Çağdaş Azərbaycan mətbuatının banilərindən biri, müstəqilliyimizin bərpasında əvəzsiz xidmətləri olan Nəcəf Nəcəfovun doğum günüdür.
1955-ci il iyunun 24-də Bakıda anadan olan Nəcəf Nəcəfov jurnalist fəaliyyəti ilə yanaşı, Milli Azadlıq Hərəkatının ön sıralarında yer alıb, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə təhlükənin artdığı bir vaxtda AXC liderlərindən biri kimi siyasətlə daha fəal məşğul olmağa başlayıb.
Onun təsisçisi olduğu "Azadlıq" qəzeti, "Turan" İnformasiya Agentliyinin Azərbaycan mətbuatının inkişafında, ölkəmizə dair həqiqətlərin dünyaya çatdırılmasında danılmaz rolu və xidmətləri olub. Bu media orqanlarının qoyduğu ənənələr mətbuatımızda bu gün də davam edir.
Nəcəf Nəcəfov istər parlamentin deputatı, istərsə də mərhum prezident Əbülfəz Elçibəyin mətbuat katibi işləyərkən, daşıdığı missiyanı bir an belə unutmadan bu vəzifələrin öhdəsindən layiqincə gəlib.
Azərbaycan Yüksəliş Partiyası 44 yaşında dünyasını dəyişmiş dəyərli ziyalımızı sayğı ilə yad edir, əziz xatirəsinə ehtiramını bildirir.