18 sentyabr - dahi Azərbaycanlı Üzeyir Hacıbəyovun doğum günüdür.
Üzeyir bəy Azərbaycanın tarixi boyunca yetirib bəşər mədəniyyətinə bəxş etdiyi ən nəhəng şəxsiyyətlərdən biridir. O, professional musiqimizin banisi, ilk operanın müəllifi, milli musiqi nəzəriyyəsinin fundamental əsaslarını hazırlayan böyük alım, görkəmli dramaturq və istedadlı publisist kimi tanınıb məşhurlaşıb.
1885-ci il sentyabrın 18-də dünyaya göz açan Üzeyir Hacıbəyov Qori müəllimlər seminariyası və Peterburq Konservatoriyasında təhsil alıb. 1908-ci yazdığı "Leyli və Məcnun" əsəri müsəlman Şərqinin ilk operasıdır.
"Arşın mal alan", "O olmasın, bu olsun", "Ər və arvad" və qələmə aldığı başqa operaları uzun illər Azərbaycan səhnələrində uğurla tamaşaya qoyulub. Ü. Hacıbəyov yaradıcılığının şah əsəri isə "Koroğlu" operası sayılır.
Üzeyir bəy Azərbaycan Elmlər Akademiyasının ilk yaradıcılarından və akademiklərindən biri olub. Azərbaycanın ictimai həyatında fəal iştirak edərək dəfələrlə deputat seçilib.
1948-ci ilin 23 noyabrında
vəfat edən Üzeyir Hacıbəyov Fəxri Xiyabanda dəfn olunub.
1995-ci ildən 18 sentyabr Azərbaycanda Milli Musiqi günü kimi qeyd edilir.
Azərbaycan Yüksəliş Partiyası böyük bəstəkar Üzeyir Hacıbəyovun parlaq xatirəsini həmişə əziz tutur, ruhuna və adına böyük ehtiramla sayğılarını bildirir.