120 il bundan qabaq Osmanlı dövlətinin Salonik şəhərində dünyaya göz açan Nazim Hikmət, bütün həyatı boyu öz sənət prinsiplərinə və məsləyinə sadiq qalaraq, ağır, həm də ziddiyətli bir ömür sürüb. N.Hikmət mübariz və üsyankar bir şair kimi hələ sağlığında böyük şöhrət qazanıb.
İlk şeiri 1918-ci ildə çap olunan şairin "Günəşi içənlərin türküsü" adlı ilk kitabı 10 ildən sonra Bakıda işıq üzü görüb. Türk poeziyasında sərbəst şeirin ilk nümunələrini yaradan Nazim Hikmətin adı 20-ci əsr dünya şeirinin ən görkəmli nümayəndələri ilə bir çəkilir. Yazdığı çoxsaylı şeir və dram əsərləri müxtəlif dillərə tərcümə olunub. O, həm də nüfuzlu ictimai xadim kimi geniş fəaliyyət göstərib.
Nazim Hikmət doğma Türkiyəsinin ətrini Azərbaycandan aldığı üçün vətənimizi ürəkdən sevib. Azərbaycan ədəbiyyatı ilə maraqlanıb, görkəmli yaradıcı insanlarla dostluq edib. Azərbaycanlı dostlarına və vətənimizə gözəl şeirlər həsr edən N.Hikmət bir neçə dəfə Bakıya səfərdə olub.
1963-cü ildə dünyasını dəyişən böyük şairin yaradıcılığı onillərdir ki, öz bədii təsir gücünü və əhəmiyyətini saxlamaqda, yeni-yeni nəsillərin poetik zövqünün formalaşmasında əhəmiyyətli təsirini göstərməkdədir.
Azərbaycan Yüksəliş Partiyası əsərləri ilə hələ də yaşayan Nazim Hikmətin xatirəsini ehtiramla yad edir.