Jurnalist Heydər İsayevi Azərbaycan Yüksəliş Partiyası haqqında yanlış yazmağa nə vadar etdi?
Mənzil-qərargahı ABŞ-da yerləşən və əsasən Mərkəzi Asiya, Qafqaz, Rusiya və Yaxın Şərqdə baş verən ictimai-siyasi hadisələrə işıq tutan analitik xəbər saytı "Eurasianet.com" bu günlərdə Heydər İsayev adlı jurnalistin qələmindən çıxan, Azərbaycanda siyasi proseslərin hazırkı durumu, inkişaf perspektivləri, son illər aktuallaşan siyasi hakimiyyətlə müxalifətin dialoqu barədə araşdırma-yazı dərc edib.
Yazıda yeni yaradılan Azərbaycan Yüksəliş Partiyasından da söz edilib. Partiya Başqanının İqtisadi məsələlər üzrə müavini Rəşad Bakuvi bildirir ki, jurnalist məsələləri ümumi planda dərin təhlil etmiş olsa da, faktları yanlış təqdim edib: "Xüsusilə, son bir ildə yaranan və bu yaxınlarda dövlət qeydiyyatından keçən Azərbaycan Yüksəliş Partiyası haqqında araşdırma aparmadan, daha çox səthi xarakter daşıyan fikirləriylə razılaşmaq mümkün deyil. ABŞ media orqanının sifarişilə təhlil materialı hazırlayan Heydər İsayev yazır ki, guya Azərbaycan Yüksəliş Partiyası fəaliyyətsiz bir partiyadır, misal olaraq da partiyanın vebsaytında ən son bəyanatın 2020-ci ilin yayında ABŞ-Türkiyə münasibətləri kontekstində verildiyini iddia edir. Daha sonra əlavə edir ki, siyasi təşkilatın "Twitter" hesabının sadəcə 50 təqibçisi var.
Bir partiyanın cəmiyyət arasında nüfuzunu müəyyənləşdirmək üçün Azərbaycanda çox da populyar olmayan sosial media hesabının təqibçidə sayını ciddi meyar kimi qəbul etməyin özü də qərəzli bir yanaşmadır".
Partiya funksioneri qeyd edir ki, partiyanın fəaliyyətinin araşdırılmasına tamamilə səthi yanaşılıb: "Əvvəla, ABŞ kimi qüdrətli bir ölkənin maliyyəsi ilə formalaşan nüfuzlu "Eurasianet" media qrupuna yazı hazırlayan jurnalist işini daha sanballı etmək üçün ona səthi yanaşmayıb, ciddi araşdırma aparmalı, həqiqət nədirsə ona istinad etməliydi: "Xüsusilə, təhlil materialında yeni qeydiyyatdan keçmiş AY Partiyanın adını çəkmək, fəaliyyətini qaralamaq qərarına gəlinibsə…
Bunu etmədən yazıda partiyanın fəaliyyətini əsassız olaraq çox sönük ifadə etməsi təəssüf doğurur və bu yanaşmanın jurnalistika peşəsilə əlaqəsi yoxdur. Çünki AY Partiya haqqında fikir bildirmək üçün onun mətbuat xidmətilə əlaqə saxlayıb ciddi məlumatlar almaq, partiyanın başqanı Anar Əsədlidən, Başqanlıq Heyətinə daxil olan müavinlərindən fikir öyrənmək, yaxud Partiyanın ən azı Azərbaycan və ingilis dillərində olan vebsaytına göz gəzdirmək, bu da olmasa, siyasi institutun rəsmi "Facebook" səhifəsinə göz atmaq kifayət edərdi. AY Partiya elan olunduğu gündən, demək olar, hər gün istər ölkə daxilində, istər regionda və qlobal miqyasda baş verən bütün ictimai-siyasi, sosial-iqtisadi, humanitar hadisələr, problemlər barədə, o cümlədən qlobal iqlim dəyişikliklərinin yaratdığı fəsadlar haqqında iki ya üç, bəzən beş yazılı bəyanat, açıqlama, mesaj xarakterli çağırışlar edir ki, bunu görməmək, sadəcə mümkün deyil. Partiyanın bu müddətdə təşkil etdiyi ictimai-siyasi, humanitar, mədəni tədbirlər, həmçinin bu kimi tədbirlərdə iştirakı, mütəmadi olaraq dövrü mətbuatda siyasi partiyanın özəyini təşkil edən siyasət adamlarının çıxışları, yazıları, müsahibələrini Heydər İsayev, görəsən, niyə görə bilməyib? Eləcə də, təşkilatlanma işinin daha da sürətləndirilməsi, partiyanın tutduğu siyasi xəttin ana istiqamətləri üzrə təbliğat-təşviqat aparmaqla sosial bazanın formalaşdırılması yönündə addımlarını jurnalist niyə fəaliyyət hesab etməyib?
