Otuzuncu illərin birinci yarısında Moskva olimpiadası zamanı (1930) Akademik Milli Dram teatrının yaradıcılıq mühitindəki nöqsanlar (kadr çatışmazlığı, bədii rəhbərin məgkurə-nəzəri geriliyi və s.) kəskin tənqid olunduğundan teatrda yaradıcı və təşkilati işlərin qaydaya salınması, milli kadrlara olan ehtiyacın ödənilməsi, repertuar məsələsi, yeni metod və üslub dəyişikliyinə nail olunma cəhdləri diqqət çəkir. Belə bir vaxtda teatra sxematiklik, şüarçılıq, formalist ünsürlər gətirmək amacında olan azapçıların sağ təmayüllərə (“bədii təxribatçı”lara) qarşı mübarizələri gücləndikcə rəhbərliyin rekonstruksiya dövrünün tələblərinə yenidən nəzər yetirmək ehtiyacı ortaya çıxır. Solçuların “psixoloji realizm” və “xırda burjua idealizmi” cərəyanlarına qarşı etirazı kimi səslənən bu mübarizədə naturalizmə meyilli olan teatrın özünü yenidən cəmiyyətə təqdim etmək istəyi A.Tuqanov, V.Litsey, Varşavski kimi rus əsilli rejissorların timsalında istənilən nəticəni vermir. Moskvada xüsusi rejissorluq təhsili alan İ.Hidayətzadə və R.Təhmasib, eyni zamanda bu sənətlə məşğul olan C.Cabbarlı, Ə.N.Rzayev və Ə.Əliyevin çabaları da teatrın gələcəyinə ümidlə baxmağa əsas vermir. Hətta milli rejissor məktəbinin yaranmasında ilk başlanğıc kimi dəyərləndirilən milli rejissor heyətinin yaradılması (bu heyətə A.M.Şərifzadə R.Təhmasib və R.Darablı daxil idi), gənc rejissor Y.Yıldızın teatra baş rejissor təyin olunması, o cümlədən yeni kollektivin formalaşması üçün Tiflisdən, Türkmənistandan, Özbəkistandan, Şəkidən aktyorların dəvət olunması belə müsbət dəyişikliyə səbəb olmur.
Belə bir vaxtda Ə.İsgəndərov Akademik Milli Dram teatrının səhnəsində görünməsi bu sənət məbədinin yaradıcılıq mühitində bir dönüş nöqtəsi olur. Ü.Rəcəb və M.Mərdanovun çevirməsində səhnəyə hazırlanan və mövzusu rus həyatından alınan “Polad qartal” (A.Korneyçuk) əsərindəki hadisələrin Azərbaycan mühitinə uyğunlaşdırılması, obrazların rejissor tərəfindən “milliləşdirilərək” tamaşaçılara təqdim olunması (1936) o vaxtlar gənc rejissor üçün bir cəsarət nümunəsi idi. Zaqafqaziya səhnələri ilə müqayisədə “Polad qartal” tamaşasını Ə.İsgəndərovun quruluşunda daha çox bəyəndiyini bəyan edən əsər müəllifinin bu etirafı gənc rejissoru yeni-yeni yaradıcılıq axtarışlarına sövq edir.
Ə.İsgəndərovun ilk sənət həyatında dramaturq C.Cabbarlı mühüm rol oynayır. Gənc Ədilin yazıçı-daramaturqla ilk tanışlığı Gəncə mühitindən başlayır. Hələ 10-12 yaşlarında ikən teatra sonsuz maraq göstərən Ədil Gəncə Pioner evində uşaqlar üçün hazırlanan tamaşalarda fəal iştirak etməklə yanaşı, bir çox əsərləri səhnələşdirərək onları teatr həvəskarlarının iştirakı ilə tamaşaya hazırlayır. Sonuncu sinifdə oxuyarkən xoş bir təsadüf nəticəsində quruluş verdiyi “Qaçaq Kərəm” tamaşasını izləməyə gələn C.Cabbarlı onun istedadını yüksək dəyərlənirərək gənc Ədili Bakı Teatr texnikumunda təhsil almağa dəvət edir. Orta ixtisas texnikumunda müvəffəqiyyətlə təhsil alan (1928-1931) Ə.İsgəndərov C.Cabbarlının məsləhətilə A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutuna daxil olur. Moskvada təhsil aldığı müddətdə (1932-1936) bu şəhərin teatr mühitilə daha yaxından tanış olan Ə.İsgəndərov sonuncu kursda oxuyarkən diplom tamaşası kimi A.Korneyçukun “Polad Qartal” əsərinə müraciət edir. Deyilənə görə Ə.İsgəndərov bu tamaşanı Moskva səhnəsində bəyəndiyindən onu diplom tamaşası kimi hazırlamağa qərar vermişdir.
