Sentyabrın 15-i Azərbaycan tarixinin şərəfli günlərindən biridir. 1918-ci ilin bu günündə Bakı işğalçı bolşevik-daşnak işğalından azad olunub.
Bu tarixi hadisə nəticəsində müstəqillik yoluna qədəm qoymuş Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
1918-ci ilin may ayının 28-də Azərbaycanın müstəqilliyinin elan olunmasına, dövlətin inkişafı və suverenliyinin təmin olunması yolunda böyük işlər görülməsinə baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi.
Bakının yadelli qüvvələrin işğalı altında qalması isə Azərbaycanın dövlət müstəqilliyinin təhdid olunması anlamına gəlirdi və bu müstəqilliyi təsəvvür etmək çətin idi. Azadlığına təzəcə qovuşmuş və dünya ölkələri tərəfindən tanınmayan gənc dövlətimizin, öz ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir mürəkkəb tarixi şəraitdə ağır dönəm yaşayan Osmanlı dövləti qardaşlıq borcu olaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunu ölkəmizə göndərdi.
Beynəlxalq güclərin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, Osmanlı dövləti öz tarixi missiyasını şərəflə yerinə yetirdi.
Sentyabrın 15-də Qafqaz İslam Ordusu Azərbaycan Korpusu ilə bir yerdə Bakını işğalçılardan azad etdi. Yalnız bundan sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.
Böyük qəhrəmanlıqlar göstərən Qafqaz İslam Ordusu bu döyüşlərdə 1130 şəhid verdi.
Bakının işğalçılardan təmizlənməsi iki qardaş ölkə arasında böyük tarixi əhəmiyyət daşıyan bir hadisədir.
Azərbaycan Yüksəliş Partiyası zamanında bu böyük günün sevincini bizə yaşadan xilaskar Nuru Paşaya və ölkəmizin azadlığı uğrunda canlarını fəda etmiş Türk şəhidlərinə Tanrıdan rəhmət diləyir, onların parlaq xatirəsi önündə ehtiramla baş əyir.