Bu günə olan statistikaya əsasən Azərbaycanda 56 siyasi partiya fəaliyyət göstərir. Reallıq isə Azərbaycan vətəndaşının bu partiyalar haqqında ya məlumatlı olmaması, ya da az məlumatlı olmasıdır. Vətəndaşların əksəriyyəti siyasi partiyaların heç adlarını belə bilmir. Bu isə onu sübut edir ki, Azərbaycan vətəndaşı aktiv siyasətdə deyil.
Bütün bu çətinliklərin fonunda təsis edilən yeni partiya var. AY partiya.
Partiyanın əsas məqsədi
Digərlərindən fərqli olaraq yeni yaradılan partiya, əslində, yeni də sayılmır. Buna səbəb sözügedən partiya təsisçilərinin bir zamanlar Azərbaycan Respublikasının Prezidenti olan Əbülfəz Elçibəyin ətrafında sıx birləşən siyasətçilərdən ibarət olmasıdır. Məqsəd Bəyin ideologiyasına köklənən, yeniliklərə açıq və demokratik cəmiyyət quruculuğudur.
Suallarımızı cavablandıran partiyanın sədri Anar Əsədli də qeyd edir ki, ortaya çıxmaları həm də sosial sifariş idi.
“Partiya yeni olsa da, qurucuları 1990-cı illərin gənc siyasət adamlarıdır. O dönəmin siyasətinin gəncləridir. Daha çox 70-ci illər nəslidir. Onlar Azadlıq Hərəkatını gördü, Birinci Qarabağ savaşını gördü, Əbülfəz Elçibəyi, Heydər Əliyevi gördü. Çox ağır sosial-iqtisadi həyat yaşadı. 30 il keçir. Artıq 1970-ci illər nəslinin sorumluluq aldığı bir dövrə gəldik. Bizim ortaya çıxmağımız həm də sosial-sifariş idi.
İki nəsil gəlir. Hansı ki, bunlar çox ciddi nəsildir. Yeni nəsil sorğulayır. Bunlara yalan danışa bilməzsən. Bu illər ərzində Partiyanın quruculuğu barədə düşünürdük. Biz Azərbaycan Xalq Cəbhəsində yetişən gənclər idik. Allah rəhmət etsin. Əbülfəz Elçibəyin dönəmində. Biz Əbülfəz Bəy dünyasını dəyişəndən sonra təşkilatdan ayrılmışıq. Hesab edirdik ki, ortaya çıxmaq lazımdır. Zamanlama məsələsi siyasətdə çox önəmlidir. On ildir yetişdirdiyimiz bir komanda da var. 20 ildir passiv siyasətdəyik, müşahidə edirik”, – deyə A.Əsədli qeyd edib.
İlk seçki təcrübəsini yaşayan partiya uğur qazana bilməsə də, Anar Əsəsdli də bildirir ki, bu, gözlənilən idi:
“Bizim şüarımız var idi: “İnanın dəyişirik”. Bunu partiya üçün qurmuşduq. Biz hədəfimizə çatmaq üçün xalqı aktiv siyasətə gətirməliyik. Əgər bu olmasa, heç nəyə nail olmayacayıq. Bizə suallar verirlər ki, hədəfimiz nədir? Prezidentlik, parlament, yoxsa bələdiyyə? İlk məqsədimiz xalqı aktiv siyasətə gətirməkdir. Seçkilərdə də bunu gördük ki, xalq aktiv siyasətdə deyil. Seçicilər mənə deyirdilər ki, “Sən get, özün güc ol, dalaşma. Dalaşsan da, yanında deyilik. Güc ol, sonra biz yanındayıq”. Bunu mən tək necə edim? Bərabər güc olmalıyıq. Bəlkə də müxalifətin xalqla professional olaraq işləyə bilməməsi xalqda belə bir fikir yaradıb”.
Seçkilərdən sonra eksprimentin nəticələri məlum olur. Təsdiqlənir ki, vətəndaş siyasətlə maraqlanmır. Bu zaman isə hədəflər müəyyənələşir. Qısa müddət ərzində partiya bir çox görüşlər təşkil edir ki, bu da Azərbaycan tarixində bir yenilik kimi qiymətləndirilir. Görüşlərə isə Türkiyə ilə start verən partiya uğurlu nəticələrə nail olur.
“İki əsas məqsəd var idi. Çox ciddi şəkildə təşkilatlanmaq. Amma klassik təşkilatlanma deyil. 20 il idi Azərbaycan siyasi mənzərəsini izləyirdik. Düşünürdük ki, çox ciddi beynəlxalq əlaqələr qurmalıyıq. Bunu Türkiyədən başlamalıyıq. Türkiyə ilə Azərbaycandakı siyasi partiyaların heç birinin siyasi əməkdaşlığı yoxdur. Dialoq sıfır. Sadəcə 2000-ci ilə qədər Əbülfəz Elçibəyin münasibətləri var idi. Bu da şəxsi idi.
