Bu gün çağdaş Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq simalarından biri olan Cavanşir Quliyevin doğum günüdür.
Əməkdar incəsənət xadimi Cavanşir Quliyev 1950-ci il noyabrın 22-də Şəkidə doğulub. Bu şəhərdəki Musiqi Texnikumunda və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Sənət müəllimi Xalq artisti, professor Cövdət Hacıyev olub. Hələ tələbə ikən C.Quliyev bəstəkarlıqda eksperimentləretməyə başlayıb və milli musiqinin çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirərək, yeni musiqi tərzinin üzə çıxmasına nail olub.
C.Quliyevin bu üslubda bəstələdiyi bir sıra əsərləri təkcə ölkəmizdə deyil, Türkiyədə, Avropanın çeşidli ölkələrində və Amerikada ifa olunaraq böyük şöhrət qazanıb. Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. O, fleyta ilə bərabər ilk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlətməyə müvəffəq olub. Uzun illər AzTV-də və Dövlət Konsert Birliyində çalışıb. Bakı Musiqi Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlik edib. Milli Konservatoriyanın professoru olub. 2005-ci ildən Şimali Kipr Türk Respublikasının Yaxın Şərq Universitetinin professorudur. C.Quliyevin milli ruhda bəstələdiyi onlarla mahnı onillərdir ki, dillərdə dolaşır.
Görkəmli bəstəkar Azərbaycan milli-azadlıq hərəkatının fəal iştirakçılarından biri kimi əqidəli şəxsiyyət, ləyaqətli ziyalı kimi də cəmiyyətdə böyük nüfuz və hörmət sahibidir.
Azərbaycan Yüksəliş Partiyası böyük bəstəkar Cavanşir Quliyevi doğum günü münasibətilə təbrik edir, yaradıcılıq uğurları və cansağlığı arzulayır.