Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_2372c518090c2afbe18b66599d90e131, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Demokratiya rüzgarında Tixanovskayanın başsız buraxdığı xalq
Bütün diqqət Belarusdadır. Avropanın sonuncu diktatoru Lukaşenko var gücü ilə demokratiya rüzgarının qarşısında diktatura fırtınası yaşadır. Bu fırtınanın nə qədər sürəcəyi bəlli deyil...
Lakin əmin olduğum bir məsələ var. Özünə liberal dəyərləri bayraq etmiş qoca Avropa və gənc Amerika Qərbin burnunun dibində diktaturanın uzun sürməsinə izin verməyəcək.
Bu gün Lukaşenko açıq-aşkar Böyük Britaniyanı, Çexiyanı və Polşanı ölkədəki vəziyyəti qarışdırmaqda və ölkədə iğtişaş yaratmaqda ittiham etdi. Doğrudur, Qərb hələ ki, Minskdə bir Saakaşvili və Zelenski yetişdirə bilməyib, amma bugünkü lidersiz xalq üsyanları göstərir ki, toxumlar artıq səpilib...
Uzun illər müxalifətin formalaşa bilməməsi “Batka”nın insan əzici maşınının fəaliyyətinin nəticəsi idi. Svetlana Tixanovskaya kimi siyasətçi olmayan qeyri-peşəkar birinin göstəriləcək şiddət qarşısında meydanı buraxıb gedəcəyini “Batka” hesablamamış olmazdı. Hətta daha uzağa gedib demək olar ki, Tixanovskaya kimi zəif bir bəndin rəqib kimi ortalıqda görünməsi xalqı lidersiz qoymaq üçün Lukaşenkonun seçki planlarına daxil ola bilərdi....
Ona qarşı xalqın artan narazılığını hamıdan yaxşı bilən Belarus prezidenti baş verə biləcək xalq üsyanının başında güclü, səriştəli birinin olmasına yol verə bilməzdi. Əlində heç bir resursu olmayan, illərdir repressiya və ölümlə təhdid edilən Belarus müxalifəti faktiki yox dərəcəsində idi və meydan hərəkatını formalaşdırmaq gücündə deyildi.
Əgər Ukraynada Maydan hərəkatına çıxan müxalifətin həm güclü maliyyə dəstəyi, həm də əlində güclü media resursları, eyni zamanda az da olsa, parlamentdə yeri var idisə, bu onun göstəricisi idi ki, Ukraynada demokratikləşmə prosesi çoxdan başlamışdı və demokratiya təntənəsinə gedən yolun rüşeymləri narıncı hərəkatdan daha əvvələ təsadüf edirdi. Eyni sözləri qonşu Gürcüstan haqqında da deyə bilərik. Bu səbəbdən də proses bu ölkələrdə nisbətən ağrısız keçdi.
Postsovet ölkələrindəki seçki prosesləri və demokratiya mücadiləsi hər zaman bizdə xüsusi həssaslıqla qarşılanır. Təsadüfi deyil ki, eyni günlərdə Livanda baş verən etiraz aksiyaları və hökumətin istefası bizim cəmiyyətdə o qədər də maraq doğurmadı...
Bunun siyasi motivlərindən daha çox mənəvi-psixoloji səbəbləri var. Bu ölkələrlə bir yerdə 70 il Sovet Rusiyasının müstəmləkə siyasəti altında əzilməmiz və təəssüf ki, SSRİ dağıldıqdan sonra da Rusiyanın artıq müstəqil olmuş bu ölkələrdə imperialist istəklərinin bitməməsi bizi dilemma qarşısında qoymuşdur:
Rusiyanın caynağından necə qurtulaq və ölkədə xaos yaratmamaqla liberal dəyərləri və demokratikləşməni necə həyata keçirək?
Demokratiyanın və müstəqilliyin ilk dalğasının gətirdiyi xalq hakimiyyətləri Sovetlərin (Rusiyanın) uzun illər yetişmiş KQB sisteminin əli ilə ustalıqla devrildi. Demokratları bacarıqsız, qabiliyyətsiz, səriştəsiz, xaosa və vətəndaş müharibəsinə səbəb olacaq hərəkətlərdə suçladılar və bu ölkələrin hamısında bir müddət xalqlar psixoloji çaşqınlıq yaşadı.
“Əsas stabillikdir” şüarları ayaq tutsa da, yerimədi. Rüşvətdən, qanunsuzluqdan, şiddətdən bezən xalq özünə yeni liderlər axtardı.
Uzun illər bu xalqların yaşadığı zillətə göz yuman Qərb səbrlə məqam gözləyirdi. Hansı ölkədə məqam yetişdisə, orada dərhal ikinci dalğaya start verildi. İkinci dalğaların liderləri daha qalıcı oldu, çünki arxalarında Qərbin demokratiyası və xalqın seçkidə verdiyi səsinin gücü dururdu - Saakaşvili və Zelenski fenomeni buna parlaq nümunədir.
Doğrudur istənilən liderin yetişməsi üçün münbit şərait olmalıdır. Ya açıq fikir mübadiləsi nəticəsində sağlam rəqabət yaranır ki, bu da bir çox keyfiyyətləri ilə üstün olan siyasətçinin irəli çıxıb liderliyi əla almasına səbəb olur, ya da diktatura rejimində gizli siyasi dərnəklər fəaliyyət göstərir ki, orada da mütləq bir lider yetişir. İkinci hal daha çox sovet dövrünə təsadüf etdiyindən xalq hərəkatlarının və onların liderlərinin yetişməsinə səbəb oldu. Hal-hazırkı durumda isə artıq sosial şəbəkələr və media o qədər sürətlə insanların şüuruna təsir edir ki, yalnız çevik siyasi bacarığı və dəyişikliklərin nəbzini tuta bilən siyasətçi liderliyi ələ ala bilər.
