Mayın 4-ü görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin aparıcı nümayəndələrindən biri, Xalq artisti Fuad Poladovun anım günüdür.
Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. O, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967–1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb.
Kinoda ilk rolu 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim obrazı olub. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Bundan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrında çalışıb.
1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. Milli teatr və kinomuzda Azərbaycan mədəniyyəti tarixinin parlaq səhifələrini təşkil edən çoxsaylı unudulmaz obrazlar yaradıb.
Böyük sənətkar 2018-ci il mayın 4-də vəfat edib.
Azərbaycan Yüksəliş Partiyası Fuad Poladovun xatirəsini sevgi və ehtiramla yad edir.