“Bu gün 30 ildən sonra geriyə qayıdışın başlaması Azərbaycanın gənc dövlətçilik tarixində ən əlamətdar günlərdən biridir. Qələbəmizi reallığa çevirən hadisədir. 10 noyabrdan iki ilə yaxın müddət keçir. Haqlı olaraq, suallar doğurdu ki, o torpaqlarda yaşayış başlamayacaqdısa, savaş niyə oldu? Niyə Şəhid qanı töküldü? Bu gün Zəngilana qayıdış o suallara cavabdır. Bu qayıdışın duyğusunu heç bir söz ifadə edə bilməz. Şəhidlərimizin ruhu şaddır. Qazilərimizə və Vətən savaşı iştirakçılarımıza ehtiramımız sonsuzdur”.
Bunu TNS-ə açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının başqanı, əslən Zəngilandan olan Anar Əsədli deyib.
Onun sözlərinə görə, bütün bu müsbət axarın içində bəzi qeydlər də var.
“İndiyə qədər bir neçə dəfə səsləndirmişik, bu gün deyil, amma gələcəkdə bu məsələlərə yenə toxunacağıq. İlk olaraq, qayıdış prosesini dövlətin etməsi doğru idi. Yəni ilk köç dövlətin birbaşa nəzarətində olmalıdır. Amma bundan sonra hər kəndin bərpasını dövlət bu şəkildə öz üzərinə götürməməlidir. Bu proses mütləq vətəndaşların iştirakları və yardımları ilə baş verməlidir. Əksini etsələr, hər kəndin bərpası dövlətin hesabına olsa, prosesin ləng getməsi təbii hal alacaq. Prosesə yerli əhali cəlb olunmalıdır, dövlətin dəstəyi ilə yerli əhali öz obasını bərpa etməlidir. Bu, qayıdışı xeyli sürətləndirəcək. Ümumilikdə isə bu günün əhəmiyyəti o qədər böyükdür ki, bizə xalqımızı təbrik etmək düşər. Çünki bu gün biz Millət və Dövlət kimi açıq alınla yurdumuza qayıdırıq. Çünki bu, bizim haqqımızdır və haqq öz yerini tapır”, - Anar Əsədli bildirib.