O vaxtlar Rusiyada təhsil alan keçmiş sovet respublukalarından gələn tələbələr diplom tamaşalarını öz ölkə teatrlarının səhnəsində hazırlamalı olduqlarından Ə.İsgəndərov ona daha çox doğma olan Akademik Dram teatrının səhnəsinə üstünlük verir. Hələ texnikumda təhsil alarkən Dram teatrın kütləvi səhnələrində yer alan Ə.İsgəndərovun diplomçu olaraq Dram teatrına rejissor kimi işə qəbul olunması 26 yaşlı bir gənc üçün böyük etimad idi. Ali təhsilini başa vurub Bakıya dönən gənc Ədilin qısa bir zamanda Dram Teatrına baş rejissor təyin olunması isə, heç şübhəsiz ki, milli teatrın yaradıcılıq uğurlarına hesablanmış addım idi. Uzun illər Akademik Dram teatrında fəaliyyət göstərən teatrın bədii rəhbəri A.Tuqanovun Ə.İsgəndərov yaradıcılığına verdiyi dəyər isə heç bir ölçüyə gəlməz. Belə ki, ilk gündən Ə.İsgəndərovun yüksək təşkilatçılıq keyfiyyətini, fitri istedadını görən A.Tuqanov könüllü olaraq öz ərizəsilə işdən çıxır; həmin vəzifə gənc rejissora həvalə edilir. Sonrakı il (1938) Ə.İsgəndərov, həm də direktor vəzifəsini icra etməyə başlayır.
Moskva Bədaye teatrında rejissorluq təcrübəsi keçən Ə.İsgəndərovun teatra gəlişi C.Cabbarlının ölümündən bir neçə il sonra (1936) baş verir. O vaxtlar yaradıcılığının çətin dövrünü yaşayan teatrın repertuar problemi hələ də həll olunmamış qalırdı. C.Cabbarlı dramaturgiyası milli aktyor nəsli yetirsə də, rejissor sənəti o qədər də qənaətbəxş deyildi. Yüksək yaradıcılıq ehtirası ilə fəaliyyətə başlayan Ə.İsgəndərov rəhbərliyinin ilk dönəmlərində müasir ruhlu səhnə əsərlərinə ehtiyacı ödəmək məqsədilə gənc qələm sahiblərini teatra cəlb etmək üçün əlindən gələni əsirgəmir. S.Vurğun, İ.Əfəndiyev, M.İbrahimov, C.Məcnunbəyov, M.Hüseyin, Z.Xəlil, R.Rza, M.Cəlal və b. bu kimi istedadlı qələm sahibləri, məhz Ə.İsgəndərovun xeyir-duası ilə teatr həyatına qədəm qoymuşlar.
1937-ci ildən 1948-ci ilə qədər Akademik Dram teatrının səhnəsində yalnız milli ruhlu əsərlərə (M.İbrahimov “Həyat”, “Madrid”, “Məhəbbət”; C.Məcnunbəyov “Yanar dərə”; S.Vurğun “Vaqif”, “Xanlar”, “Fərhad və Şirin”; C.Cabbarlı “Aydın”; M.Hüseyin “Nizami”; R.Rza “Vəfa”; İ.Əfəndiyev “İşıqlı yollarla”, “Bahar suları”; Ə.Məmmədxanlı “Şərqin səhəri”, H.Cavid “Şeyx Sənan”) yer ayıran Ə.İsgəndərovun səmərəli səhnə fəailiyyəti Ə.Məmmədxanlının “Şərqin səhəri” əsərinin tamaşasında (1948) özünün parlaq ifadəsini tapır. Bu səhnə əsərinə görə quruluşçu rejissor və tamaşanın bir çox iştirakçıları “SSRİ Dövlət mükafatı (Stalin mükafatı) laureatı” adına layiq görülür.
“Vaqif” əsəri demək olar ki, S.Vurğunun Ə.İsgəndərovla birgə yaradıcılıq məhsulu sayılır. Şairi pyes yazmağa təhrik edən Ə.İsgəndərov “Vaqif” tamaşası ilə (1937) teatrın ən böyük uğuruna imza atır. Bu səhnə əsəri ilə bağlı dramaturqun söylədiyi bir fikir onun Ə.İsgəndərov yaradıcılığına verdiyi qiymət kimi dəyərləndirilir: “Vaqifi Tanrı yaratdı, mən yaşatdım, Ədil ona ikinci ömür verdi”.
