Bu gün korifey sənətkar, böyük səs ustası, Azərbaycanın Xalq artisti Flora Kərimovanın doğum günüdür.
Flora Kərimova möhtəşəm səs sahibi olmaqla yanaşı, hər zaman öz fikri, mövqeyi ilə seçilən sənətkarlarımızdandır. O, missiyasının təkcə mahnını ən yüksək səviyyədə ifa etməklə bitmədiyini dərk edən dəyərli ziyalılarımızdandır. Gerçək bir ziyalı kimi, cəmiyyətdə baş verən hadisələrə, ictimai-siyasi proseslərə heç vaxt laqeyd qalmayıb, əksinə, ilk reaksiya göstərənlərdən biri olub.
Milli Azadlıq hərəkatı başlayandan ön sıralarda yer alıb, ictimai xadim kimi, hər yerdə fikrini çəkinmədən dilə gətirib. Dəfələrlə təzyiqlərə, məhdudiyyətlərə məruz qalmasına baxmayaraq, geri çəkilməyib, ictimai xadim, gerçək ziyalı olduğunu sübut eləyib.
BMT yanında Ümumdünya Sülh Federasiyasının Sülh səfiri olan Flora xanım bu adı fəaliyyəti ilə qazanıb.
Azərbaycan Yüksəliş Partiyası görkəmli sənətkarımızı doğum günü münasibətilə təbrik edir, sağlam ömür, yaradıcılıq uğurları diləyir.