2014-cü ildə Şotland xalqının referendum kecirərək, müstəqil dövlət olmaqdan könüllü imtina edib, Böyük Britaniya Krallığının tərkibində qalmağı seçməsi ilə bağlı bir məqaləm vardı. Təxminən bu fikirləri bildirmişdim ki, qan harda lazımdırsa, orda axıdılır. Amerika və Avropaya həm də silah satmaq lazımdır. Avropa, təbii ki, şotlandları qızışdırıb, silah verməz əllərinə. Qan ocaqlarını öz məkanında alışdırmayacaq ki?!
Azərbaycan müstəqilliyini bərpa edəndən Qarbağ münaqişəsinə sürüklənib və ermənilər bizim torpaqlarımızda "müstəqillik" istəyir. İllərdir, bu problem çözülmürdü, ancaq qan axıdılırdı, şəhid verirdik və nəhayət böyük ölçüdə bu problemi çözdük, amma yenə Vətən Müharibəsində şəhid verərək, qan axıdaraq.
Bəzən “ikili standart” siyasəti deyirik. Budur, ikili standart. Şotlandiya məsələsi də savaşla, qanla nəticələnə, illərlə uzana, həlli olmayan problemə çevrilə bilərdi, amma imkan verilmədi.
Nədən?
Çünki “Avropa ailəsi” deyilən bir siyasi termin var.
Şotlandların məsələsi göstərdi ki, bu sadəcə adi termin deyil. Bəli, avropalılar öz ailələrində olan problemləri çözə bildilər. Əksi olsaydı, Avropa Ittifaqı elə bir zədə alardı ki, bütün dünyanın düzəni pozulardı. Şotlandiyanın müstəqillik referendumundan sonra İtaliyanın Şimal hissəsi, Fransada bretonlar, İspaniyada kataloniyalılar və basklar, Belçikada flamandlar da “müstəqillik istəyirik” deyə sıraya düzülə bilərdilər və bu nəticə Avropa İttifaqını sözün əsl mənasında çökdürərdi.
Bunları yazmaqda məqsədim heç də Avropanın zərərli bir yer olduğunu demək deyil. Əksinə, insan anlayışına yüksək dəyər verilən bir yerdi, amma öz sərhədləri içərisində.
Bizləri də yaxın buraxmırlar, ona görə ki, demokratik cəmiyyət qurmamızda maraqlı deyillər.
Belə olan halda biz nə etməliyik?
Güclü olmaq lazımdır!
Bu baxımdan da biz və digər türk dövlətləri, əlimizdən gələni edərək ya təcili “Avropa ailəsi”nə daxil olmalıyıq, ya da özümüz yeni bir ailə - “Türk Dövlətləri” ailəsi yaradıb, güclərimizi birləşdirməliyik ki, ən azından, bizim ərazilərdə, bizim insanımızın üzərində istədikləri oyunu oynamasınlar.
Bu baxımdan da illərdir, bu aspektdə aparılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şuralarının toplantıları çox əhəmiyyətli idi. Nəzərə alsaq ki, Orta Asiya Türk dövlətləri bu prosesə çox çətin və uzun müzakirələrdən sonra qoşuldu, o zaman Türkiyə qədər Azərbaycanın da birliyin alınmasında göstərdiyi fədakarlığı danmaq olmaz.
3 oktyabr 2009 tarixində Naxçıvanda təməli qoyulan bu birliyin indi 5 bərabərhüquqlu və 2 müşahidəçi üzvü var. Bunlardan sonuncusu Türkmənistan oldu və bu, çox əhəmiyyətli idi.
Digər əsas məsələ VIII Zirvə Görüşü zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının daha doğru və mahiyyətinə uyğun olan adla - Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyət göstərməsinə dair qərarı təqdir etdiyimizi bildirməklə bunun artıq dünyanın yeni siyasi düzənində vacib faktor olduğuna diqqəti çəkməliyik.
Məhz bu əməkdaşlıqdan doğan güc nəticəsində biz böyük tarixi zəfər qazandıq. Torpaqlarımızın böyük hissəsini işğaldan azad etdik. Bu gün Türkiyə Qafqaza gəlib, Türk Ordusu Azərbaycanda yeni model ordu qurur, zabitlırimizi öz təhsil mərkəzlərində yetişdirir, bölgədə Rusiyanın bütün oyunlarının qarşısında durur. Bunun bariz nümunəsi Rus-Türk birgə hərbi monitorinq mərkəzidir.
Azərbaycanın qonşusu olan və 200 ildir, işğalçı, imperialist siyasət yeridən iki böyük və güclü dövlətə qardaşının yanında oıduğunu hər cür diplomatik yolla bildirir. Məsələn, Türkiyə prezidentin Bakıda hərbi paradda İrana yönəlik söylədiyi "Araz axar" bayatısı və s.
Türkiyənin Vətən Müharibəsindəki dəstəyi zamanı müdafiə və xarici işlər nazirləri demək olar ki, paralel olaraq Bakı və Ankarada fəaliyyət göstərdilər.
Azərbaycan prezidentinin "CNNTürk"ə müsahibəsində dediyi" Türkiyə olmasaydı, erməni havadarları burunların hər yerə soxardılar" fikrini unutmamaq lazım.
İndi təsəvvür edin ki, bu birlik və güc iki dövlətin deyil 7 dövlətin gücü halına gəlsə, o zaman nə "sülhməramlı" qalar, nə də bölünmüşlük davam edər. Kimsə də bizimlə təhdid dilində danışa bilməz.
Bu gün Türkiyə dünyada ciddi güc mərkəzinə çevrilir, digər tərəfdən Macarıstan faktoru çox önəmlidir bizim üçün.
Bu məsələlərin həm də iqtisafi tərəfləri var. Bu gün azad olunmuş ərazilərdə Türk şirkətləri daha çox fəaliyyət göstərir, qazanc öz insanımıza, öz şirkətlərimizə gedir. Güclü Türkiyə və Turan ordusu bu şirkətlərin vergisi əsasında qurulur, həm də bunu unutmayaq.
Və bütün bu proseslərdə bütün Türk dövlətlərinin iştirakı olarsa, biz tezliklə bu gücün sayəsində istədiyimizi diktə edə bilərik.
Zəngəzur dəhlizinin açılması isə bölgənin geostrateji imkanlarını elə bir mərhələyə daşıyacaq ki, TDT üçün böyük fürsət olacaq. Zəngəzur dəhlizi Türk dünyası ilə həm bölgəni, həm Avropa ölkələrini bir araya gətirəcək.
Ən nəhayət, Qarabağ savaşındakı bu böyük qələbə Türk dünyasının iki yüz ildir, pozulmuş coğrafiyasının yenidən tarixi ədaləti bərpa edərək qurulmasıdır.
Bu birliyin qurulması, güclənməsi üçün göstərilən səylərə verilən əməyə görə Türk dövlət başçılarına AY Partiya olaraq təşəkkür edir, və uğurlar arzulayırıq. İnanırıq ki, bu gücün diktəsi sayəsində tezliklə qan tökmədən, şəhid vermədən digər ərazilərimizdə də suverenliyimizi bərpa edib, bayrağımızı sancacağıq.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağın azad edilməsi və Türk birliyinin güclənməsi istiqamətindəki fəaliyyətindən dolayı Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi də təqdir olunası faktdır.