Buralarda vəziyyət həqiqətən ürəkaçan deyil.
Ölkədən xaricdə məskunlaşan dəyərli vətəndaşlarımızın, faydalı fəaliyyət göstərməyə çalışan təşkilatlarımızın durumu olduqca acınacaqlıdır. Oxumaq üçün, yaşamaq üçün, siyasi səbəblərdən ölkəni tərk edən onminlərlə insan, minlərlə parlaq beyin və onlara göstərilən ögey münasibət…
Çox təbii haldır ki, insan sosial şəraitini, təhsilini, gələcəyini və s. düşünərək, daha əlverişli şərait axtarmaq ümidi ilə həyatını sıfırdan başlamaq bahasına olsa belə, doğma ölkəsini tərk edir, bu hal hər zaman olub və insan öz vətənində istədiyi şəraitdə yaşaya bilmədiyi sürəcə olmaqda davam edəcək.
Miqrasiyanın qarşısının alınması və ya azaldılmasının yolları təbii ki var, məsələn ölkədə demokratiya, sosial ədalət, azad seçki, müstəqil məhkəmə, azad, şəffaf iqtisadi mühitin olması və s. Lakin anlatmaq istədiyim bu deyil, tam əksinə, bu günədək məskunlaşdığımız ölkələrdə yetərincə vətəndaşımızın olmasına baxmayaraq, o dövlətlərdə təbliğatımızın nədən zəif olduğu və bu gündən sonra ölkədən kənarda məskunlaşmış insanlarımızdan necə faydalana biləcəyimiz haqqında fikirlərimi yazmaq istədim.
Fərq etməz istər Avropada, istər Rusiyada, istərsə də həmvətənlərimizin çoxluq təşkil etdiyi digər ölkələrdə, son otuz ildə nə diaspor təşkilatlarımızın nə də lobbi fəaliyyətlərimizin əl barmaqlarının sayını keçə biləcək qədər ciddi nəticəsi olan bir uğuru olub. Ümümiyyətlə, Azərbaycan dövlətinin xüsusi, səmimi əlaqələri olmayan ölkələrdə diaspor adına heç bir iş ortaya qoyulmayıb, halbuki Azərbaycan diasporunun mükəmməl çalışmaması üçün heç bir səbəb yoxdur. Dövlət xüsusi bir komitə yaradıb, bu haqqda qanun qəbul edib, şəxsən mən gərəksiz məsrəf (bu kimi təşkilatlar bu günədək nəinki özünü dolandırmaq, gərəkdiyi zaman öz dövlətinə də maddi yardım edə biləcək durumda olmalı idi) olduğunu düşünsəm də, böyük maddi yardımlar ayrılıb bu sahəyə.
Bilirsiniz, nə qədər təşkilat var? 50 ölkədə təqribən 600 diaspor təşkilatı. Bəs buna rəğmən nə iş görülüb? Bilmək istərdim, bu 600 təşkilat rəhbərlərinin kimliyi, hansı dərəcədə məlumatlı, bilgili insanlar olduğu haqqında məlumat varmı? Qazanc yeri kimi (fəaliyyət göstərə bilmək üçün başqa dövlətlərdən maliyyə yardımı alan diaspor qurumlarından zatən böyük bir iş gözləmirəm) baxılmaqdan başqa nəyə yarayır bu qurumlar? Hamısını sual altında qoymaq istəməzdim, təbii ki, dəyərli insanlar var içlərində, sadəcə bir vətəndaş olaraq bilmək istəyirəm təşkilat yaratmaq üçün azərbaycanlı olmaqdan başqa hansı kriteriyalar var? Bu təşkilatların önlərindəki vəzifələr nələrdir, qısa, uzun müddətli fəaliyyət planları varmı? Məsələn, 20 il öncə qurulan təşkilatlardan biri ortaya qarşısına qoyduğu və əldə etdiyi beş uğurlu fəaliyyətinin nəticəsini qoya bilərmi? Əlbəttə, cavablar bəlli, suallar ritorikdir.
Görünən budur ki, ənənəvi "təşkilatlanma" fayda vermir. Buna görə, kütləvi "diasporçuluq" oyunlarına son verməliyik. Zatən bu günədək liderlik üçün, maddiyət üçün, təşkilatlar qurub cəmiyyəti şimal, cənub deyə qütblərə parçalayaraq yetərli qədər zərbə vuruldu bu sistemə. Özünə hörməti olan, ağlı başında ziyalı təbəqə, savadlı-dünya görüşlü insanlar, gələcəyi parlaq gənclər bu sistemdəki iyrənclikləri görüb ortadan çəkilib. Demirəm ki, hamısı amma böyük əksəriyyəti, bəziləri isə heç öz həmvətənləri ilə münasibətdə belə olmaq istəmir.
