Ötən ilin noyabrında imzalanmış sazişdən keçən müddətdə Qarabağ ətrafında atəş səsləri kəsilmək bilmir.
Bu cür hallar bütün sərhəd zonalarını əhatə etsə də, atəşkəsin pozulmasına daha çox Rusiya sülhyaratma missiyasının nəzarət etdiyi ərazilərdə rast gəlinir. Təbii ki, bu cür vəziyyət Azərbaycan tərəfini daha ayıq-sayıq olmağa, torpaqların müdafiəsini daha etibarlı qurmağa vadar edir.
Azərbaycanın qardaş Türkiyə ilə bütün sahələrdə, ən əsası da hərbi müstəvidə əməkdaşlığının necə mühüm olduğu gün kimi aydındır. Bu əməkdaşlıq Azərbaycanın ərazi bütövlüyünün qarantıdır.
Son günlər Azərbaycanla Türkiyənin rəsmi qaydada növbəti hərbi təlimlərə başladığı bildirilir. İki ölkə hərbçilərinin budəfəki hazırlıqları işğaldan azad olunmuş Laçın rayonunun ərazisində keçirilir. Böyük siyasi və hərbi əhəmiyyət daşıyan bu təlimlərin Qarabağ ərazisində, konkret olaraq Laçın dəhlizində keçirilməsi özlüyündə 44 günlük savaşdan sonra intensivləşən əlaqələrin daha da inkişaf etdirilməsi deməkdir. Bu baxımdan ikitərəfli əməkdaşlığa uyğun olaraq, keçirilən bu təlimlərin Rusiyanın informasiya məkanında geniş əks-səda doğurmasını da təsadüfi hesab etmək olmaz. Xüsusitəyinatlıların da cəlb olunduğu güman edilən təlimlər barədə həm Azərbaycanın, həm də Türkiyənin Müdafiə nazirlikləri ayrı-ayrılıqda məlumat yayıb.
Hərbi əməkdaşlıq fonunda daha bir təlim iki qardaş ölkənın Hərbi Hava Qüvvələrinin birgə hazırlıqlarını da qeyd etmək olar.
"Turaz Şahini - 2021" təlimləri döyüş hazırlıqlarının yoxlanılması baxımından ciddi əhəmiyyət daşıyır.
Bundan başqa, Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin iştirakı ilə "Üç qardaş - 2021" adlı beynəlxalq təlimlərin keçirilməsi də nəzərdə tutulub.
Şübhəsiz ki, bütün bu tədbirlərin əsas məqsədi Azərbaycan torpaqlarının qorunmasına yönəlib, bununla da Ermənistana və onun havadarlarına görk vermək məqsədi daşıyır.
Gülşən Hacıyeva
Azərbaycan Yüksəliş Partiyası Başqanının müavini