Beynəlxalq Qadınlar Günü kimi qeyd edilən 8 Mart bir çox ölkədə həm də qadınların iqtisadi, ictimai və siyasi mübarizəsinin nəticəsi, eyni zamanda qadınlara qarşı sevgi va diqqəti tərənnüm edən bayram kimi qəbul edilir.
Qadınlar həyatın əbədi gözəlliyidir. Zəriflik, gözəllik, sədaqət, cəsarət simvolu olan qadınlar bütün dövrlərdə yaradıcılığı, istedadı və əzmi ilə baş verən tarixi hadisələrin mərkəzində olub, zamanla öz sözünü deyib.
Azərbaycan cəmiyyətində qadının önəmi, dəyəri, ictimai həyatdakı yeri tarixi köklərə söykənir. Xalqın milli-mənəvi yaddaşı olan dastanlar, rəvayətlər, şifahi və klassik ədəbiyyatın hər bir janrı qadınlarımızı vəsf edib, onların ağıl, bacarıq, cəsarət və gözəlliyini tərənnüm edib.
Dünyaya qəhrəmanlar, görkəmli elm və fikir adamları, sənət, siyasi xadimlər bəxş edən Azərbaycan qadınına ta qədimdən böyük ehtiram göstərilib, qadın-ana müqəddəs varlıq hesab olunub. Ana sözü bizə çox şey əxz edir: Ana Vətən, anam Azərbaycan...
Xalqın təfəkküründə ana məfhumu Vətən torpağının təcəssümüdür.
Məhz Şərqdə ilk dəfə demokratik seçki hüququ qazanan bizim qadınlardır. Cümhuriyyət fədailərimiz tərəfindən Azərbaycan qadınına verilən ən böyük hədiyyə, mirasdır seçki hüququ.
Bu gün iqtisadi böhran, sosial qayğılar, siyasi-psixoloji gərginliklər ilə üz-üzə qalan qadınların problemləri yüzlərlədir. Gündəlik çətinlikləri aşmaq, yaşamaq naminə mübarizə aparmaq qadının ictimai həyatda fəallığını, yaradıcılığını məhdudlaşdırır. Bu qayğılar onu sadəcə keçinmək dərdi ilə yükləyir. Bütün bunlara rəğmən, Azərbaycan qadınının böyütdüyü övladlar canları bahasına Vətən sınağından keçdilər, qəhrəman oldular.
Bu gün Güney və Quzey Azərbaycanın ədalət, haqq, vətən uğrunda cihad edən, əqidə savaşı aparan yüzlərlə xanımı öz fəaliyyəti, fədakarlığı ilə bir örnəkdir.
Biz dünyaya Tomrisin timsalında sərkərdə qadın, Sara xatunun timsalında isə intellektual,diplomat qadın nümunəsi verən xalqıq. Biz "aslanın dişisi, erkəyi olmaz" deyərək cinsi ayrıseçkiliyi rədd edən millətik.
AY Partiya olaraq milli inkişafımızı, müstəqil, mütərəqqi dövlət quruculuğumuzu qadınlarımızla birgə inşa etmək qararındayıq. Partiyamızın qadın üzvlərinin və rəhbər heyətdə təmsil olunan xanım silahdaşlarımızın fəaliyyəti bu qərarımızın doğru olduğunun göstəricisidir.
Azərbaycan Yüksəliş Partiyası bu özəl gün münasibətilə Güney-Quzey Azərbaycanın, bütün Türk Dünyasının qadınlarını təbrik edir, onlara bol uğur və xoşbəxtlik diləyir.