Düşünürəm ki, göz önündə olan uğursuzluqlar səbəbindən bu sahədə köklü dəyişikliklər həyata keçirmək lazımdır. Yeni bir yol çizilməli və bu yolda ən böyük üstünlük fərdi təşkilatlanmaya verməlidir. İnsani keyfiyyətlərə malik, zəkalı, dövlətinə - millətinə bağlı insanları önə çıxarmaq, illərin uğursuz simalarını bu insanlarla yeniləmək, ümumilikdə diasporumuzun "yıpranmış vitrin"ini dəyişmək lazımdır. Bu yenilənmə işlərində, məlum sahədə fəaliyyətdə olan vicdanlı hər kəs əlini daşın altına qoymalı, əsasən də Diasporla iş üzrə Dövlət Komitəsi ziyanverici, bölücü fəaliyyətlərini dayandırmalı (ziyanverici, bölüçü - öz başına topladığı şəxslərdən başqa şəxslərlə müzakirələrin olmaması, qürbətdə olan digər həmvətənlərimizlə fikir ayrılığı yaşadıqları üçün onların dövlət üçün göstərdikləri fəaliyyətlərin qiymətləndirilməməsi, sözügedən komitənin tanışlıq, yaxınlıq və bu kimi kriteriyalar üzrə üzv təyinatı, müxalifət-iqtidar tərəfdarları ayrıseçkiliyi və s.), bütün fərqli fikirlərə açıq olmalı, faydalı olacaq bütün layihələrin həyata keçirilməsinə şərait yaratmalı və bu günədək baş vermiş digər neqativ halların təkrarlanmamasına diqqət etməlidir.
Bu arada aidiyyəti orqanlar "Azərbaycan Respublikasının vətəndaşlığı" haqqında qanunun 10-cu maddəsinə dəyişiklik edərsə, ikili vətəndaşlığın qəbul olunması çox böyük addım olardı, zatən xarici ölkələrdə yaşayan həmvətənlərimizin əksəriyyəti yaşadıqları ölkələrin vətəndaşlığını qəbul edib və sözügedən qanuna görə bu da Azərbaycan vətəndaşlığını itirmək üçün əsas hesab edilir. Onları Azərbaycan vətəndaşlığından çıxarmaqla sadəcə incik salacaqsınız. Eyni qanunun 18-ci maddəsinin 2-ci bəndində isə "Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və silahlı birləşmələrində könüllü xidmət etməsi vətəndaşlığın itirilməsi üçün əsas hesab edilir" deyilir. Əgər nəzərə alsaq ki, bütün təbliğat, diaspor, lobbi fəaliyyətlərinin əsas istiqaməti digər dövlətlərin bacardığımız bütün sahələrinə, əsasən də dövlət qurumlarına nüfuz etməkdir, o zaman bu maddə bizim üçün əngəldən başqa bir şey deyil (Yeri gəlmişkən sözü gedən komitənin səhifəsində belə bir xəbər başlığı var "Soydaşımız İsveçdə keçiriləcək seçkilərdə iştirak edəcək". Bir bu xəbərə baxıram. bir də bu maddəyə, bilmirəm gülüm ya ağlayım).
Bir sonrakı addım olaraq, zaman itirmədən lobbi fəaliyyətləri üçün işə başlanmalı, diaspor daxilində beyin mərkəzləri qurulmalı, məskunlaşdığımız dövlətlərin elitasına xitab edə biləcək, təsir mexanizmləri olan, hədəfləri düzgün müəyyən edə bilən, daha qısa desəm, faydalana biləcəyimiz hər kəslə çalışılmalı və eyni zamanda bu cür güclü insanların zamanla öz içimizdə yetişdirilməsi üçün ciddi fəaliyyət göstərməliyik. Və ən əsası ortaya güclü bir lobbi konsepsiyası qoymalıdır. Yerlərdəki diaspor təşkilatları məhs bu konsepsiya üzrə lobbini dəstəkləməli və lazım olduğu zaman beyin mərkəzlərinin proqramı üzrə yönləndirməlidir.
Necə etməliyik? Əsasən, təhsil almaq üçün ölkədən gedən və hər hansı bir səbəbdən geri dönməyən, inteqrasiya olmuş və ya hal hazırda digər ölkələrdə yaşayan, təhsilə meyilli gənclər araşdırılmalı, onların problemsiz, sosial rifah içində, universitetlərdə oxuması əsasən də yaşadıqları ölkənin dilini mükəmməl öyrənə bilməsi üçün işlər aparılmalıdır. İkinci mərhələdə bu gənclər və digər siyasi aktiv vətəndaşlarımız arasından uyğun şəxslər seçilərək onların olduqları ölkələr üzrə siyasi partiyalarda və təşkilatlarda, yerli mətbuatda, qeyri-hökumət təşkilatlarında və seçkili orqanlarda təmsil oluna bilməsi üçün dəstək verilməlidir. Paralel olaraq, digər vətəndaşlarımızın yaşadıqları ölkələrdə siyasi fəallığının artması istiqamətində işlər görülməlidir, bu, həm də gələcəkdə o ölkələrdə seçki prosesinə təsir imkanları deməkdir.
