Xəbər verdiyimiz kimi, ötən gündən etibarən Laçın dəhlizində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi postların sökülməsinə başlanılıb. Müvəqqəti postlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağla Ermənistan arasında əlaqəni təmin edən yeni hərəkət marşrutunda quraşdırılacaq.
Bəs bu dəyişiklik Azərbaycanın Qarabağda nəzarət imkanlarını artırması baxımından nə vəd edir?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli bildirdi ki, hazırki marşurut üzrə postların sökülməsi normaldır: "Çünki yeni yol istifadəyə veriləcək. Qarabağda yaşayan ermənilərin Ermənistanla gediş-gəliş üçün istifadə etdiyi hazırki yol Rusiya sülhməramlılarının nəzarətindən Azərbaycan Ordusunun nəzarətinə keçəcək".
Yeni yolla bağlı vəziyyətə gəlincə, partiya sədri vurğuladı ki, burada nə ermənilər, nə də Rusiya sülhməramlıları əvvəlki sərbəstliyə sahib olmayacaq: " Çünki, bu sadəcə bir yoldur və Azərbaycanın Ermənistan üzərində getdikcə artan üstünlüyü, Rusiya sülhməramlılarının isə azalan ömrü prosesin bu istiqamətdə inkişaf edəcəyini göstərir. Hesab edirəm ki, yeni istifadəyə veriləcək yoldan gələ biləcək təhlükələri aradan qaldırmaq üçün hərbi-diplomatik üstünlüyümüzü qoruyub saxlamalı, hətta daha da artırmalıyıq. Azərbaycanın artan gücü zamanla Qarabağda yaşayan erməni əsilli əhalini, eləcə də Ermənistanı pozucu fəaliyyətlərdən çəkinməyə məcbur edəcək".