna bilməz.
Azərbaycan Yüksəliş Partiyası bildirir ki, ölkədə inflyasiya və bahalaşmanın real səviyyəsi açıqlanan rəsmi rəqəmlərdən cox fərqlənir. Bunu hər on beş gündən bir alış-veriş mərkəzlərinə, marketlərə, bazara gedərək real müşahidələr aparmaqla da görmək mümkündür. Bəzi istisnaları çıxmaq şərtilə, qlobal iqtisadiyyatda yaşanan bir çox neqativ halları da nəzərə almaqla, bu gün ölkədaxili bazarda baş verənləri təbii bahalaşma da hesab etmək olar.
AY Partiya hesab edir ki, hökumət bunun qarşısını inzibati yolla ala bilməz. Bu cür cəhdlər iqtisadiyyatı, sahibkarları ciddi problemlərlə üzləşdirə bilər. Ona görə də, bahalaşmadan sığortalanmaq üçün yalnız əhalinin gəlirləri artırılmalı və bundan ötrü müvafiq addımlar atılmalıdır. Hökumət təcili surətdə təxirəsalınmaz və preventiv addımlar atmasa, iqtisadi böhranın dərinləşməsi və əhalinin pul gəlirlərinin azalması fonunda ciddi sosial partlayışın baş vermə ehtimalı qaçılmaz olacaq.
Azərbaycan Yüksəliş Partiyası aşağıdakı təxirəsalınmaz tədbirlərin görülməsini vacib hesab edir:
(Ötən ilin sonlarından etibarən qlobal neft-qaz qiymətlərindəki kəskin artımlar sayəsində neft-qaz ixracatçısı olan Azərbaycanın son 8 ay ərzində xarici ticarət dövriyyəsində 15 milyard ABŞ dollarına yaxın müsbət saldosu yaranıb).
(Bunlar subsidiya, vergi güzəştləri, eyni zamanda istehsal prosesində istifadə olunan xammalın və digər zəruri komponentlərin idxalına gömrük güzəştləri, o cümlədən kənd təsərrüfatı ilə məşğul olan fermerlərə, iri, orta və kiçik sahibkarlara uzunmüddətli, aşağı faizli və güzəştli kredit imkanlarının yaradılması şəklində ola bilər).
(İlk olaraq “Rəqabət Məcəlləsi” qəbul edilməli, onun tətbiqinə dövlət nəzarəti həyata keçirilməlidir. Nəzərdə tutulan bütün bu proseslər şəffaf şəkildə həyata keçirilməlidir).