“Vaqif” tamaşası səhnəyə hazırlanan ərəfədə teatrın bir çox tanınmış simalarının (A.M.Şərifzadə, Ü.Rəcəb, A.Tanailidi, dramaturq H.Cavid, şair-tərcüməçi Ə.Cavad) “xalq düşmən” adı ilə həbs olunması və R.Təhmasib kimi istedadlı bir aktyorun teatrdan uzaqlaşaraq kino sahəsinə keçməsi Akademik Dram teatrı üçün böyük itki sayılır. Ə.İsgəndərov ağır sınaqlar qarşısında qalan kollektivin əvvəlki əzmini özünə qaytarmaq məqsədilə ciddi yaradıcılıq axtarışlarına başlayır. Teatr tarixinə qəhrəmanlıq və vətənpərvərlik ruhlu tamaşa kimi daxil olan “Vaqif” Ə.İsgəndərovun quruluşunda dekorasiya, aktyor oyunu, ümumi kompozisiya quruluşu ilə, həm də klassik ənənələrin yeni formada təqdimatı kimi diqqət çəkir. Tamaşada Vaqiflə yanaşı Eldarın da xalq qəhrəmanı kim önə çıxması rejissor məqsədinə xidmət edir. Müəllif tərəfindən tarixi təhriflərə məruz qalsa da, teatr ictimaiyyəti tətəfindən romantik ənənələrin davamı olaraq qəbul edilən “Vaqif” tamaşası dövrün tələblərinə cavab verdiyindən mətbuat tərəfindən təqdir edilir.
Milli teatr mühitində ilk dəfə olaraq məhz azərbaycanlı aktyorların iştirakı ilə tamaşaçılara təqdim edilən “Vaqif” tamaşası bir quruluşda min dəfə oynanılır: Ə.Ələkbərov nə az, nə çox, düz 25 il Vaqif obrazı ilə tamaşaçıların görüşünə gəlir. Azərbyacan incəsənəti ongünlüyündə (Moskva, 1948) iştirak edən Dram teatrının yeddi səhnə əsərindən ən çox tənqidə məruz qalanı “Vaqif” olsa da, bu tamaşaya görə Ə.İsgəndərov “əməkdar incəsənət xadimi” adına layiq görülür.
S.Vurğun “Vaqif” əsərindən sonra bir-birinin ardınca “Xanlar”, “Fərhad və Şirin”, “İnsan” dramlarını qələmə alır. Humanist ideyaların və vətənpərvərlik duyğularının ön plana çəkildiyi “Fərhad və Şirin” əsərinin quruluşundakı (1952) monumentallıq Ə.İsgəndərov məktəbinin növbəti uğurlarından sayılır. Azərbaycanın mütəfəkkir şairi N.Gəncəvinin 800 illik yubileyinə töhfə sayılan “Fərhad və Şirin” tamaşasına görə quruluşçu rejissor “xalq artisti” fəxri adına təqdim edilir.
İ.Əfəndiyev yaradıcılığının teatrla qaynayıb-qarışması, ilk növbədə, məhz Ə.İsgəndərun adı ilə bağlıdır. M.Hüseyinlə birgə yazdıqları “İntizar” dram əsəri ilə (1944) teatr həyatında görünməyə başlayan dramaturqun Bakı neftçilərinin həyatından bəhs edən “İşıqlı yollarla” əsəri (1947) bu səhnədə onun ilk müstəqil işi sayılır. Kənd adamlarının həyatından bəhs edən, yeni içtimai-əxlaqi münasibətlərə həsr olunan və psixoloji-realizm üslubunda yazılan “Bahar suları” əsəri isə Ə.İsgəndərovun quruluşunda (1948) ilk səhnə həyatını yaşayır. “Realist psixoloji üslubun açıq formasının başılca prinsiplərini bəyan edən”, “altmışıncı illərdə təşəkkül tapan lirik-psixoloji üslubun müəyyən mənada təməli olan” (İ.Rəhimli) və eləcə də dramaturgiyada «konfliktsizlik» nəzəriyyəsi ifşa olunandan sonra Akademik Dram Teatrında ilk konfliktli dram əsəri kimi dəyərləndirilən “Bahar suları” əsərinin səhnə həlli birmənalı qarşılanmır, tamaşa haqqında müxtəlif mülahizələr irəli sürülür.
“Aydın” tamaşası ilə Ə.İsgəndərov “Cəfər Cabbarlı yaradıcılığının ilkin dövrünün pyeslərinə rejissor münasibətlərinin “ştamplanmış” formasının demək olar ki, kirəclənmiş ölçü-prinsiplərinin dağıtdı. Ədil İsgəndərov bütöv şəkildə olmasa da, sübut etdi ki, Cəfər Cabbarlı ilk növbədə ictimai-siyasi konfliktlər qaynağında güclü, həyati, koloritli, tipik xarakterlər dramaturqudur” (İ.Rəhimli). Dramaturqun xalqlar dostluğunun tərənnümünə həsr olunan “1905-ci ildə” tamaşasında (1955) quruluşçu rejissorun həddindən artıq monumentallığa, epikliyə meyl etdiyi qeyd edilir. Dramaturgiyanın və teatrın nəzəri-estetik problemlərinə həsr olunan “Dönüş” pyesinin uğuru səhnə həlli isə (1960) sənət aləmində özünü göstərən yeni məzmunun, yeni ruhun və yeni istiqamətin ehtiraslı təsvirində ifadə olunur.
