Azərbaycanlı milyonçu, mesenat, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.
25 yanvar 1823-cü ildə Bakıda anadan olan Tağıyev kiçik yaşlarından iş həyatına başlayıb, müxtəlif işlərdə çalışıb, 1870-ci illərdə neft səltənətinə çevrilən Bakıda kerosin zavodlarını, “Hacı Zeynalabdin” şirkətini təsis edib.
Zeynalabdin Tağıyev qazancının böyük hissəsini xeyriyyəçilik işlərinə sərf edib,1888-ci ildə Bakıda açılan orta-texniki məktəbin 1897-ci ildən fəxri himayəçisi olub, daimi olaraq bu məktəbə maddi yardım göstərib.
Mərdəkanda bağçılıq məktəbi açan Tağıyev Gəncədə və Naxçıvanda, Şamaxıda, Tiflisdə onlarla məktəbin xərclərini də öz üzərinə götürüb. O, Bakı Dövlət Universitetinin yaradılması məqsədi ilə külli miqdarda vəsait ödəyib.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət vəsaiti hesabına xaricə təhsil üçün göndərdiyi 100 nəfərin xərclərinin ödənməsinə də xeyli maddi yardım edib.
Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirib.
Hər zaman mesenatlığı və maarifpərvərliyi ilə tanınan Tağıyev xeyli qəzet və jurnalın, o cümlədən "Kaspi"qəzetinin çap olunması üçün vəsait ayırıb.
Tağıyev Bakı-Şollar su kəmərinin tikintisi üçün də şəxsi vəsaitindən pul ayırıb.
O, 1924-cü il sentyabrın 1-də vəfat edib.
Azərbaycan Yüksəliş Partiyası böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevi sayğı ilə yad edir.