“ABŞ dövlət katibinin Azərbaycan prezidentinə, bir neçə gün əvvəl isə Ermənistan baş nazirinə zəng etməsi regionda pərdəarxası cərəyan edən intensiv diplomatik trafikdən xəbər verir. Əslində bu hal gözlənilən idi. Çünki böyük dövlətlər Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsində öz maraqlarının da əks olunmasını istəyir. Entoni Blinkenin telefon diplomatiyasını da bu xüsusda qiymətləndirmək lazımdır”.
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Yüksəliş Partiyası başqanı Anar Əsədli deyib.
O hesab edir ki, Birləşmiş Ştatlar sülh müqaviləsinin imzalanmasına tərəfdar olsa da, prosesin Vaşinqtonun orbitindən kənarda baş verməsindən narahatdır:
“Düzdür, Avropa İttifaqı bu prosesdə iştirak edir, lakin okeanın o tərəfi Fransa-Almaniya faktoruna görə bununla yetinmək istəmir və birbaşa iştirakda maraqlıdır. Hər nə qədər də ABŞ da ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Qarabağ münaqişəsinin həlli ilə bağlı son 30 il ərzində ciddi səy göstərməsə də, Ukrayna böhranı fonunda Kremlin geosiyasi planda uğursuzluqları Vaşinqtona Cənubi Qafqaz siyasətini korrektə etmək fürsətləri yaradıb. Xüsusilə, Qərbi Rusiyanın neft-qaz asılılığından qurtarmağın ən ideal marşrutu məhz Azərbaycanın kilid ölkə olan Xəzər hövzəsi və Cənubi Qafqaz regionudur”.
“Bu mənada bugünkü geosiyasi şərtlərdə Cənubi Qafqazda ABŞ-ın sülhün tərəfdarı olmasında maraqlı olub-olmaması barədə qəti qənaətə gəlmək üçün bir qədər gözləməliyik. Bununla belə, məsələnin kövrək işartılarını görmək mümkündür. Çünki Rusiyanın bölgəmizdə əmin-amanlığın, xalqlararası barışın, birgəyaşayışın olmamasında maraqlı olduğunu, nəinki son 30 ili, hətta Ermənistanla 44 günlük müharibədən sonra keçən iki il ərzində tam əmin olduq. Hər nə qədər də müharibə məhz Moskvanın istəyinə uyğun dayandırılsa belə, mümkün atəşkəs və sülh prosesi başladılmış olsa da, hər nə qədər Moskva bu məsələni əldə rəhbər tutub özünün regional və qlobal miqyasda sülhpərvər dövlət imicini yaratmağa cəhd etsə də, son iki il ərzində istər Ermənistanın daxili ictimai-siyasi vəziyyətini qarışdırmaq üçün atdığı addımlarda, istər Azərbaycanın suveren ərazisi olan Qarabağa müvəqqəti yerləşdirilmiş sülhməramlıların missiyalarından kənar, daha çox qızışdırıcı, zərərli davranışlar ortaya qoyması ilə sülh prosesində maraqlı olmadığını göstərdi” - deyə A.Əsədli bildirib. Partiya rəhbərinin fikrincə, xüsusilə 44 günlük Vətən savaşından sonra bölgədə geosiyasi və geoiqtisadi oyun qaydalarını, yeni reallıqları yaradan Azərbaycanla münasibətlərdə ehtiyatlı olmağın zəruriliyini həm ABŞ-da, həm də Avropada anlamağa başladılar: “Belə ki, hələ prosesin başlanğıcındayıq və ABŞ-ın regionla bağlı fikirləri tam aydın deyil. Ümumiyyətlə, ABŞ-ın Azərbaycanla bağlı maraqları Cənubi Qafqaz, Avropanın enerji təhlükəsizliyi, Mərkəzi Asiyaya nüfuz, eləcə də Çin və Rusiya ilə beynəlxalq rəqabət çərçivəsində müəyyən edilir. Regionda münaqişənin səbəbkarı Rusiya olduğu üçün ABŞ-ın bu vəziyyətə qarşı mövqedən çıxış etdiyini düşünmək olar. Bundan əlavə, bu prosesdə Paşinyana dəstək elementləri sezilir”.