COVID-dən ölməyənləri karantin tədbirləri öldürməsin!
Azərbaycan Yüksəliş Partiyasının yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirləri ilə əlaqədar təkliflər paketi:
Bir ildir ki, dünya COVID-19 pandemiyiası ilə mübarizə aparır. Hər bir ölkə sərhədləri daxilində müxtəlif tədbirlər görür. Görülən tədbirlərin ciddilik və sərtlik dərəcəsi həmin ölkədəki sanitar-tibbi vəziyyətə düz mütənasib ölçülərdə müəyyən edilir. Lakin ölkəmizdə heç bir tibbi və pandemik əsası olmayan, nə elmə, nə də düz məntiqə uyğun gələn tədbirlər görülməkdədir ki, bu da cəmiyiyəti narahat etməyə bilməz. Narahatlıq stresin, stress isə koronavirusun əsas səbəbkarıdır. Belə çıxır ki, TƏBİB-in və rəsmi qurumların tədbirləri əksinə, virusun yayılmasına xidmət edir.
Bir məsələnin altını çizmək lazımdır: dövlətlərin iqtisadi gücünü zəiflədən virusun özü deyil, karantin tədbirlərinin yanlış tətbiqidir. Virus var və onunla mübarizə aparılmalıdır. Məsələ virusun olub-olmamasında deyil. Məsələ, virusla mübarizə apararkən cəmiyyətin normal həyatı üçün lazım olan bütün sistemin dağıdılmasıdır. Yəni, qaş düzəltmək istərkən, olan-qalan gözümüzü də vurub çıxarmaq təhlükəsi var. İqtisadi böhranın əsas səbəbi də idarəçilikdə buraxılan səhvlərdir. Karantin rejiminin virus ilə birəbir əlaqəsi olmayan qadağalarının nəticəsi və təsiri virus üzərində qələbə qazanılandan sonra da hələ uzun müddət cəmiyyətdə hiss ediləcək.
Azərbaycanda epidemioloji vəziyyətin orta dərəcədə olduğunu, insanlarımızın əksərən qoruyucu tədbirlərə əməl etdiklərini, hər bir ailənin sosial və iqtisadi vəziyyətinin gedərək çox ağırlaşdığını, makro və mikro iqtisadi göstəricilərin çox aşağı düşdüyünü, qadağalarla paralel olaraq hökumətin əhaliyə yardımlarının yetərsizliyini, günəmuzd işləyənlərin ümumi işləyən əhalinin önəmli bir hissəsini təşkil etdiyini və virusa qarşı peyvəndin artıq istehsal və istifadə edilməyə başladığını nəzərə alaraq təklif edirik:
1. Bütün növ iaşə müəssisələri və ticarət obyektləri karantin rejiminə uyğun işə başlasın. Kiçik mağazalara 3 nəfərdən, orta həcmli obyektlərə 5 nəfərdən artıq olmadan içəriyə giriş məhdudlaşdırılmaqla, daxil olan hər kəs maskadan istifadə etmək şərtiylə ticarət obyektləri fəaliyyəti bərpa edilsin;
2. Qış fəsli olduğu nəzərə alınmaqla mövcud hava şəraitində fəaliyyət göstərən qapalı kafe və restoranlarda sosial məsafə saxlanılmaqla və işçilərin karantin rejiminə uyğun şəkildə davranmasını təmin etməklə fəaliyyət bərpa oluna bilər. Hətta bayırda gözləməmək üçün öncədən onlayn rezervasiya rejimi tətbiq edilsin;
3. Dəniz kənarında və parklarda gəzintilərə qoyulan məhdudiyyət götürülsün. Ölkə əhalisi daha çox təmiz hava qəbul etməlidir. Bu, immun sistemi üçün çox vacibdir. Bütün növ ağ ciyər xəstəliklərinin birinci dərmanı təmiz havada bol vaxt keçirmək və dənizdir;
4. 3 saatlıq sms icazə rejiminin virusun yayılmasının qarşısını ala bilməməsi səbəbindən və qış aylarında onsuz da insanların soyuqda (idman və gəzintilər xaric) çox vaxt keçirmədikərini, bu rejimin tətbiqinin ümumiyyətlə faydasından çox ziyan vurması nəzərə alınaraq icazə sistemi aradan qaldırılsın;
5. Metro bağlandıqdan sonra avtobuslarda yaşanan qələbəlik çox təhlükəlidir. Ona görə də limitli şəkildə metronun açılması daha məqsədəuyğun olardı. Ən azından iş icazəsi olanların metrodan istifadəsi təmin edilsin;
6. Azərbycanda, xüsusi ilə də Bakıda rəsmi çəkildə “Marşrut taksi” xidməti bərpa edilsin. Ağzına kimi dolu avtobuslara minməkdənsə, nisbətən baha, amma daha rahat olan bu nəqliyyat növündən vətəndaşlarımız istifadə etməklə avtobuslardaki qələbəliyin də aradan qalxmasına yardımcı olacaqlar;
7. Rayonlarda evi və ya ata-baba yurdu, Bakı və digər böyük şəhərlərin ətrafındaki kəndlərdə, qəsəbələrdə bağ evi olan vətəndaşların ailələri ilə birgə ən azından öz minik avtomobilləri ilə səyahət əngəli olmasın. Ehtiyac olduğu halda yollarda yoxlamalar zamanı vətəndaşın şəxsiyyət vəsiqəsindəki doğum yeri ilə qeydiyyat yerini tutuşdurmaqla sui-istifadələrin qarşısı alına bilər.