Yaradıcılıq fəaliyyətində ilk dəfə olaraq dünya klassiklərindən V.Şekspir dramaturgiyasına müraciət edən Ə.İsgəndərov “Otello” tamaşası ilə (1949) kütləvi xor, rəqs və döyüş səhnələri fonunda azadlıq, insanpərvərlik və məhəbbət ideyalarını önə çəkməklə teatr həyatında hadisəyə çevrilən bir tamaşa ərsəyə gətirir. Quruluşçu rejissor S.Mayorovun yozumunda formalizmdə suçlandırılan “Otello” tamaşası (1932) Ə.İsgəndərovun quruluşunda üslub mükəmməlliyi və monumentallığı ilə diqqət çəkir. “Lirik poetikliyi, romantik ruhun monumental həlli, həyatiliyi, aktyor oyunlarının realizmdən şirələnməsi ilə orjinal alınmış” (İ.Rəhimli) bu tamaşanın uğuru, həm də böyük aktyorluq imkanlarına malik olan Ə.Ələkbərovun adı ilə bağlı olur. Hələ Gəncədə ikən bu obraz üzərində yaradıcılıq işi aparan Ə.Ələkbərov böyük səhnəyə dəvət aldığından Otello ilə bağlı axtarışlarını Akademik Dram teatrının səhnəsində davam etdirməli olur.
Quruluçu rejissor “Otello” tamaşası ilə ilk dəfə olaraq yaradıcı kollektivi bir araya gətirməklə mükəmməl bir ansambl yaratmaq arzusuna nail olur. Teatrın 75 illiyinə qiymətli töhvə kimi dəyərləndirilən “Otello” tamaşasına görə Ə.İsgəndərov Lenin ordeni ilə təltif olunur.
Teatra “yeni üslub-ifadə vasitələri, aktyor və rol işlənmə prinsipi, bədii materialın təfsiri, kompozisiyasının zərifliyi, sözün hərəkətdə romantik lirizmlə təcəssümü” (İ.Rəhimli) kimi yeni keyfiyyətlər bəxş edən Ə.İsgəndərovun teatr yaradıcılığında Ü.Rəcəb, B.Şəkinskaya, Ə.Ələkbərov, R.Əfqanlı, M.Əliyev, M.Davudova, A.Gəraybəyli, N.Əliyeva, S.Hacıyeva, İ.Osmanlı, F.Qədri, Ə.Qurbanov, S.Tağızadə, Ə.Məmmədova, H.Qurbanova, L.Bədirbəyli, Ə.Sultanov, M.Dadaşov, H.Salayev kimi romantik aktyor məktəbinin tanınmış simaları mühüm rol oynamışdır.
Romantizmi “1905-ci ilin rus inqilabının doğurduğu mürəkkəb içtimai-siyasi hadisələrin ziddiyyətləri içərisində yetişən ədəbi proses” kimi dəyərləndirən professor İ.Kərimova görə bu proses ilk olaraq teatra ədəbiyyatdan qabaq, 1890-cı illərin axırlarından etibarən tərcümə dramaturgiyası vasitəsilə daxil olmuşdur. Və təbii ki, “yeni məfkurənin, həyata yeni baxışın, kütləvi qəhrəmanlıq ruhunun ifadə edilməsində faydalı görünən romantizmin” (C.Cəfərov) teatr prosesindəki sonrakı inkişafı N.B.Vəzirov (“Müsibəti-Fəxrəddin”) və H.Cavid daramaturgiyası ilə (“İblis”) davam etdirilir. Beləliklə də “teatrın ideya, bədii-estetik istiqaməti yeni bir keyfiyyətlə-fəlsəfi məzmunlu poetik forma və mündəricə ilə zəngiləşir”. İ.Kərimov.
“Romantik teatr” poetikasının parlaq nümayəndəsi H.Ərəblinski məktəbinin təmsil etdiyi şərtləri - vahid bədii tərtibat sistemini, müəyyənləşdirilmiş ifa tərzini, təsirli effektlər sistemini dövrün yaradıcılıq normasına çevirən, zamanın tələblərindən irəli gələrək həyatın ziddiyyətlərindən, ictimai bəlalarından daha çox onun gözəlliyini, romantikasını təcəssüm etdirən Akademik Dram teatrının monumental tamaşalar yaratmaq üçün apardığı mübarizənin önündə yer alan Ə.İsgəndərov ömrünün 25 ilini (o, 1910-cu ildə Gəncədə anadan olmuşdur) milli teatr sənətinin inkişafına həsr etməklə 30 dan artıq tamaşaya səhnə həyatı verir. İdeyalılığı, məfkurəviliyi əsas götürməklə inqilabi ruhlu pyeslərlə yanaşı, tarixi və müasir mövzulu əsərlərə müraciət edən Ə.İsgəndərovun tamaşalarındakı miqyas genişliyi, ifadə üslubunun böyük anlamda üzə çıxması, tərtibatın məkan həllindən konfliktin ölçü bilməyən toqquşma dərəcəsinə qədər hər şey; ifaçı aktyorlarda güclü qaltanlı səs, tamaşaçı ilə birbaşa ünsiyyət, ehtiras, toqquşması, əzab, göz yaşları, fəryadlar onun sənət poetikasının əsasını təşkil edir.
