"Azəri-Press" Agentliyinin (APA) yaranmasından 17 il keçir.
2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən, həmin il noyabrın 16-dan fəaliyyətə başlayan APA Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər yaymaqla qısa müddətdə tanınan, ən çox oxunan xəbər agentliyinə çevrilməyi bacarıb.
Yarandığı ilk gündən Qafqazın ən böyük media qurumu olmağı hədəfləyən APA bu istiqamətdə xeyli iş görüb. Bu gün agentlik Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir, ölkədə və dünyada baş verən ictimai-siyasi, mühüm hadisələrlə bağlı analitik yazılar hazırlayır, müxtəlif ölkələrin aparıcı kütləvi informasiya vasitələri, mətbuat orqanları ilə əməkdaşlıq edir.
APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin, Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya və İranda ofisləri fəaliyyət göstərir.
Azərbaycan Yüksəliş Partiyası başda agentliyin rəhbəri Vüsalə Mahirqızı olmaqla, APA-nın bütün kollektivini ad günü münasibətilə təbrik edir, fəaliyyətində uğurlar diləyir, qurumun qarşısında qoyduğu məqsədlərə çatmasını arzulayır.