XVll əsrin məşhur səyyah-alimi və nəsr yaradıcılarından əslən Kütahyalı adı Məhməd olan Övliya Çələbinin doğum günüdür.
O, 25 mart 1611-ci ildə İstanbulda dünyaya gəlib.
Bir neçə mükəmməl dil bilgisi olan Çələbi 20-25 yaşlarında lV Muradın sarayına dəvət alıb, bilik və istedadı, nitq mədəniyyəti, zəkası ilə hörmət qazanaraq müxtəlif əhəmiyyətli vəzifələrə təyin olunub. Sarayda xidmət göstərdiyi müddətdə belə xüsusi tapşırıqlar əsasında Yaxın və Orta Şərqin, Şərqi Avropanın bir çox ölkələrinə səyahət edib.
XVll əsrin ən sayılıb-seçilən səyyahı Evliya Çələbi ömrünün 42 ilini həsr etdiyi, səyahətdə olduğu ölkələrdən aldığı təəssüratını bir xəzinə kimi topladığı 10 cildlik "Səyahətnamə" əsərində Azərbaycana da geniş yer verib. 1646-1666-cı illər ərzində səyyah ölkəmizə dörd səfər edib. "Səyahətnamə" kitabında qədim Azərbaycan torpaqları olan Urmiya, Naxçıvan, İrəvan, Təbriz, Bakı şəhərləri haqqında olan fikirlərini bildirib.
Dərbənddəki Dədə Qorqudun qəbir abidələri barədə elmi-tarixi əhəmiyyəti olan məlumatlar səyyahın əsərində yer alıb.
Yazdığı "Səyahətnamə" əsəri nəinki türk xalqlarına, eyni zamanda səyyahın gəzib-dolandığı ölkələrdəki bir çox xalqların ədəbi və sənət xəzinəsi hesab oluna bilər. Əsrlər boyu bir çox xalqlar öz tarixi, mədəni və ədəbi irsini araşdırarkən məhz Övliya Çələbinin əsərlərinə xitab edib, ondan bəhrələnib.
Əsərlərdə çox zəngin faktlar, gəzdiyi dövlətlərin coğrafiyası, tarixi, adət və ənənələri, xalqların mental xüsusiyyətləri dəqiqliklə göstərilib.
Əlli ilə yaxın Avropa, Şərq, Qərbi Asiya, eləcə də ən məşhur şəhərlərdə səyahətlərdə olan Övliya Çələbi bu gün də dünyanın ən tanınan və istinad edilən səyyah-alimlərindəndir.
1682-ci ildə vəfat edən Çələbinin ölüm yeri və məzarı haqqında məlumat yoxdur.