Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür.
Bəxtiyar Vahabzadə məmləkətin ağrı-acılarını, Vətənin dərdlərini öz şeirlərində yorulmadan və yüksək poetik vüsətlə dilə gətirən milli şair kimi şöhrət qazanıb. Qələmə aldığı məşhur "Gülüstan" poemasına görə böyük təzyiqlərlə üzləşən B. Vahabzadə sonralar da tutduğu yoldan çəkinməyərək, öz poetik amalına sadiq qalıb, bir-birindən gözəl, həm də milli düşüncəni özündə əks etdirən unudulmaz şeirlər yazıb.
Bəxtiyar Vahabzadə deyəndə ilk olaraq, onun milli düşüncənin oyanmasında gördüyü danılmaz işlər yada düşür. Keçən əsrin sonunda Azərbaycanda geniş vüsət tapan Milli Azadlıq Hərəkatı dönəmində B. Vahabzadə şəxsiyyətinin və yaradıcılığının da əhəmiyyətli təsiri danılmazdır.
Azərbaycan Yüksəliş Partiyası ölməz şair Bəxtiyar Vahabzadənin xatirəsini əziz tutur, böyük sayğı ilə yad edir.
Azərbaycan-Türkiyə
Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.
Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Ana yurdda yuva qurdum
Ata yurda könül verdim
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə.
Birdir, bizim hər halımız
Diləyimiz, amalımız
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir
Ayımız bir, ilimiz bir
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.