“Son günlər Azərbaycanda rusiyalı filosof və politoloq, Prezident Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızı Darya Duqinanın öldürülməsi ilə bağlı qızğın müzakirələr gedir. Sosial şəbəkələrdə cəmiyyətimiz növbəti dəfə iki yerə ayrılaraq, bir-birini qarşılıqlı ittiham, təhqir edir. Rusiya sevdalıları qarşı tərəfi insanlıqdan uzaq adlandırır, Azərbaycanın bölünməsinin, millətimizin soyqırımlarına məruz qalmasının, müstəqil dövlətimizin başımıza yıxılmasının, torpaqlarımızın işğal edilməsinin, minlərlə ziyalımızın repressiya ilə üzləşməsinin səbəbkarının Rusiya olduğunu dərk edənlər isə bu olaydan sanki sevinmiş kimi görünür. Bu səbəbdən də sosial şəbəkələrdə “qanlı savaş” gedir”.
Bunu TNS-ə açıqlamasında Azərbaycan Yüksəliş Partiyası başqanının müavini Gülşən Hacıyeva deyib.
Başqan müavini bildirib ki, əslində biz cəmiyyət olaraq, bəzən əsas məsələləri, müzakirə olunmalı mövzuları bir kənara qoyub, belə lazımsız, enerji, vaxt, əsəb itkisi ilə nəticələnən olaylardan danışmağa üstünlük veririk.
“Bir neçə gün öncə ölkədəki Aşura mərasimləri, Britaniyada bayrağımıza qarşı təhqiramiz hərəkət çox asanlıqla cəmiyyətimizi parçalamağa yetdi. Hətta bəzən məişət zəminində baş vermis hansısa olay, bir müğəninin, aktyorun, aparıcının geyimi, dediyi söz cəmiyyəti parçalaya bilir. Halbuki, bizim insanımızın müzakirə edəcəyi daha ciddi məsələlər var. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra keçən 30 ildə minlərlə problemlə üzləşib. Bu problemlərin çox az hissəsinin həllinə nail olsa da, xeyli hissəsi çözüm gözləyir. Üstəlik, bu müddətdə ölkədə tüğyan edən rüşvət, korrupsiya, xarici dövlətlərin Azərbaycanın müstəqilliyinə təhdid yaratmaq, dövlətimizi məhv etmək üçün həyata keçirdiyi planlar içindən çıxılmaz yeni problemlər yaradıb. Xarici təhdidləri bir kənara qoysaq, ölkədə ciddi iqtisadi böhran yaşanır. Qiymətlər hər il, hər ay yox, hər gün artır. Bahalaşma o qədər sürətlə gedir ki, insanlarımızın aylıq qazancları ərzaq məhsullarına belə çatmır. Qarşıdan sentyabr ayı gəlir – yeni tədris ili başlayır. Bütün gəlirini ərzağa (o da tam ödəmir) xərcləyən valideynlər dərs ləvazimatlarını, məktəbli formasını necə alacaq? Hər birimizin özü və ya ətrafındakı insanların çoxu bu durumdadır. Mən hələ övladı xaricdə oxuyan valideynlərin təyyarə bileti alması, onları qalacağı yerlə, yeməklə təmin etməsi probleminə toxunmuram”, - Gülşən Hacıyeva bildirib.
Partiya rəsmisi torpaqlarımızın böyük əksəriyyətinin işğaldan azad edilməsi ilə nəticələnən savaşdan 2 il ötməsinə baxmayaraq, hələ də şəhid verdiyimizi xatırladıb:
“Sülhməramlı adı ilə ərazilərimizə soxulan Rusiya hərbçilərinin, onların himayə etdiyi erməni separatçıların təxribatları səngimək bilmir. Azərbaycan bayrağının dalğalanmadığı, qanunlarının keçərli olmadığı bölgələrimiz var. Yəni savaş bitib, amma təhlükə davam edir.
Son aylarda sosial problemlər səbəbindən onlarla qazimiz intihar edib. Amma onların probleminin həlli istiqamətində ciddi bir addım atılmasının şahidi olmamışıq.
Yüzlərlə hektar meşəmiz, yüz minlərlə ağacımız, təbiətimiz yandı. Yanğın nə qədər kənd təsərrüfatı ərazisini, mal-heyvanı məhv elədi. Və bu yanğınlar hələ də davam edir”.
Gülşən Hacıyeva bu qədər problemin, içindən çıxılmaz durumun yaşandığı bir vaxtda insanlarımızın Duqinanın ölümünə görə bir-birinə düşmən kəsilməsinin anlaşılmaz olduğunu deyib.
“Bəlkə bu lazımsız mövzuları bir kənara qoyub, gələcəyimizi təhdid edən problemlərdən, iqtisadi böhrandan danışaq?”, - partiya rəsmisi cəmiyyətimizə bu sualı ünvanlayaraq fikrini yekunlaşdırıb.