Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan kommunikasiya sahəsində öhdəsinə düşən işləri yerinə yetirir, ancaq Ermənistan heç bu işin texniki-iqtisadi əsaslandırılmasına başlamayıb ki, bu da prosesin ləngiyə bilməsini göstərir. Prezident onu da diqqətə çatdırdı ki, Brüssel görüşü zamanı da Ermənistanın baş naziri coğrafi koordinatları qeyd etməyib. Maraqlıdır ki, Ermənistan kommunikasiyaların açılmasını niyə ləngidir?
Suallımızı cavablandıran Azərbaycan Yüksəliş Partiyası Başqanının I müavini, İcra Aparatının rəhbəri Bəhram İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyana qarşı ölkə daxilindən ciddi təzyiqlər var. O qeyd edib ki, Rusiya da konkret olaraq, gözlənilən sülh sazişinin imzalanmasında maraqlı deyil:
“Ukrayna cəbhəsində həm hərbi, həm iqtisadi cəhətdən böyük itkilər verən Rusiyanın beynəlxalq imici də yerlə bir olmuş vəziyyətdədir və Rusiya bütün gücü ilə bu vəziyyətdən çıxmağa çalışır. Lakin nəticəsiz cəhdlər etməkdədir. Bu cəhdlərdən biri də bu ilin aprel ayının 6-da Aİ rəhbəri Şarl Mişelin təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Paşinyanın görüşündən dərhal sonra Ermənistanın xarici işlər nazirinin, ardınca baş nazir Paşinyanın Moskvaya çağırılması bölgədə Rusiyasız addımlar atılmasının mümkünsüzlüyünü göstərmək idi.Çünki Avropanın da istədiyi kimi, Azərbaycan və Ermənistan öz aralarında 3-cü dövlətin müdaxiləsi olmadan delimitasiya və demarkasiya prosesini həyata keçirsə və sonda sülh müqaviləsi imzalanarsa, bölgədə rus hərbçilərinə de-yure heç bir ehtiyac qalmayacaq. Nəticə etibarı ilə ruslar burdan çıxmalı olacaq”.
“Bu, onsuz da beynəlxalq imici ciddi şəkildə korlanmış Rusiyaya daha bir zərbə olacaq. Ermənistan Azərbaycanla sülh sazişi bağlayarsa, Türkiyə ilə sərhədləri açılarsa, o zaman iqtisadi blokadadan çıxmış olacaq. Bunu isə əlbəttə Ermənistandakı revanşistlər istəmir. Çünki onların hakimiyyətə yenidən gəlməsi üçün Azərbaycana və Türkiyəyə qarşı ideoloji cəhətdən zəhərlənmiş bir cəmiyyət lazımdır. Bütün bunlara görə mövcud Ermənistan hakimiyyəti addımlarını çox ehtiyatla, öz cəmiyyətini yavaş-yavaş sülhə hazırlayaraq atır. Bu isə təbii olaraq zaman tələb edir. Amma bölgədə baş verən bütün geopolitik dəyişikliklər və zaman bizim xeyrimizə işləyir. Yaxın vaxtlarda hələlik yuridiksiyamızda olmayan ərazilərimizdə də Azərbaycan bayrağının dalğalanacağı heç kimdə şübhə doğurmamalıdır”- deyə analitik qeyd edib.