“Təkcə onu demək kifayətdir ki, Ə.İsgəndərov Azərbaycan teatrı tarixində hələlik yeganə rejissordur ki, əsərlərinin ömrü uzun olmuş, özünəməxsus teatr intizamı yarada bilmiş, milli mədəni kökdən güc alan ifaçılıq xüsusiyyətləri ilə seçilən aktyor nəsli yetişdirmişdir. Nəhayət, Ə.İsgəndərov rejissurasının başlıca nailiyyəti kimi onu demək lazımdır ki, Azərbaycan milli teatr mədəniyyətində, o cümlədən səhnə sənətində teatr duyumu anlayışı və istilahı yaratmışdır. Bir az da irəli getsək bütövlükdə, mədəniyyət tariximizdə Ə.İsgəndərovun teatrı deyilən təzahür faktı qalmaqdadır” (İ.İsrafilov.)
Azərbaycan milli teatr tarixində Ə.İsgəndərovun yerininin öyrənilməsi ilə bağlı aparılan elmi-tədqiqat işlərində əsasən görkəmli rejissorun yaradıcılığna soyuq, təftişçi münasibət olduğu bildirilir. Səbəbi onun yaşadığı dövrün xüsusiyyətləri, sonradan bu cəmiyyətə verilmiş qiymətlə əsaslandırılır. 1936-1945-ci illər intervalını Ə.İsgəndərov fəaliyyətinin ən çətin mərhələsi qismində qiymətləndirən Ə.İsgəndərov yaradıcılığının tədqiqatçılarından olan R.Novruzovanın fikrincə “əgər teatrın baş rejissoru kimi Ə.İsgəndərovun 1960-cı illər ərəfəsində səhv etmək, yanılmaq, nəyisə nəzərdən qaçırmaq və ya məşhur bur sənətçi statusunda şıltaqlık etmək hüququ vardıysa, müharibə ərəfəsində gedən proseslər zamanı o, belə hüquqdan az qala inzibati qaydada məhrum edilmişdir”. Tədqiqatçıya görə Azərbaycan teatrının tam şəkildə sovetləşməsi məhz bu dövrün məhsulu olduğundan teatr rəhbərliyi bu “məhsula” görə ciddi məsuliyyət daşıyırdı. “Deməli dövr özü, daha konkret isə respublikanın dövlət və partiya rəhbərliyi Ə.İsgəndərovu, əgər belə demək mümkündürsə, teatrda lider olmaq üçün “nişanlamışdı”. Ona görə də Ə.İsgəndərovun teatr sənətində və teatrın təşkilatı sferasındakı, Azəbaycan sovet teatrının yaradılması prosesindəki addımları inamlı və özünə arxayın adamın addımları idi”. O da qeyd olunur ki, “dövlətin büdcəsində “oturmuş” bir müəssisə rəhbərliyinin dövlətin yeritdiyi siyasətin təbliğatçısına çevrilməkdə, ona dəstək verməkdə borclu olan Ə.İsgəndərov “sovet ideologiyasına tam səmimiyyətlə xidmət edə-edə, həm də Azərbaycan teatrının milliliyini, xalq ənənələri müstəvisində formalaşmış özəl cəhətlərini hər zaman ön planda saxlamaqla”, təkcə “Azərbaycan sovet teatrının müəllifi” kimi deyil, eyni zamanda “Azərbaycan teatrının klassik obrazını formalaşdıran rejissor” kimi tarixə düşür. Beləliklə də, “qüdrətli rejissor Ə.İsgəndərov səhnədə aktyorun suflyora möhtac olmasına son qoydu. O, Azərbaycan səhnəsinə əzəmətli və əlvan monumentallıq gətirdi. Qərbi Avropa teatrı köklərindən şirələnmiş sənət ocağına güclü, milli ruh aşıladı. Onların üzvi vəhdətinin estetik əsasını qoydu. Teatrın repertuarı ətrafında güclü çağdaş müəlliflər toplaya bildi. Ən əsası isə “Ədil İsgəndərov teatrı” ifadəsinin elmi-nəzəri əsasında duran canlı teatrın fəaliyyətinə nail oldu”.İ.Rəhimli.