Xalqın dəstəyini alan lider Rusiyadan qorxmur və ölkəsini ağıllı şəkildə Rusiyanın imperialist siyasətindən uzaqlaşdırır. Qısası, ayının pəncəsindən qurtulur. Deməli, Sovet varisi rəsmi Moskvanın pəncəsindən qurtulmanın yolu azad seçki və demokratiyadan keçir.
Gördüyünüz kimi, Rusiya bütün səylərinə baxmayaraq, nə Ukraynada, nə də Gürcüstanda xaos yarada bildi. Sadəcə ənənəvi torpaq qoparma ilə kifayətləndi ki, bu da müvəqqətidir və artıq beynəlxalq siyasətdə ona ciddi problemlər yaratmaqdadır. Postsovet məkanında xalqın səsini qazana bilməyən və seçkini saxtalaşdıran istənilən diktator nə etsə də, Rusiyadan qopa bilməz. “Batka”nın timsalında biz bunu gördük. Son illərdə rəsmi Moskva ilə az qala düşmən mövqeyinə gəlib çıxan Lukaşenko yenə də xalqın səsini qazana bilməyəcəyini görüb Rusiyanın qucağına düşdü.
O üzdən də xarici siyasətdə duruş gətirmək istəyən hər hansı dövlət başçısı öz xalqı ilə dialoqa girməyi bacarmalıdır.
“Batka” bugünkü xalq üsyanlarını şiddətlə yatızdırsa belə, adı xalqının tarixinə qanlı diktator olaraq yazıldı...
Bütün hallarda hər bir xalqın taleyində diktatura milli faciədir, belə ki, seçki ilə dəyişilməyən hakimiyyət ya xalqın qanına girir, ya da xalq onun qanına girir - bundan uduzan isə həmişə xalq olur. Çunki heç bir üsyan və şiddət toplumları irəliyə götürə bilməz. Qurtuluş istənilən halda xalqla dialoqdan və seçkidən keçir. Bu bizim prinsipial mövqeyimizdir.
O ki qaldı bu proseslərdə “Azərbaycana nə və kim sərf edir” məsələsinə, bu müzakirələrə kiçik bir xatırlatma ilə son verək. Demokrat Saakaşvili Azərbaycan palamentində Azərbaycan dilində Rəsulzadəni xatırlayıb “Bir kərə yüksələn bayraq bir daha enməz!” deyəndə bunu şou yaratmaq üçün etmirdi, ardınca Bakıdan Tiflisə uçub oradakı soyadaşlarımızın da qayğısına qalırdı - diktator Şevarnadzedən fərqli olaraq... Zelenski isə Ukraynanın dost münasibətlərini qardaşlıq səviyyəsinə belə, çıxardı - son Tovuz hadisələrində küçələri Azərbaycan bayrağı ilə bəzədib konkret mövqe ortaya qoyması buna əyani sübutdur. Demokratik mühit düşmən deyil, dost qazandırır. Bunu istənilən düzgün siyasi təhlil aparan analitik yaxşı bilməlidir.
Ancaq bizim ölkədə siyasi təhlil və analiz aparan deputatlar, siyasətçilər və ya siyasətlə məşğul olduğunu göstərmək istəyənlərin əksəriyyəti nə son dövrlərin siyasi tarixini yaxşı bilir, nə də dəyişən kursların nəbzini tuta bilirlər. Ancaq gəl ki, ortada xalça-xalça yazılar var. Əlbəttə, söz və fikir azadlığı siyasi dözümlülük tələb edir. Hər kəs öz fikrini bildirməkdə sərbəstdir.
Amma bu fikri bildirərkən özünü başqalarının müəllimi saymaq və başqalarına ağıl vermək ən azından etikadan kənardır.
İstənilən baxışın sosial mediada linc edilməsi qəbuledilməzdir. Amma peşəkar siyasətlə məşğul olan birisi linc ediləcək qədər bir fikir söyləyirsə, ya peşəkar deyil, ya da qəsdən qara piardan istifadə etmək istəyir.
Mövzuların peşəkar səviyyədə siyasi analitiklər tərəfindən cəmiyyətə təqdim olunması isə arzuolunandır. Əgər belə olarsa, “kim yüksəkdədir, kim haradadır” kimi yersiz və mənasız müzakirələr özünə yer almaz. Ən pisi odur ki, bəzi insanlarımız fikir mübadiləsindən dəm vurur, ancaq sosial mediada fikir monopoliyası yaratmağa cəhd edirlər. Dəfələrlə yazılarımda, çıxışlarımda xüsusi vurğu ilə qeyd edirəm ki, cəmiyyət üçün bütün uğurlu fikirlər müzakirələrdən doğur.
Fikir qıtlığı, fikir adamlarının meydanda olmaması Belarusdakı kimi lidersiz qalan meydan hərəkatının xaosa və üsyana çevrilməsini labüd edir. Məhz bu səbəbdən də düşüncələri və fikir bildirmə prosesini zarafat obyektinə çevirməyin. Biz daim istənilən bir məsələ ilə bağlı ona görə yazır və fikir bildiririk ki, xalq doğruları seçə bilsin.
Xalqın yenidən demokratiyaya inanması vacibdir ki, o öz dövlətinin demokratik yolda irəliləməsini təmin etsin. Hər bir xalqın azad, yüksək rifahı olan, hüququ tanınan bir dövlətdə yaşamaq haqqı var!
Nə qədər primitiv səslənsə də, Yaşasın demokratiya!