Yanvar ayında Türkiyəyə getdik. Çox ciddi görüşlər keçirdik. Bu görüşlərdə HDP xaric, o bizim üçün qırmızı xəttdir, hətta hökumət partiyası ilə görüşdük. Bizi CHB-də qəbul etdi, AK partiya da qəbul etdi. Türkiyədə Prezident sarayına getdik. Orada cənab Ərdoğanın məsləhətçisi ilə görüşdük. İyi partiyanın rəhbəri ilə görüşdük. Çox ciddi əlaqələrimiz quruldu. QHT-lərlə görüşdük. Ən əsası universitet rektorları ilə görüşdük”.
Türkiyə universitetləri ilə əməkdaşlıq
Partiya sədrinin çıxışında diqqət çəkən məqam universitetlərlə görüşlər olur. Buna nə ehtiyyac var?
“Türkiyə universitetləri ilə əməkdaşlıq üzərinə düşünürük. Müəyyən gənclərimizin orada burslu təhsil almasına dəstək olunmalıdır. Universitet rektorlarından xahiş etmişəm, onları Bakıya dəvət etmişik. Onlara çatdırdım ki, Rusiyanın Azərbaycanda iki universitetinin şöbəsi var, amma Türkiyə bir universitetinin belə şöbəsini açmır. Deyirlər ki, sizin hakimiyyətdən təklif gəlməyib. Bəli, gəlməyəcək də. Bu təklifi siz edin. Mərsin və Adanaya səfər etdim.
Bu iki rayon Türkiyə iqtisadiyyatının 65 faizini təşkil edir. Çox böyük iş adamları var. Buyurun Azərbaycana gəlin dedim. Biz dövlət deyilik, hakimiyyət deyilik. Biz bunları sizə partiya olaraq deyirik. Bizim məqsədimiz odur ki, Azərbaycan və Türkiyə çox dərin ittifaq içində yer alsın. Bu missiya bizim üzərimizdədir.
Müxalifət dövlətin strateji sütunudur. Strateji sütun nədir? Xüsusən xarici siyasətdə dövlətin əlini gücləndirmək. Sən universitetin şöbəsini açacaqsan. Mənim orada heç bir qazancım yoxdur. Amma orada 50 nəfər yetişəcək. Bütün proqramımızı on il sonraya hesablayırıq. Mənə yetişən 50 nəfər lazımdır. Mən onların üzərinə seçimə gedəcəm. Burada 300 Rusiyanın məktəbi var, iki universitetin filialı var. Hansı ki, mənim ideoloji baxışlarım, fikirlərim, düşüncələrimlə, onlarla seçimə gedə bilmirəm. Bu səbəbdən təhsil bizim üçün çox önəmlidir”.
Gürcüstan, Ukrayna, Moldova ilə əlaqələr
Təbii ki, partiya görüşləri yalnız Türkiyə ilə kifayətləndirməyəcək. Cari ilin sentyabr ayından başlayaraq Gürcüstan, Ukrayna və Moldova səfərləri planlaşdırılır. Ardıcıllığın belə olması da siyasi gedişatlardır. Niyə bu ölkələrlə əlaqələr maraqlıdır? Əlbəttə, GUAM ölkələrinin ən çox zərbə aldıqları Rusiya faktoru.
“Bu ölkələr Rusiyadan çox ciddi əziyyətlər çəkir. Bu 4 ölkənin siyasi partiyalarının bir-biri ilə əlaqəsi yoxdur. Moldovanın səfiri ilə görüşdüm. Biz bu ölkələrin siyasi partiyaları ilə əlaqələr qurub xarici mütəxəssisləri, siyasətçiləri dəvət edərək çox ciddi olaraq Rusiyanın bu ölkələrin başına nələr açdıqlarını dünyaya çatdıra bilərik. Bunu bəzən hakimiyyət, dövlət edə bilməz. Bu, normaldır. Bunu çox yaxşı anlayırıq. İkinci bir tərəfdən, dövlətin əlini gücləndirirsən. Burada da işimiz çətindir. Belə olanda da xalq deyir ki, sən hakimiyyətə işləyirsən. Mən hakimiyyətə işləmirəm. Bu, strateji bir məsələdir.
Moldova və Ukrayna ilə çox ciddi olaraq bir araya gələ bilərik. Krım platformasına dəvət aldıq. Təəssüflər olsun ki, Kıbrıs səfəri ilə üst-üstə düşdüyü üçün iştirak edə bilmədik. Bu münasibətləri qurmaqda maraqlıyıq”, – Anar Əsədli vurğulayıb.
