20 fevral görkəmli bəstəkar Fikrət Məşədi Cəmil oğlu Əmirovun anım günüdür.
Fikrət Əmirov 22 noyabr 1922-ci il tarixində Gəncə şəhərində anadan olub. O, indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb, 1947-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1956-1959-cu illər ərzində Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, 1959-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, 1980-ci ildən isə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü kimi fəaliyyət göstərib.
F.Əmirov Azərbaycan milli musiqi mədəniyyətinə əvəzsiz töhfələr bəxş edib. Belə ki, 1948-ci ildə bəstəkarın bəstələdiyi "Şur" və "Kürd-Ovşarı" simfonik muğamları dünyanın bir çox məşhur konsert salonlarında Bolqarıstan, Rusiya, Belçika, Fransa, ABŞ-da səsləndirilib.
Azərbaycan milli musiqi tarixinə hadisə kimi daxil olan "Sevil" operası uzun illər səhnələrin baxımlı tamaşaları sırasındadır.
Bəstəkarın yaradıcılığı özündə geniş auditoriyanı əhatə edir. Çoxşaxəli yaradıcılıq qollarının əsas istiqamətlərindən biri də mahnı janrıdır. Bəstələdiyi "Göygöl", "Reyhan", "Mən səni araram" kimi mahnılar dəyərli sənətkarlar tərəfindən uzun illər səsləndirilib, indi də sevilməkdədir.
Eyni zamanda bir çox sevilən filmlərin musiqi müəllifi də məhz Fikrət Əmirovdur.
Sevilən bəstəkar 20 fevral 1984-cü il tarixində Bakı şəhərində dünyasını dəyişib.
Azərbaycan Yüksəliş Partiyası görkəmli və sevilən bəstəkar Fikrət Əmirovun xatirəsini dərin hörmətlə yad edir.