8. Bütün bu tədbirləri doğru və hərtərəfli şəkildə tətbiq etmək üçün səhiyyə naziri yeni, peşakar, daha gənc birisi ilə əvəzlənsin, nazirliyin struktur və idarəçiliyində vacib dəyişikliklər edilsin, vətəndaşların müraciət edəcəyi konkret qurum olsun. Bu qurum tam işlək hala gətirilsin, vətəndaşlar Səhiyyə Nazirliyi və TƏBİB arasında qalmaqdan qurtulsun;
9. Əsasən koronaviruslu xəstələrin müalicəsi üçün lazım olan bütün dərman və preparatları gömrük rüsumlarından tamamilə azad olunsun, onların gətirilməsi monopoliyadan çıxarılsın;
10. Karantin tədbirləri çərçivəsində qurulan və yoxlamalar ilə sosial həyatın axışını iflic edən blok-postlar tamamilə ləğv edilsin, vacib olduğu hallarda selektiv üsul ilə nəqliyyatın ümumi axınına əngəl yaratmadan, standart yoxlamalar formasında həyata keçirilsin;
11. Dayanacaqlarda, qapalı məkanlarda, qələbəlik olan yerlərdə maska rejiminə nəzarət gücləndirilsin;
12. Pandemiyadan dolayı iş yerini itirmiş, müflis olmuş, maddi vəziyyəti çox aşağı həddə çatmış vətəndaşlara dövlət yardımının məbləği artırılsın, yeni iş yerlərinin açılması üçün iqtisadiyyat sahəsindəki islahatlar vaxt itirilmədən həyata keçirilsin. COVID-in öldürmədiyi bərbərlər, satıcılar, ustalar, ümumilikdə xidmət sektorunda çalışanlar, pandemiyadan dolayı bütün gəlirlrindən məhrum olan ailələr aclıqdan ölməsin;
13. Vətəndaşların bank borclarının aylıq faizləri ilə birlikdə ödənilməsi banklar tərəfindən 3 ay sonraya təxirə salınsın, bankların kiçik və orta sahibkarlara pandemiiyanın sonuna qədər faizsiz kredit verməyinın proqramı tərtib edilsin;
14. Ölkənin bütün ictimai-siyasi qüvvələri ilə hökumətin əlaqədar qurmları arasında geniş dinləmələr və müzakirələr aparılsın, bütün tədbirlərin həyata keçirilməsi üçün xalqın dəstəyi təmin edilsin;
15. Virusa yoluxmuş şəxslərin evlərinə dərman və zəruri qida məhsullarını gündə bir dəfə olmaq şərti ilə nağd və ya nağdsız ödəniş formasında müəyyən edilmiş (könüllülər, bələdiyyələr, sosial müdafiə qurumları) dövlət və publik orqanlar çatdırsın.
16. Dövlət orqanlarında sənədlərlə baglı, xəstəxanalar və poliklinikalarda qəbullar üçün işlək və həqiqi onlayn növbə sistemi tətbiq olunsun, bu məsələ bir çox idarələrdə gördüyümüz kimi sözdə deyil, əməldə həllini tapsın.