REAL Partiyasının icra katibi Natiq Cəfərli sosial şəbəkələrdə linç edilməkdədir. Saleh Rüstəmli ilə bağlı aksiyaya və konkret olaraq Tofiq Yaqublunun vəhşicəsinə döyülməsinə bildirdiyi münasibət, əlbəttə ki, müzakirə oluna bilər. Natiq Cəfərlinin fikirləri və onun məsələyə yanaşma tərzi insanların xoşuna gəlməyə bilər. Hətta bizim də...
Amma və lakin bir siyasətçinin fərqli və ya xoşagəlməz bir yanaşmasına bu qədər aqressiv reaksiya, xüsusən təhqir və söyüş bütün hallarda yolverilməzdir.
Hörmətli bəylər və xanımlar! Tofiq Yaqublunun fiziki terrora məruz qalması nə qədər qorxunc və rəzalətdirsə, Natiq Cəfərlinin də mənəvi terrora məruz qalması bir o qədər təhlükəli və hüquqi dövlət prizmasından bir o qədər qorxuncdur.
Bəli, biz avtoritar bir rejimdə yaşayırıq, rejim dövlət idarəçiliyini avtoritar üsullarla həyata keçirir. Və biz demokratik cəmiyyətin bərqərar olması, azad və ədalətli seçkilərin keçirilməsi, hakimiyyətin bütün qollarının öz funksiyalarını doğru-dürüst həyata keçirməsi, vətəndaşın və onun mənafeyinin hər şeydən üstün tutulduğu bir cəmiyyətin formalaşması üçün bunları istəyən hər kəslə birgə yürüməyə varıq.
Sadəcə, anlamaq istəyirəm ki, fərqli düşüncəyə bu qədər aqqessiv münasibət göstərənlər demokratik meyar ölçülərində avtoritaar rejmidən nə ilə fərqlənirlər?
Əgər demokratik bir cəmiyyət istəyiriksə, siyasi plüralizmə, ilk növbədə, özümüz hörmət etməliyik. Kiminsə düşüncələrini qəbul etmiriksə, buna etik-siyasi üslubla cavab verməliyik. Biz siyasi arena və fəaliyyətdə bütün zorakılıqları qətiyyətlə pisləyir, nifrət dilindən istifadəyə və təhqirlərə "yox" deyirik.
Siyasi leksikon, siyasi üslub, etik qaydalar xaricində mübarizə aparacağıqsa, əmin olun ki, bu, hər birimizin başında çatlayacaq! Məncə, bizim istədiyimiz bu deyil axı...