Azərbaycan – Şimali Kipr Türk Respublikası münasibətləri
Bu gün reallıq bundan ibarətdir ki, Azərbaycan vətəndaşları Şimali Kipr Türk Respublikası haqqında çox məlumatlı deyillər. Bu barədə maarifləndirilməyə ciddi ehtiyyac duyulur. Partiya sədrinin və komandasının bu ölkəyə səfəri də buna hesablanıb. Anar Əsədli bildirir ki, Azərbaycan bu ölkəni tanıyan ikinci Türk dövləti olmalıdır:
“Azərbaycan xalqı Kiprlə bağlı məlumatlı deyil. İlk olaraq biz bunu xalqa anlatmalıyıq. Prezidentlə görüşdük. Həm rəsmi, həm də səmimi görüşümüz oldu. Təklif etdim ki, bir tək partiya ilə kifayətlənməməliyik. Biz Azərbaycandakı universitetlərlə danışaq. Azərbaycan bu məsələ ilə bağlı konfranslar təşkil etdirsin. Onlar gəlsin media, tələbələr, QHT-lərlə görüşsünlər. Təşkilatçılığı biz edə bilərik. Yəni Azərbaycan prosesdən agah olsun. Çox istərdim ki, bu ölkəni tanıyan ikinci türk ölkəsi olaq.
Türkiyənin güclənməsi Azərbaycanın güclənməsi deməkdir. Bunu hər kəs inkar edirdi. Lakin, prezidet İlham Əliyev CNN efirində bir söz dedi: “Türkiyə olmasaydı, ermənilərin himayədarları burunlarını soxacaqdı”. Bunu açıq dedi. Ona görə də Quzey Kipri tanımaq məsələsini bir an öncə gündəmə daşımalıyıq. Kipr səfəri ilə yanaşı, Adana və Mərsin ziyarətimiz oldu. Məqsədimiz orada yanğından zərərçəkənlərə görüşmək, onları qucaqlamaq, Aəzrbaycanın yanlarında olduğunu göstərmək idi. Kiprlə çox ciddi işlər görə bilərik. Kiprdə turizm inkişaf edib. Turizmi çox yaxşı bilirlər. Təklif etdim ki, Kipr təcrübəsindən istifadə edək”.
Partiyanın hədəfləri böyükdür. Növbəti il Avropa ölkələri ilə də münasibətlər qurulacaq. Rusiyada fəaliyyət göstərən siyasi partiyalara ünvanladıqları münasibət xarakterli məktublar isə cavabsız qalıb. Partiya sədri bunu anlaşılan qəbul edir. Türk ideologiyasına Rusiyanın cavab verməməsi başadüşüləndir.
Qeyd edək ki, Azərbaycan Yüksəliş Partiyası 16 iyul 2020-ci ildə elan olunub. Partiyanın Təsis Qurultayı 6 dekabr 2020-ci ildə keçirilib. Anar Əsədli Təsis Qurultayında AY Partiyanın ilk başqanı seçilib.
Qurultayda AY Partiyanın Baş Məclisi, Mərkəzi Nəzarət Təftiş Komitəsi formalaşıb.
Şəmsəddin Rəhimli Baş Məclisin, Aqil Dadaşzadə MNTK-nin sədri seçiliblər. Başqanın 1-ci müavini və İcra aparatının rəhbəri Bəhrəm İsmayılov, İctimaiyyətlə əlaqələr və mətbuat məsələləri üzrə başqan müavini Gülşən Hacıyeva, Humanitar məsələlər üzrə başqan müavini Ehtiram İlhamdır.
2021-ci il yanvarın 21-də AY Partiya başqanı yanında Məsləhət Şurası yaradılıb. Dr. Rza Heyət və Məhsa Mehdili Şuranın Güney Azərbaycan Türklərinin məsələləri üzrə təmsilçisi, Dr. Muxtar Bəydilli Şuranın Ərəb-Türk münasibətləri üzrə təmsilçisi, Əli Zeynal Şuranın Kərkük üzrə təmsilçisi təyin olunub.
Partiyanın strukturu Baş Məclis, Başqanlıq Heyəti, Siyasi Heyət, İcra Aparatı və Məsləhət Şurasından ibarətdir.
SİTAT: “Gizlədilmiş tarixlə yaşamaq, millətin dünəni ilə bu günü arasında keçilməz uçurum görmək, dünənindən təcrid olunmaq çox ağırdır. Bütün çətinliklərə rəğmən, nə yaxşı ki, güzəşt və rahatlıq dolu monoton, yalançı həyatımız dəyişdi, gözümüz önündə gerçək tariximizin qürurverici və ağrılı səhifələri açıldı, Cümhuriyyət günəşinin aydınlaşdırıcı istisini və işığını hiss edə bildik”. – Vilayət Quliyev
Tehran Orucoğlu
Turkmedia.az