“Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, Təhsil Nazirliyinin ləğv edilərək, Elm və Təhsil Nazirliyinin yaradılması özlüyündə mütərəqqi addımdır. Bununla belə, gecikmiş və bəzi məqamlardan dolayı tərəddüdlər də yaradan hadisədir”.
Bunu xəbər365.com-a Azərbaycan Yüksəliş Partiyası Başqanının Elm və təhsil məsələləri üzrə müavini, dosent doktor İlahə Qurbanlı bildirib.
Onun fikrincə məsələ orasındadır ki, ötən əsrin sonlarından başlayaraq, dünyada, xüsusilə inkişafa meyilli cəmiyyətlərdə təhsil və elm vəhdət təşkil edir: “Təəssüflər olsun ki, bizdə bu proses ötən dövrdə nəinki başladılmadı, hətta üzərinə qalın pərdə çəkildi ki, heç kim nə olub-bitdiyini anlamasın. Geridə qoyduğumuz 30 ildən artıq müddətdə elm monopolisti AMEA elmlə deyil, dövlət büdcəsindən ayrılan milyonların qarşılığında siyasətlə məşğul oldu. Hətta ölkənin aparıcı siyasi təşkilatına, hakim partiyanın təbliğat-təşviqat orqanına çevrildi, desək, yanılmarıq. Yəni bu qurum bir növ alimlərin siyasi senzurası, siyasi "formalirovka"sı ilə məşğul oldu. Nəticədə olan-qalan elmi potensialımızla yanaşı, ziyalı anlayışını da itirdik.
Təkcə bu səbəblərdən dolayı sözügedən fərmanı təqdir etmək lazımdır, amma əvvəl də qeyd etdiyim kimi bəzi məqamlar sual doğurur. Belə ki, AMEA-nın bəzi institutları yeni yaradılan nazirliyə birləşdirilmədi. Həmin qurumların taleyinin necə olacağı bəlli deyil. Üstəlik, yeni nazirliyin tabeliyinə verilən elm tutumlu qurumların fəaliyyət mexanizmi ilə bağlı məqamlar da narahatlıq doğurur. Yeni nazirliyin bu qurumları idarə etmək üçün mexanizmi varmı? Təhsillə elmi vəhdət halında idarəetmə sistemi formalaşdırılıbmı?
Əlbəttə ki, bu və bu kimi suallar cavablandırılmalıdır, hesabatlılıq əsasında şəffaflıq təmin olunmalıdır”.
İlahə Qurbanlı deyib ki, biz hər dəfə inkişafdan danışanda mühüm məqamı nəzərdən qaçırırıq.
“Elm sahəsində bu məqam alimlərin, elmi işçilərin təminatı məsələsidir. Son illər AMEA-nın maddi texniki bazası bərbad vəziyyətə düşmüşdü, şöbələrin işçiləri iş masasının arxasında yer olmadığı üçün az qala növbə ilə əyləşirdilər. Təəssüf ki, indi "cəddinə and içilən" telekanalımız bu problemi qabartmadı. Təəssüf ki, alimlərin, elm adamlarının siyasi təbliğat-təşviqat alətinə çevrilməsinə qarşı çıxan olmadı.
Yeni nazirliyin bu problemləri həll edəcəyini düşünmək sadəlöhvlükdür, lakin ümidverici məqam da var. Əsas odur ki, proses başladıldı, uğurla sona çatdırılacağına ümid edək.
Deməyim odur ki, hələlik çox yenilik gözləmək tezdir. Hazırda atılan addım elmin inkişafından daha çox büdcənin azadılmasına yönələn addım kimi görünür. Bildiyiniz kimi, AMEA böyük struktura sahib idi. İndi bu strukturların böyük hissəsi ya birləşdiriləcək, ya da ləğv ediləcək. Belə olan halda büdcədən bu istiqamətdə ayrılmaları da əhəmiyyətli dərəcədə azaltmaq mümkün olacaq.
Ümid edək ki, ən azından idarəetmənin təkmilləşdirilməsində qənaət edilən vəsait gercək elmə, gerçək elm adamlarına xərclənəcək. Əks təqdirdə, bu qərar da növbəti ad dəyişikliyindən, hansısa məmuru kiçildib, hansınısa böyütməkdən başqa bir şey olmayacaq”, - deyə o əlavə edib.