XX əsrin üçüncü onilliyində Akademik Dram teatrının səhnəsində R.Mustafayev, Ə.Əzimzadə, N.Fətullayev kimi rəssamlarla yanaşı, rus rəssamları da çalışırdı. A.Ayzenin rəhbərlik etdiyi musiqi tərkibində Ə.Bədəlbəylidən başqa bütün müsiqiçilər milliyyətcə rus idi. Belə bir vaxtda Ə.İsgəndərovun teatr mühitində hüzur etməsi milli teatr sənətinin üfüqlərinə aydınlıq gətirir. Ə.İsgəndərovun fəaliyyəti nəticəsində İ.Axundov, B.Əfqanlı, Ə.Abbasov kimi milli teatr rəssamaları yetişir. Q.Qarayev, S.Hacıbəyov, T.Quliyev F.Əmirov, C.Cahangirov, S.Rüstəmov kimi bəstəkarlar teatr işinə cəlb olunurlar. Məhz Ə.İsgəndərovun təşəbbüsü ilə qərb çalğı alətləri orkestri ilə yanaşı, teatrda ilk dəfə milli musiqi üçlüyü (tar, kaman, ud) yaradılır.
Akademik Dram teatrına baş rejissor təyin olunduğu ilk vaxtlardan şair S.Rüstəm (direktor), maestro Niyazi ( kütləvi işlər üzrə rəhbər), dramaturq S.Rəhman, tənqidçi C.Cəfərov (ədəbi hissə müdiri) ilə birgə çalışan Ə.İsgəndərov gənc rejissorlara (S.Turabov, Ə.Ələkbərov, M.Haşımov, Ə.Şərifov, Ş.Bədəlbəyli, M.Zeynalov və Ə.Quliyev) özlərini ifadə etmək üçün geniş imkanlar yaradır.
1951-ci ildən sonra Ə.İsgəndərova qarşı qərəzli hücumlar səngimək bilmir. “Konfliktsizlik” nəzəriyyəsinin fəsadlarından xilas olmaq üçün teatrın mühitinə yeni abi-hava gətirmək məqsədilə ənənəvi üslubla yeni üslubun sintezinə ehtiyac ortaya çıxır. Belə bir təcrübəni Ə.İsgəndərov ilk növbədə S.Rəhmanın “Nişanlı qız” (1953) və N.Hikmətin “Türkiyədə” (1953) əsərləri üzərində sınaqdan keçirir. “Həyat” (M.İbrahimov, 1954) tamaşası öz aktuallığını itirdiyindən diqqəti cəlb etmir. Cənubi Azərbaycanda baş verən demokratik hərəkatın vəhşicəsinə yatırılmasından sonra xalqın həyatında baş verən əzablı günlərdən, eləcə də gizli mübarizələrdən söhbət açan, dolğun xarakterlər, gərgin dramatik hadisələrlə zəngin olan “Od içində” (Ə.Məmmədxanlı, 1951), bədii və dramaturji cəhətdən zəif olan “İliç buxtası” (C.Məcnunbəyov, 1958-ci il) tamaşaları da ədəbi ictimaiyyət tərəfindən bir mənalı qarşılanmır.
20 illik fasilədən sonra böyük ədib H.Cavidin milli teatra tarixi qayıdışı (1959) Ə.İsgəndərovun adı ilə bağlı olur. Dramaturqun “Şeyx Sənan” əsərini romantik estetik səhnələrdən uzaqlaşaraq realist səpgili nikbin bir faciə kimi tamaşaçılara təqdim etmək arzusunda olan quruluşçu rejissorun bu arzusu həyata keçmir.
Şəxsiyyətə pərəstişdən sonra ictimai-siyasi həyatda baş verən dəyişiklik Ə.İsgəndərov düşüncəsində təbəddülat yaradır və o yeni teatr estetikasına, yeni meyarlara ehiyacı nəzərə alaraq teatrın fəaliyyət istiqamətini realist ənənələrin inkişafına doğru yönəltməklə mücərrəd “monumentalizm”dən uzaqlaşmağa başlayır. Bu onun “Namus” tamaşasında (A.Şirvanzadə, 1952) özünü bariz şəkildə təzahür etdirir. M.Məmmədov və T.Kazımov kimi istedadlı gənc rejissorların yaradıcılığından bəhrələnmək cəhdi teatrın ədəbi mühitinin yenilənməsi amacına xidmət edir.
1300 il bundan əvvəl Ağvan (Azərbaycan) ölkəsində hökmran olan Cavanşirin həyatına və mübarizəsinə həsr olunan “Cavanşir” tamaşası (M.Hüseyin, 1957-ci il) müəyyən kəm-kəsirə baxmayaraq uğur qazanır: “Cavanşir” əsəri öz səhnə quruluşu etibarı ilə çox arxaik təsir bağışlasa da vətənpərvərlik ideyası naminə qəhrəmanlığa və hünərə oxunan bir alqış kimi səslənir (C.Cəfərov). Tamaşanın əsas obrazlarından olan hökmdar-vətəndaş Cavanşir (Ə.Ələkbərov), nəinki təkcə döyüş meydanlarında, istilaçılara qarşı mübarizədə, həm də ölkənin çiçəklənməsi və möhkəmlənməsi naminə daxili mübarizələrdə vətənə xidmət göstərməyin yüksək nümunəsi kimi təqdim edilir.
