Bu gün Türkiyənin əfsanəvi müğənnisi, müasir türk sənət musiqilərinin mahir ifaçısı, vətəninə, millətinə sadiq şəxsiyyət kimi yaddaşlarda dərin iz buraxan Barış Mançonun vəfatından 23 il ötür.
Türkçülüyü ilə fəxr edən sənətçi 1943-cü il, yanvarın 2-də İstanbulda anadan olub. Musiqiçi karyerasına ilk dəfə Qalatasaray liseyində başlayıb. İxtisası üzrə ali təhsilini isə Belçika Kraliyyət Akademiyasında alıb. 200-dən çox bəstəsi müğənniyə 12 qızıl, bir platin albom və kaset mükafatı qazandırıb. Alman, fransız, yunan, ərəb, bolqar və b. dillərdə oxuyub.
Hazırladığı televiziya proqramları ilə də dünyanın bir çox ölkəsində tanınıb. 1991-ci ildə Türkiyə Cümhuriyyəti Dövlət Sənətçisi tituluna layiq görülüb.
B.Manço “Gül pembe”, “Domates, biber, patlıcan”, “Yaz dostum”, “Unutamadım”, “Dağlar dağlar” və s. məşhur mahnıların ifaçısıdır.
1999-cu il fevralın 1-də infarkt keçirərək dünyasını dəyişib.
Barış Mançonun ömür yoluna, yaradıcılığına nəzər salanda onun haqqında deyilən bu fikir bir daha təsdiqini tapır: "O, Osmanlı idi və ən son bəstəsini Osmanlı üçün yapmışdı. O, 700 ildən süzülüb gələn bir Alp Ərən idi".
Azərbaycan Yüksəliş Partiyası hələ sağlığında ürəklərdə heykəli ucaldılan, türk dünyasının sevilən şərqiçisi, dünya uşaqlarının dostu Barış Mançonu sevgi və sayğıyla yad edir.