Bundan başqa, təsis qurultayından sonrakı 6-7 ay müddətində iki xarici ölkəyə səfər edərək dövlət rəsmiləri, prezident, nazir, partiya liderləri, millət vəkilləri səviyyəsində görüşləri, ictimai-siyasi şəxslərlə bir araya gəlməsi, biznes, düşüncə mərkəzlərini, ali təhsil ocaqlarını ziyarət fəaliyyət sayılmırmı?!
Ölkənin siyasi gündəmini müəyyənləşdirən müstəqil, iqtidaryönlü, müxalifyönlü siyasi dairələr, media quruluşları yeni simalardan təşkil olunan AY Partiyanın parlamaqda olan fəaliyyətini görə bilir, qiymətləndirə bilir, bircə hörmətli Heydər İsayev nədənsə elə bilir ki, bu siyasi təşkilat ən son bəyanatını düz bir il əvvəl ictimailəşdirib. Bu böyüklükdə yalan olmaz".
Rəşad Bakuvinin sözlərinə görə, yazıda sözügedən fikirləri partiya olaraq qərəzli hesab etsələr də, sifarişlə yazıldığın inanmaq istəmirlər: "İnanmaq istəməzdik ki, jurnalist Azərbaycanda siyasi hakimiyyətə gəlmək hədəfi olan və bunu gerçəkləşdirmək üçün real modellərə malik bir partiyaya qarşı hansısa sifariş icra edib. Bizə düşən, xoş niyyətlə "Eurasianet" kimi nüfuzlu media platformasına yazı hazırlayan bir jurnalistin məsələyə naşı və peşəkarlıqdan uzaq yanaşmasını məlumatsızlığa bağlamaqdır.
Azərbaycan Yüksəliş Partiyasının fəaliyyəti göz önündədir və bu, ölkənin həm siyasi hakimiyyət, həm müxalifət camiəsi, o cümlədən cəmiyyətin digər seqmentləri tərəfindən dilə gətirilir.
Biz də başa düşürük ki, bir il bir partiyanın formalaşması və ölkə siyasətində özünəməxsus yerini tutması üçün çox az vaxtdır, ancaq bu qısa zamanda AY Partiyanın dinamik, səriştəli və siyasəti bilən komandası ilə aparılan məqsədyönlü iş sayəsində sürətlə inkişafını, sıralarının genişlənməsini, fəaliyyətinin şaxələnməsini görməmək və ya görmək istəməmək bizim problemimiz deyil.
Partiyamızın son bir ildə ortaya qoyduğu işlərlə tanış etmək üçün, jurnalist Heydər İsayevin yaxın zamanlarda qərargahımızın müsafiri olmasından dolayı məmnun olardıq. Əminik ki, dərindən tanış olduqdan sonra onun Azərbaycan Yüksəliş Partiyası haqqında qlobal mediada təsvir etməyə cəhd etdiyi yanlış portretə ciddi düzəlişlər edəcəkdir".