Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan yazıçı-salnaməçi, jurnalist, tərcüməçi, etnoqraf Ceyhun Hacıbəylinin doğum günüdür.
Ceyhun Hacıbəyli 3 fevral 1891-ci il tarixində Şuşa şəhərində məşhur Hacıbəylilər ailəsində anadan olub. Peterburq və Sorbonna universitetlərinin məzunudur. Uzun müddət jurnalist kimi fəaliyyət göstərərək, cəmiyyətin aydınlanmasında xüsusi fədakarlıq sərgiləyib. Azərbaycan Xalq Cümhuriyyəti qurulana qədər "Kaspi", "Baku", "İrşad", "Tərəqqi" qəzetləri ilə əməkdaşlıq edib, 1917-ci ildən isə "İttihad" qəzetinin redaktoru olub.
AXC-nin qurulmasında müstəsna xidmətləri olan Ceyhun Hacıbəyli dövlətin rəsmi mətbuat orqanı "Azərbaycan" qəzetinin baş redaktoru təyin edilərək, eyni zamanda jurnalist kimi də fəaliyyətini davam etdirmişdi.
O, 1919-cu ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransında iştirak edərək, ölkəni təmsil edib.
AXC-nin süqutundan sonra təqiblərlə üzləşən C.Hacıbəyli mühacirətdə fəaliyyət göstərərək Parisdə fransız mətbuatı ilə əməkdaşlıq edir. Parisdə fransız dilində nəşr olunan "Qafqaz" və Münhendə çıxan "Azərbaycan" jurnallarınln redaktorluq edib.
C.Hacıbəylinin fəaliyyət istiqaməti çoxşaxəlidir. O, eyni zamanda bir neçə mühüm elmi əsərlərin müəllifidir.
Ömrünü mühacirətdə başa vuran Ceyhun Hacıbəyli 22 oktyabr 1962-ci il tarixində dünyasını dəyişib.
Azərbaycan Yüksəliş Partiyası görkəmli ictimai xadim, fədakar jurnalist Ceyhun Hacıbəylinin xatirəsini dərin sayğı ilə yad edir.