1950-ci illərdən sonra Akademik Dram teatrının səhnəsində romantik estetik səhnələrdən uzaqlaşmaqla lirik-psixoloji iqlim yaratmaq, cüzi detallarla mühitin təsvirinə nail olmaq, təbii boyalardan istifadəni yeni keyfiyyətlər üzərində qurmaqla milli koloriti aydın təcəssüm etdirmək və s. kimi cəhdlər təbii ki, romantik aktyor oyunu ilə monumental rejissor işinin ahəngdarlığını təmin etmək məqsədi daşıyır. Səhnəyə yumuşaq emosiya bəxş etməsi ilə diqqəti çəkən N.Fətullayev, məkanın obrazlı təsvirinə çalışan B.Əfqanlı, eyni zamanda K.Kazımzadə, İ.Axundov, S.Şərifzadə və S.Yefimenko kimi istedadlı teatr rəssamları, məhz Ə.İsgəndərovun rəhbərliyi dönəmində səhnəqrafiyanın inkişafına xidmətlər göstərmişlər.
Ə.İsgəndərovun təşəbbüsü ilə gənc kadrlara olan ehtiyacı ödəmək məqsədilə 1944-cü ildə teatrın nəzdində aktyor studiyası yaradılır. Əsası A.Tuqanov tərəfindən qoyulan aktyor studiyasında (1935) pedaqoji fəaliyyətə başlayan Ə.İsgəndərovun ilk tələbələri sırasında Ə.Quliyev, M.Nuriyev, R.Rzayev, N.Aşurov kimi aktyorlar yer alır. Ə.İsgəndərov pedaqoji fəaliyyətini sonradan Teatr institutunda davam etdirir. Həmin ali məktəbin (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) ilk professorlarından sayılan Ə.İsgəndərovun yetirmələri bu gün də milli teatr sənətinin inkişafına öz dəyərli töhfələrini verməkdədir.
Dram teatrının “akademik” statusuna layiq görülməsi (1959) görkəmli sənət xadiminin xidmətləri sırasındadır. Teatr yaradıcılığının son dönəmlərində “SSRİ xalq artisti” fəxri adını daşıyan Ə.İsgəndərovun iki dəfə Azərbaycan SSRİ Ali Sovetinə deputat seçilməsi, eyni zamanda “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə də təltif olunması sənət xadiminin sənətinə verilən qiymət kimi dəyərlidir.
Ə.İsgəndərov Rus Dram teatrı vı Opera və Balet teatrı səhnələrində bir çox tamaşalara (S.Vurğun “Vaqif”, R.Qilyer “Şahsənəm” və s.) səhnə həyatı verir.
Rəhbəri olduğu Akademik Dram teatrının son illərdəki uğursuzluğunu Şekspirin “Hamlet” və S.Rəhmanın “Əliqulu evlənir” tamaşası ilə aradan qaldırmağa cəhd göstərsə də, onun bu istəyi yarımçıq qalır...
Yaradıcılığının ən məhsuldar dövrünü teatr sənətinin inkişafına xidmətdə keçirən Ə.İsgəndərovun Akademik Dram teatrının səhnəsindən uzaqlaşdırılması (1960) 37-ci il represiyasındaan sonra bu teatrın həyatında ikinci böyük itki sayılır...
Hələ 50-ci onilliyin ortalarından filmlərə dəvət alan Ə.İsgəndərov teatrdan uzaqlaşdırıldıqdan sonra 1960-cı ildən 1966-cı ilə qədər C. Cabbarlı adına “Azərbaycanfilm” kinostuduyasında aktyor kimi fəaliyyətə başlayır. Kino yaradıcılığının ilk mərhələsində Xəlilov (“Qara daşlar”, rej.A.Quliyev, 1956), məhkəmə sədri (“Bir məhəllədən iki oğlan”, rej. Ə.İbrahimov və İ.Qurin, 1957), Rosselini (“Uzaq sahillərdə”, rej. T.Tağızadə, 1958), tacir (“Leyli və Məcnun”, rej.L.Səfərov, 1961), klub müdiri (“Əmək və qızılgül”, rej.T.Tağızadə, 1962), Quliyev (“Romeo mənim qonşumdur”, rej.Ş.Mahmudbəyov, 1963), Nikandro (“Zəncirlənmiş adam”, rej. K.Rüstəmbəyov, 1964), Xaçaturov (“İyirmialtılar”, rej.Ə.İbrahimov, 1966) kimi obrazlara çəkilən Ə.İsgəndərov “Azərbaycanfilm”ə rəhbər təyin edildikdən sonra (1966) onun kino obrazları sırasına Kamilov (“Qanun naminə”, rej.M.Dadaşov, 1968), Kərbəlayi İsmayıl (“Axırıncı aşırım”, rej.K.Rüstəmbəyov, 1971), Nəsib bəy (“Ulduzlar sönmür”, rej.Ə.İbrahimov, 1971), Yatağan (“1001-ci qastrol”, rej.O.Mirqasımov, 1974) kimi personajlar əlavə olunur. “Axırıncı aşırım” filmində yaratdığı Kərbalayı İsmayıl obrazına görə Ə.İsgəndərov Tbilisidə keçirilən 5 Ümumittifaq Kinofestivalında (1972) “ən yaxşı kişi rolu” nominasiyasının baş mükafatına layiq görülür.
