Bəhrəm İsmayılov
AY Partiya Başqanın 1-ci müavini
2020-ci ilin fevralına təyin olunmuş növbədənkənar parlament seçkilərindən öncə böyük dəyişikliklər olacağına dair proqnozlar verilir, xalqda inam yaradılırdı. Xalq bütünlükdə olmasa da, siyasətlə az-çox maraqlanan, bu sahədən məlumatlı olan şəxslər islahatların olacağına inanırdılar. Elə o səbəbdən də əvvəlki seçkilərdən fərqli olaraq, minlərlə şəxs namizədliyini irəli sürmüşdü. Haqq üçün deyək ki, tələb olunan şərtləri yerinə yetirənlərin əksəriyyətinin namziədliyi qeydə alınmışdı. Bu fakt da dəyişiklik olacağına ümidi artırırdı.
Amma və lakin...
Təbliğat-təşviqat mərhələsinə start verilən kimi, ənənəvi proseslər də başladı. Müstəqil namizədlərə görüş üçün ciddi manelər yaradılmasa da, rayon və şəhər icra hakimiyyətləri əvvəldən müəyyənləşən namizədlər üçün səfərbər oldu. Məktəblərdə, xəstəxanalarda, ümimiyyətlə, bütün dövlət qurumlarında toplantılar keçirilərək, məlum namizədlərin dəstəklənməsi, görüşlərinin təşkil edilməsi, səsvermə zamanı yanlız həmin şəxslərə səs verilməsi, nə yolla olursa olsun, seçki qutusundan əvvəldən müəyyənləşmiş şəxslərin adının çıxması tapşırıldı.
Hər şey plan üzrə getdi və 9 fevralda Milli Məclisin bugünkü tablosu ortaya çıxdı. Nə bir ciddi dəyişiklik vardı, nə də haqq edənlər, xalqın səsini toplayanlar parlamentdə təmsil hüququ qazanmışdı...
Təbii ki, parlamentin bu tərkibi xalqı məmnun edə bilməzdi. Ciddi islahat gözləntisi olanlar isə heç barışa bilməzdi. Normal olaraq, seçki prosesindən dərhal sonra deputatların xalqın səsi ilə parlamentdə düşmədiyi, səslərin, haqların oğurlandığı barədə fikirlər səsləndirilməyə başlandı. Təyin olunan deputatlar isə başqalarının haqqını yedikləri bəs deyilmiş kimi, etirazçıları az qala, xalq düşməni çıxardılar.
Seçkilərdən keçən təxminən ilyarım ərzində deputatlar fəaliyyətləri, daha doğrusu fəaliyyətsizlikləri ilə bir daha sübut etdilər ki, bugünkü tərkibdə parlament xalqı təmsil etmir. Bu müddətdə dünyanı dizə gətirən koronavirus bəlası, Azərbaycan tarixinin ən parlaq səhifələrindən olan Vətən müharibəsi də bu deputatları hərəkətə gətirməyə kifayət etmədi.
Əksinə, bu deputatların çoxu özəl həyatları, normal olmayan hərəkətləri, açıqlamaları ilə gündəm olmağı “bacardı”. Biri millətə sürü dedi, biri adam döydü, biri verdiyi açıqlamanı dandı, biri ad gününü təbrik edənlərin siyahısını açıqladı, biri sosial şəbəkədə “layk” diləndi və s...
İndi kimsə bu parlamentin buraxılmalı olduğunu deyəndə tökülüşürlər üstünə ki, xaricdən tapşırıq alır, xalq düşmənidir.
Bu adamlar onu da anlamırlar ki, hətta ideal fəaliyyət göstərmiş olsa belə, söz, fikir azadlığı deyilən bir qavram var, parlamentin bu tərkibini hamı bəyənmək məcburiyyətində deyil.
Bu adamlar anlamalıdır ki, fərqli fikir söyləyən kimsəni topa tutmaq, onu harasa bağlamaq, xain çıxarmaq olmaz. Bu cür düşüncənin özü sübut edir ki, indiki deputatların əksəriyyəti elementar siyasi dünyagörüşünə malik deyil. Onların demokratiyaya baxışından isə söz açmaq mümkün deyil.
Siz parlamentə ona görə getməmisiniz ki, fərqli düşünən, fərqli fikir səsləndirənlərə qarşı səlib yürüşünə keçəsiniz. Əksinə, müxtəlif fikirlərin parlamentə daşınmasına vasitəçi olmalısınız. Bu, sizin vəzifəniz və missiyanızdır.
Əgər vəzifə və missiyanızı bilmirsiniz və ya bilib də icra etmirsinizsə, o zaman həqiqətən getməlisiniz!