14 illik fasilədən sonra Türkiyəyə gələn İsrail prezidenti çıxışında maraqlı bir məqama toxundu.
Nazim Hikmətin "Yaşamaya dair" şeirinin maraqlı bir parçasını sitat gətirdi. "Birlikdə zeytun ağacı əkək, özü də gələcəyə görə yox, bir an öncə bəhrəsini görək" deyir.
Bütün hallarda müsbət tendensiyadır və hadisələrin bu cür inkişafı gözlənilən idi.
Təxminən 1 ay əvvəl mühüm bir olay yaşandı. Amerikada Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrail səfirləri arasında görüş keçirildi. Görüşün detalları bizə məlum olmasa da, bu formatda görüşün siyasi əhəmiyyətinin Avropa və ABŞ rəsmilərinin Avropanı əlavə qazla təmin etmək üçün olduğu qənaətindəydik.
Həmin görüşdən sonra qeyd etmişdim ki, Rusiyanın Ukraynada Avropanı qaz ixracını dayandıracağı ilə şantaj etməsi Qərbin üzünü Azərbaycan və Orta Asiyaya doğru çevirəcək və çevirdi. Çünki Avropa Rusiyanın qaz asılılığından qurtulmalıdır.
Azərbaycan TAP və TANAP layihələri ilə Avropaya qaz ixrac edir. Ancaq bu layihələrlə satılan qazın həcmi azdır və böyük bir hissəsi Türkiyənin payına düşür. Yəni Azərbaycan təkbaşına Avropanın qaz ehtiyacini ödəyə bilməz. Bu baxımdan da regiondakı başqa qaz ixrac edən ölkələrlə birgə layihələri nəzərdən keçirməlidir.
Nəzərə alaq ki, Qazaxıstan və Özbəkistan böyük qaz ehtiyatlarına malik iki ölkədir. Amma bu ölkələrin birbaşa Azərbaycanın iştirak etdiyi TAP və TANAP layihələrinə çıxışı yoxdur. Bu baxımdan hər üç ölkənin Avropaya qaz ixracatı üçün yeni layihələrdə iştirakı vacibdir. Məhz İsrailin də eyni problemi yaşaması, yəni Avropa ilə birbaşa quru yolunun olmaması regionda bu ölkəni önəmli enerji oyunçusuna çevirə bilmir.
Türkiyənin isə rolu burda tranzit ölkə kimi çox böyükdür. Türkiyə bu ölkələrin təbii qazını rahatlıqla Avropya daşıya bilər. Tək və güvənli daşıyıcı.
Bu, o deməkdir ki, Transxəzər Qaz Kəməri reallığa çevrilmək ehtimalı yüksəkdir.
Ukrayna hadisələri də bu layihənin gerçəkləşməsini sürətləndirir.
Amerika var gücü ilə Avropanın Rusiyadan qaz asılılığını azaltmağa çalışdığı üçün bölgəmizdə yeni siyasi reallıqlar cərəyan eləməyə başlayır.
Yəni bütün hallarda Azərbaycan bu prosesdən Türkiyə ilə birgə uduşlu çıxa bilər.
Budur, İsrail Prezidenti Türkiyədədir, Azərvaycan Prezidenti Türkiyəyə gedir və Türkiyə Prezidenti isə çıxışlarında enerji mövzusunda iş birliyinə hazır olduğunu bəyan edir. Xeyirlisi!