Kinostudiyada rəhbər vəzifədən uzaqlaşdırıldıqdan sonra (1974) Ə.İsgəndərovun çəkildiyi filmlərin sırasına Hətəmxan ağa (“Dərviş Parisi partladır”, rej.K.Rüstəmbəyov və Ş,Mahmudbəyov, 1976), Fərman (“Üzü küləyə”, rej. Ə.Mahmudov, 1977), Dadaşlı (“Arxadan vurulan zərbə”, rej.A.Babayev, 1977) kimi obrazlar daxil olur. Dadaşlı obrazı Ə.İsgəndərovun kinoda son aktyor işi sayılır.
C.Cabbarlı adına “Azərbaycanfilm”də ekranlaşdırılan, 1963-cü ilin noyabr ayının ilk ongünlüyündə “Nizami” kinoteatrında 33 gün tamaşaçılara təqdim edilən “Əhməd haradadır?” filmi (müəllif S.Rəhman, operator Y.Fogelman, rəssam M.Hüseynov, bəstəkar R.Hacıyev, səs operatoru Ə.Şeyxov) Ə.İsgəndərovun bir rejissor olaraq kinoda ilk və son işi sayılır. S.Səfiyev, T.Əzimova, M.Şeyxzamanov, N.Məlikova, N.Paçuaşvili, E.Qasımov, S.Aslan, N.Axundov, M.Mərdanov, A.Cavadov, L.Abdullayev, E.Zeynalov, B.Səfəroğlu, Ə.Ağayev, Y.Yulduz, A.Pənahova, T.Rəhmanov, Ə.Mahmudov, M.Nuriyev kimi aktyorların çəkildiyi bu film ekrana çıxar-çıxmaz ünvanına tənqidi fikirlər söylənir. Hətta rejissorun özünün də bəyənmədiyi bu film 47 ildən çoxdur ki, hələ də öz aktuallığını saxlamaqdadır.
Ə.İsgəndərovun yaradıcılığı ilə bağlı bəzi bəlgələrdə biz onun SSRİ və Türkiyə kinematoqrafçılarının birgə istehsalı olan “Məhəbbətim mənim, kədərim mənim” filmində yer aldığı haqda məlumatlara rast gəlirik.
“Azərbaycanfilm”ə rəhbərlik etdiyi dönəmlərdə neçə-neçə kino xadimlərinin (R.Ocaqov, T.Tağızadə, A.Babayev, R.İsmayılov, X.Muradov, E.Qasımov, F.Əliyev, T.Məmmədov, Ə.Mahmudbəyov və b.) püxtələşməsində əmək xərcləyən Ə.İsgəndərov kino studiyaya yeni abi-hava gətirir: Kinostudiyada erməni hegemonluğuna son qoymaqla azərbaycanlı aktyorların əsas rollarda yer almasına şərait yaradır. O, kino sənətinin milli kadrlarla (rejissor, operator, ssenarist) təmin etmək üçün ciddi inzibati və yaradıcı işlər görürür: İstedadlı gənclərin bir qismini Moskvaya Ali Kino məktəbinə oхumağa göndərir, bəzilərini isə “Azərbaycanfilm” studiyasının nəzdində təşkil etdiyi iki illik aktyor kursuna (1966) cəlb edir.
Ə.İsgəndərov “Vaqif” əsəri əsasında ikiseriyalı bədii film çəkmək arzusunda idi...
Kinostudiyadan “öz istəyi” ilə uzaqlaşdırılan (1974) Ə.İsgəndərov ömrünün sonuna qədər İncəsənət İnstitutunda pedaqoji fəaliyyətini davam etdirməklə məşğul olur, eyni zamanda filmlərə çəkilir.
O, 100 il bundan öncə bir bahar günündə baharda dünyaya gəlmişdi, 68 il sonra ömrünün payızında həyata vida edir...
Düz 42 ildir ki, milli teatr və kino sənətimiz bu böyük və əvəzsiz sənət xadiminin yoxluğunu yaşayır...