Bu gün Azərbaycan Demokratik Respublikasının hüquqi varisi olan Azərbaycan Respublikası üçün əlamətdar bir gündür.
27 iyun 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının Hökuməti tərəfindən dövlət dili haqqında qərar qəbul olunub və Türk dili rəsmi dövlət dili elan edilib.
Azərbaycan xalqının 70 illik sovet əsarəti dövründə öz kökündən qopmamasının, Türkçülük ideologiyasını daha da gücləndirməsinin təməlində bu cür tarixi qərarlar dayanır. Qeyd etmək yerinə düşərdi ki, 1926-cı ildə keçirilən və bütün Türk cümhuriyyətlərindən elm adamları, ziyalıların iştirak etdiyi ilk türkoloji qurultay Bakıda baş tutub.
Azərbaycan Demokratik Respublikası dönəmində dövlət dili ilə bağlı müəyyən edilən siyasəti SSRİ ziyalılarımızın başını kəsdikdən sonra, yalnız 1938-ci ildə dəyişdirə bildi.
Cümhuriyyətçi babalarımızdan bizə miras qalan ideologiyanı inkişaf etdirməli, Türk kimliyinin gücləndirilməsi üçün vacib olan dil amilinə xüsusi önəm verməli və xarici təsirlərdən qorumalıyıq.
Unutmayaq ki, dil bir millətin yaşaması üçün ən strateji amildir!