Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ictimai xadim, milli dramaturgiyanın öncüllərindən olan Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür.
Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 17 may 1870-ci ildə Şuşa qəzasında anadan olub, 1891-1899-cu illərdə Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil alıb, eyni zamanda universitetin Şərq fakültəsinin dinləyicisi olub. Elə həmin illərdən yaradıcılığa başlayan Əbdürrəhim bəy bir neçə əsərini orda yaradıb, o cümlədən "Dağılan ittifaq" faciəsini 1896-cı ildə Peterburqda nəşr etdirib.
Sonrakı illərdə Şuşaya qayıdan ədib teatr sənətinin inkişafında mühim xidmətlər göstərib, müxtəlif məzmunlu tamaşalar hazırlayıb.
1908-ci ildə səhnələşdirilən "Leyli və Məcnun"operasında ilk azərbaycanlı xor və orkestr dirijoru kimi çıxış edərək, tamaşanın uğurlu keçməsində böyük əməyi olub.
İctimai-siyasi fəaliyyəti ilə də daim xalqın tərəqqisi, maariflənməsi yolunda fədakarlıq edən Ə.Haqverdiyev uzun illər "Nicat" cəmiyyətində çalışıb, cəmiyyətin xətti ilə bir çox xeyriyyə işlərinə imza atıb. Xalqın cəhalətdən ayılması, elm və təhsilə cəlb edilməsi, mədəni həyata qatılması üçün bütün qüvvəsi ilə əmək sərf edən Əbdürrəhman bəy "Molla Nəsrəddin" jurnalında "Lağlağı", "Ceyranəli", "Mozalan" imzaları ilə hekayə və felyetonlarla çıxış edib.
Ömrünü xalqın milli təfəkkürünün inkişafına, istiqlalına həsr edən Əbdürrəhim bəy Haqverdiyev 11 dekabr 1933-cü ildə dünyasını dəyişib.
Azərbaycan Yüksəliş Partiyası görkəmli ictimai xadim, yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin xatirəsini hörmətlə yad edir.