Hər iki ölkənin rəsmi gömrük məlumatları belə deməyə əsas verir
“Ümumdünya ticarətində mal dövriyyəsi və gömrük əməliyyatlarında baş verən dəyişikliklərlə bağlı məlumat bazalarının dolğun və dəqiq işləndiyi platformalardan ən etibarlısı "Comtrade" dataları hesab oluna bilər”.
Bunu “Xəbər365”ə Azərbaycan Yüksəliş Partiyasının İqtisadi məsələlər üzrə müavini Rəşad Bakuvi deyib.
Onun sözlərinə görə, əsasən, gömrüklə bağlı məlumatların müqayisə edilməsi baxımından etibarlı mənbədir.
“Azərbaycanın məhsul idxal etdiyi ölkələrin rəsmi gömrük informasiyaları ilə ölkəmizin müvafiq məlumatlarını qarşılaşdırdıqda isə çox maraqlı və qəribə nəticələr ortaya çıxıb. Təkcə bir mal pozisiyası üzrə - gömrük əmtəə kodu "040510" olan kərə yağına dair məlumatlar götürülməklə, "Güzgü statistikası" prinsipi əsasında ixracat ölkələrinin məlumatları ilə bizim gömrüyün məlumatlarını tutuşduran tanınmış iqtisadçı Rövşən Ağayev çox maraqlı rəqəmlərin üzərinə işıq salıb. Məlumatları təhlil edərkən tərəfdaş ölkələrlə Azərbaycan gömrüyünün məlumatlarının, az qalsın, iki dəfə fərqləndiyi bizi təəccübləndirməyə bilməzdi”, - deyə o bildirib.
Rəşad Bakuvinin bildirdiyinə görə, Yeni Zelandiya gömrüyü bəyan edib ki, ötən il (2020-ci il) Azərbaycana təxminən 15.5 milyon ABŞ dolları dəyərində 3,7 min ton (3 milyon 700 min kiloqram) kərə yağı ixrac edib - hər kiloqramı 4,20 ABŞ dollarına. Azərbaycan gömrüyünün müvafiq məlumatına görə, həmin dövrdə Yeni Zelandiyadan 34,4 milyon ABŞ dolları dəyərində 7,1 min ton (7 milyon 100 min kiloqram) kərə yağı idxal edilib - hər kiloqramı 4,80 ABŞ dollarına: “Həcm planında arada 4,6 min ton (4 milyon 600 min kiloqram) fərq var. Çox böyük fərqdir. Malın ümumi dəyərində də nəzərə çarpacaq fərq var: 18 milyon 900 min ABŞ dolları.
Əvvəlcə onu qeyd edim ki, kərə yağı qida rasionunda insan orqanizmi üçün ən mühüm komponentdir və qida təhlükəsizliyi baxımından onun mənşəyi, istehsal şəraiti, keyfiyyəti, standartlara cavab verməsi dövlətin nəzarət etməli olduğu ən ciddi işlərdən biridir.
İndi gələk əsas məsələyə. Yuxarıda iki ölkənin təqdim etdiyi gömrük rəqəmlərinin kəskin fərqləndiyini gördük. Ya məlumatlar bazaya yanlış işlənib, ya da ortada fırıldaqçılıq əlamətləri var. Yeni Zelandiya inkişaf etmiş, kifayət qədər şəffaf iqtisadiyyata malik ölkədir və onun beynəlxalq informasiya bazalarının toplandığı platformalara yanlış məlumatlar göndərməsi ağlabatan görünmür. Azərbaycan gömrüyünün isə son illərə qədər monopoliyaların əlində əsas varlanma rıçağı olması təcrübəsi deməyə əsas verir ki, bizimkilərdən nə desən, gözləmək olar. Fakt ortadadır və çox şübhəlidir”.
Başqan müavini soruşur ki, görəsən, işbaz Azərbaycana "Yeni Zelandiya yağı" adı altında (hətta orijinalının qiyməti ilə) mənşəyi, tərkibi, qatqıları, keyfiyyəti bəlli olmayan, saxtalıq ehtimalı yüksək olan (ən azı Yeni Zelandiya mənşəli deyil) kərə yağını ölkəyə gətirərək, insanlarımıza yedirdir?
“Saxta ona görə dəyirəm ki, fakt, bir inkişaf etmiş dövlətin satdığı malın miqdarı, tədarük edib idxal edilən ölkəyə iki dəfə artıq həcmdə rəsmiləşdirilərək daxil olub.
Yeni Zelandiya gömrüyü öz ölkəsindən Azərbaycana satılan kərə yağının miqdarını gömrük ixrac bəyannamələri üzrə bəyan edir ki, bu qədər satmışıq, bu qiymətə satmışıq. 200-ə yaxın ölkəyə məhsul ixrac edən inkişaf etmiş, şəffaf iqtisadiyyata malik bu Şərq ölkəsinin satdığı, ixrac etdiyi malı az göstərməsini düşünmək sadəlövhlük olardı, çünki buna lüzum yoxdur. Ancaq buna baxmayaraq, bəyan olunan rəqəmlərdən çıxan nəticə ilə Azərbaycan gömrüyü yeni zelandiyalıları, az qalsın, yalançı çıxararaq "sənət-sübut"la iddia edirlər ki, 2020-ci ilin 12 ayı ərzində onlardan olduğundan 4,6 min ton çox kərə yağı almışıq.
Ola bilsin, hansısa işbazlar hansısa ölkələrin birində bəlli olmayan üsullarla kərə yağı istehsal edib onu "Yeni Zelandiya yağı" kimi Azərbaycan bazarına sata biliblər ki, belə böyuk fərq meydana çıxıb. Yoxsa Yeni Zelandiya gömrüyü, əgər düşünsək ki, gerçək olan Azərbaycan gömrüyünün rəqəmləridir, onda niyə "7,1 min ton"u öz sənədlərində "3,7 min ton" kimi göstərməlidir?
Ən pisi isə, buna nəzarət etməli olan Azərbaycanın müvafiq dövlət qurumları bu olaya göz yumur, çünki ortada on milyonlarla dollar qazanc var.
Eyni vəziyyət Ukrayna istehsalı olan kərə yağı ilə bağlı da baş verib. Ukraynalılar da ötən il ərzində Azərbaycana 2,9 min ton (2 milyon 900 min kiloqram) kərə yağı satdıqlarını öz gömrük sənədlərində göstəriblər. Ötən həftə "Virtual.az" saytına müsahibə verən Səfər Mehdiyevin sədri olduğu Gömrük Komitəsi isə ölkəmizə Ukraynadan 3,9 min ton, yəni düz 1 milyon kiloqram (min ton) artıq kərə yağının idxal edildiyini rəsmiləşdirib.
Bu, təkcə bir qida növündə ortaya çıxan fərqdir. Bu ölkənin insanları, genefondu niyə məhv edilir? Sonra deyirik ki, ölümün yaşı niyə aşağı düşüb, xroniki xəstəliklər niyə bu qədər artıb? Bazara doldururan mənşəyi, tərkibi bəlli olmayan keyfiyyətsiz məhsullarla, qidalarla sağlam toplum saxlamaq olarmı?”