Diasporla iş üzrə Dövlət Komitəsi həmçinin tələbəlik dönəmində fərqli ölkələrdə olan gənclərimizin bir-biri ilə əlaqələr qurması üçün vasitəçi olmalı, onların hər hansı bir ad altında birləşdirməli və müəyyən zamanlarda bir araya gələrək fikir mübadiləsi aparıb öz sistemlərini quraraq təşkilatlanmalarını təmin etməlidir. Bu proses daha çox, fərdlərin olduqları ölkələrdən gərəkdiyi zaman kollektiv olaraq bir səslə daha güclü olmasına gətirib çıxaracaq. Bir il öncə, Vətən müharibəsi sırasında bir çox Avropa ölkələrinin haqlı olduğumuz halda bizi haqsız olma durumuna salma cəhdlərini hamamız açıq gördük. Azərbaycanda yaşayan soydaşlarımız bunların bir qisminə şahid olsa da, hər birimiz yaşadığımız ölkələrdə istər mətbuat, istər ayrı-ayrı siyasilər, istərsə də parlamentlər səviyyəsində bizə qarşı olan daha çirkin, daha böyük yalanlar, böhtanlar, aqressiya gördük, eşitdik. İndi soruşuram, bəs bizim, biz xarici ölkədə məskunlaşanların bu olanlara cavabımız nə oldu? Hansı səviyyədə qarşılıq verə bildik? Və ən əsası, bir gün bu hadisələrin olmasının qarşısı almaq üçün zamanında tədbir görülmüşdümü?
Deyəcəksiniz, hər kəs əlindən gələni etdi. Doğrudur, lakin, bir bəyanat yazıb kütləvi şəkildə imzalamaqdan başqa da əlimizdən heç nə gəlmədi və yaxud başqa bir iş görüldüsə də, nəticəsi olmadı. Çünki sistemləşmiş iş yoxdur, pərakəndə, seyrək etirazları diaspor fəaliyyəti olaraq xalqa yedirtmək lazım deyil. Yəni sonuc olaraq biz bu sınaqdan da çıxa bilmədik.
Bu səbəbdən yuxarıda qeyd etdiyim şərtlər çox önəm daşıyır.
Tələbələrin təşkilatlanması mövzusuna qayıdaraq davam etmək istəyirəm. Onların məskunlaşdıqları və ya təhsil aldıqları ölkələrdə olan səfirliklərimizin (əslində səfirliklər və səfirlər də ayrı bir mövzudur, o sistem də tam olaraq yenilənməlidir) tədbirlərində iştiraklarını təmin etmək, mümkün olduğu halda səfir və konsulların dəvət aldıqları dövlət tədbirlərində özləri ilə 1-2 gəncimizin iştirakını təmin etmək lazımdır. Bu, çox önəmlidir, gənc yaşlarında diplomatlarla, siyasilərlə ünsiyyətə, rəsmi davranışlara alışarlar, təcrübə qazanarlar. Bir digər məsələ də onlar vasitəsi ilə passiv təbliğat aparmaqdır, məsələn, gənclərimiz vasitəsiylə onların oxuduqları təhsil ocaqlarında Azərbaycana maraq göstərən xarici tələbələrin ölkəyə ekskursiyasını təmin etmək kimi, kim bilir onlar gələcəkdə hansı ölkələri idarə edəcəklər...
Bu işlərin davamı olaraq, hazırda məskunlaşdıqları ölkələrin siyasi partiyalarında aktiv iştirak edən dövlətinə sadiq insanlarımızı təşkilatlanmaya cəlb etmək, onların təcrübəsindən istifadə etmək, bu şəxslərlə səfirliklər arasında birbaşa əlaqə qurmaq, onların xarici mətbuatda Azərbaycan haqqında yayılan xəbərlərə münasibət bildirməsini təmin etmək, onları xarici media üçün Azərbaycan adına veriləcək suallara cavab verə biləcək simalara çevirmək, debatlarda, siyasi və mədəniyyət yönümlü proqramlarda iştirak etmələri üçün əlaqələrinin qurulmasını təmin etmək lazımdır.
Və son olaraq bir daha vurğulayaraq demək istəyirəm ki, ənənəvi diaspor, lobbi fəaliyyətinə keçməlidir, fərdi təşkilatlanma proqramları uyğulanmalıdır. Bu, daha uğurlu, daha çox perspektivli olacaq.
P. S. Həm çatışmazlıqlar, həm də nə etməli sualına cavab olaraq yuxarıdakı siyahını daha çox uzatmaq, "lazımdır"la bitən cümlələrdən çox qurmaq olardı. Güman ki, şəxsi mənafe milli mənafeyi üstələdiyi sürəcə qeydlərim elə siyahı olaraq da qalacaq. Ümid edirəm ki, hökumət bir gün gec olmadan bu sahənin nə qədər önəmli olduğunun fərqinə varacaq…
Tural Bəxtiyarzadə
AY Partiya Başqanının Avropa İttifaqı üzrə təmsilçisi