Sumqayıtda kredit borcundan ötrü sıxışdırılan və buna görə məhkəmə salonunda infakt keçirərək, dünyasını dəyişən qazimiz, polkovnik-leytenant Şahmurad Məmmədovun ölümü hamımız üçün tam bir rəzillikdir.
Yaxınlarının bildirdiyinə görə, qazimiz borc səbəbilə bloklanan təqaüd kartının blokdan çıxarılması üçün məhkəməyə gedibmiş.
Əvvəla, bir qazinin borca görə sıxışdırılması etik deyil.
Ümumiyyətlə, hansı haqla qazinin təqaüd kartı bloklanır? Bu müavinət onun minimum yaşam şərtlərinin ödənilməsi üçün təyin olunub. Bir insanın minimum yaşayışı üçün resurslardan məhrum edilməsi cinayətdir, onu təbii yollarla ölümə sürükləməkdir.
Bildiyim qədərilə əmək haqqının, təqaüdün və ya digər gəlirin yalnız müəyyən hissəsi borca yönəldilə bilər. Belə olan halda, hansı haqla qazimizin, üstəlik 5 uşaq atasının bütün gəliri borca yönəldilib və kartı bloklanıb?
Görünür, məhkəmələr bu həssas qruplarla da bağlı qərarlarını iyrənc və korrupsiyalaşmış sistemləri çərçivəsində verir.
Əlbəttə ki, ölkəmizdə məhkəmə sisteminin hansı çirkablar içində olduğu heç kimə sirr deyil, lakin bir insana qarşı belə qərar çıxarmaq, bu qərara hüquqi don geyindirərək, onun əlini-qolunu bağlamaq çox təhlükəlidir. Bu, ədalət prinsipinin tamamilə məhvi, dövlətə, dövlətçiliyə inamın sarsıdılması ilə yanaşı, həssas qrupa aid olan qazinin ölüm həddinə çatdırılmasıdır.
Şəhidlərimizin ailələri, qazilərimiz, müharibə iştirakçılarımızla bağlı məsələlər strateji amildir. Bu kimi hadisələr (biri özünü yandırır, birinin ürəyi partlayır) bizim xarici təhdidlərə qarşı hərbi-ideoloji immunitet qazanmağımızı baltalayır.
Bir tərəfində İran, bir tərəfində Rusiya (mən hələ maraqları olan digər dövlətləri demirəm) olan ölkəmiz üçün sabotaj, xaosa zəmin yaradacaq təxribatlar hər gün, hər saat partlamağa hazır bomba kimi planlı şəkildə qurulur. Ölkənin bir hissəsində "sülhməramlı" adı ilə rus hərbçilər var. Həmin hissədə “dinc sakin” adı altında separatçı erməni silahlı birləşmələri var.
Yəni savaş bitib, amma təhlükə sovuşmayıb. Savaş əzminin ölməsinə qəti şəkildə yol vermək olmaz. Yəni, anlamırsınız ki, sizin etinasızlığınız bu millətin və dövlətin başında çatlayır?
Dövlət heç bir zaman Qazisinin önündə çarəsiz görünməməlidir. Çünki dövlətin varlığı əsgərinin çiyinlərindədir. Qaziyə qarşı göstərilən bu etinasızlıq və yanlışlar dövlət sütunlarını zədələməkdir. Bu, yolverilməzdir cənab məmurlar və hakimlər!
Ümumiyyətlə, hakimiyyətin əlillər, qazilər, müharibə iştirakçıları ilə bağlı siyasətində boşluqlar həddindən artıq çoxdur. Qələbə ilə başa vurduğumuz Vətən müharibəsindən cəmi 2 il keçsə də, hər gün müxtəlif biabırçılıqla qarşılaşırıq. Fiziki qüsurlu insanların, qazilərin evlə təminat hüququ, pensiya hüququ əlindən alınır. Bu hüquqların təmin olunması üçün üz tutduğu məhkəmədə isə daha dəhşətli halla qarşılaşır - təminatları ilə yanaşı, son ümidi də əlindən alınır.
Bu və bu kimi hallar yolverilməzdir. Əlillər, qazilər və müharibə iştirakçıları cəmiyyətimizin həsas qrupudur və başımızın tacıdır. Onların problemlərinin araşdırılıb, həll olunması boynumuzun borcudur.