Azərbaycan xalqının Milli Dirçəliş Günüdür.
1988-ci ilin noyabr-dekabr aylarında erməni təcavüzünə, Topxana meşəsinin qırılmasına etiraz olaraq, Bakıda 18 gün fasiləsiz davam edən etiraz mitinqləri ilə başlanan Meydan hərəkatı Azərbaycan xalqının Milli Azadlıq Hərəkatı idi. Mitinqlər zamanı Azadlıq meydanında ilk dəfə Azərbaycanın milli bayrağı qaldırılıb və Sovet İttifaqından ayrılmaq məsələsi gündəliyə gətirildi.
Meydan hərəkatı Azərbaycanın müstəqilliyini qazanması və üçrəngli bayrağının dalğalanması ilə yekunlaşdı.
Azadlıq meydanından başlanan xalq hərəkatı tezliklə bütün SSRİ-də geniş etirazlarla davam etdi və nəhayət 1991-ci ilin dekabrında Sovet İttifaqı dağıldı, Azərbaycan müstəqilliyinə qovuşdu.
Tarixə Milli Dirçəliş Günü kimi düşən 17 noyabr 1988-ci il həm də müstəqilliyimizin bərpasının ilk cücərtisi hesab edilə bilər.
Milli Azadlıq Hərəkatında olduğu kimi, Azərbaycan xalqı Vətən müharibəsində də mütəşəkkil oldu, möhtəşəm birlik, həmrəylik nümayiş etdirdi və bu birlikdən güc alan Azərbaycan Ordusu yeni, şərəfli tarix yazdı. Ona görə biz artıq bu tarixi daha böyük fəxrlə qeyd edirik.
Azərbaycan Yüksəliş Partiyası Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edir, tarix boyu milli birliyimiz, müstəqilliyimiz, ərazilərimizin bütövlüyü uğrunda çalışan, vuruşan hər kəsi dərin ehtiramla yad edir, şəhidlərimizin ruhu qarşısında baş əyir!
Qürur və şərəf tariximiz mübarək!