Demokratiya dalğasının gec gəlməsi var, heç gəlməməsi yoxdur -AY Partiya Başqanı
Cənab Ərdoğanın səfirlərlə bağlı reaksiyası çox sərtdir, üslub və ritorika diplomatik deyil.
Bu sərt reaksiyanı doğuran səbəbləri başa düşürəm, həqiqətən də Avropa "demokratik tələblər"i demokratiyanın qurulmasında maraqlı olmadığı ölkələrin hakimiyyətləri üçün siyasi şantaj alətinə çevirir.
Qərb üçün demokratiya Qərb üçündür. İstənilən Şərq ölkəsində, xüsusilə də Türkiyədə demokratik islahatların aparılması, inkişafın sürətlənməsi Avropanın maraqlarına uyğun deyil. İstədikləri tək şey xaosdur. Nə demokratiyadır, nə də möhkəm hakimiyyət.
Bu səbəbdən nə Türkiyədə demokratiya istəyirlər, nə Ərdoğanı sevirlər. Yəni Qərbin oyunları məlumdur, demokratiya istəsəydilər, 92-ci ildə Azərbaycanda qurulmuş demokratik hakimiyyətin arxasında durardılar.
Amma bu regionda hakimiyyət liderlərinin "Qərbə qarşı dirənmişik' adı altında diktatura rejimini tətbiq etmələri də yolverilməzdir.
Cənab Ərdoğanın arzusuna və cilovlanmayan qəzəbinə görə 10 səfiri qovmaq istəməsi Türkiyə iqtisadiyyatına və ya sadə Türk vətəndaşının cibinə növbəti zərbə ilə cavablandırılacaq.
Bir sözlə, ayıq-sayıq olmaq lazımdır, nə Qərbin “buradakı xalqların mənafeyindən çıxış edirəm” fikrinə aldanmaq, nə də regionun faktiki avtoritarizmə sürüklənən liderlərinin fəaliyyətinə göz yummaq olar.
Demokratiyanı, demokratik cəmiyyəti biz özümüz qurmalıyıq, Qərbdən gözləməli deyilik.
Sadəcə Qərbin demokratik institutlarından, təcrübələrindən faydalanmaq olar.
Avropa insan anlayışına yüksək dəyər verir, amma öz sərhədləri içərisində.
Türk toplumlarının isə ümumi, təbii ki, dəhşətli bəlası avtortarizmdən əziyyət çəkməsidir.
Məsələn, son zamanlar bizdə yeni dəb yaranıb: "İctimaiyyət nümayəndələri".
Bunu daha çox son günlərdə işğaldan azad olunmuş rayonlarda ölkə prezidentinin görüşlərini izləyərkən görürük.
Əgər bölgələrdə təyin olunmuş icra hakimiyyətləri yox, xalqın yerli idarəetmə sistemi mövcud olsaydı - yəni bələdiyyə seçkiləri ilə seçilmiş şəxslərin idarəçiliyi - o zaman "ictimaiyyət nümayəndəsi" sadəcə tamada və müğənnilərdən ibarət olmazdı.
Son görüş mənim doğulduğum, onlarla alimi, ziyalısı olan Zəngilan rayonunda idi. Yaxşı məni dəvət etmirsiniz, bunu hardasa anlayırıq, baxmayaraq ki, yanlış edirsiniz, mən bu son seçkilərin qalibi olmuş namizədəm və bunu hər biriniz bilirsiniz, xalqı təmsil etməyə həm halal haqqım var, həm də ədalət və vicdanən bunu etnəliydiniz Amma nə isə anlayış göstərirəm ki, yumşaq desək, müxalifət partiyasının başqanını bu kimi tədbirlərə dəvət etmək ənənəniz yoxdur.
Bəs yaxşı bu ziyalılar harda qaldı?
Professor Qulu Məhərrəmli, professor Nəsiman Yaqublu, sabiq icra başçısı, işğal zamanı zəngilanlıların Araz çayından sağ-salamat keçməsində böyük əməyi olmuş həkim İlham Hüseyn, dəyərli ziyalımız Lətif Babayev, gənc aydınlarımızdan Zaur Mahmudov, Elmlər Akademiyasının alimi Qabil Camalov, hörmətli ağsaqqal müəllim Cəbrayıl Şıxəliyev, dünya şöhrətli şahmatçı Şəhriyar Məmmədyarov...
Bu siyahını xeyli uzatmaq mümkündü.
Heç biri dəvət olunmadı.
Niyə? Çünki azad və müstəqil fikir istəmirlər. Cəmiyyətlə aralarında uçurum yaradırlar, özü də dərin uçurum.
Xalqın ayrı-ayrı fərdlərinin səsinin eşidilməməsi, onların düşüncəsinin dinlənilməməsi, istəklərinin nəzərə alınmaması, oğurlanmış səslə Milli Məclisə düşən harınlamış deputatın xalqı heçə sayması uçurumu daha da dərinləşdirəcək.
Xalqlar tez, ya gec mütləq demokratiyanı seçir.
Dünyada gedən proseslər göstərir ki, demokratiya dalğasının gec gəlməsi var, amma heç gəlməməsi yoxdur.
Zaman demokratiyanı labüd edir... Ona görə də üslubunuza da, ritorikanıza da, "ictimaiyyət nünayəndələrinizə" də diqqət edəcəksiniz. Bu uçurumu daha da dərinləşdirib, nə özünüzün işinizi gələcəkdə zorlaşdırın, nə də bizim.
Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli