Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_08bad31de874e019b79d008cb6831fc7, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Güney Azərbaycan Milli Hökumətinin 76-cı ildönümüdür
Bu gün Güney Azərbaycan Milli Hökumətinin 76-cı ildönümüdür.
1945-ci il dekabrın 12-də Azərbaycanın güneyində Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə paytaxtı Təbriz şəhəri olan Milli Hökumət qurulub.
1941-ci ildə II Dünya müharibəsinin başlaması ilə əsas dayaqlarının başı müharibəyə qarışan Rza Pəhləvi rejimi çökməyə başladı. Bu məqamı təqib edən Azərbaycan türkləri ayağa qalxaraq, özlərinin milli hökumətlərini qurmağa başladılar.
1945-ci ilin sentyabrında Azərbaycanın tanınmış demokratlardan bir qrupu daha öncələr Xiyabaninin təsis etdiyi Azərbaycan Demokrat Firqəsini (ADF) bərpa edərək, başda Pişəvəri olmaqla ADF-nin yaradılması haqqında bəyanat verdilər. Bu möhtəşəm proses demokratik cəmiyyət uğrunda xalq mübarizəsində yeni səhifələr açdı.
Milli Hökumət Azərbaycanın sosial-iqtisadi tərəqqisinə yol açaraq, ictimai-siyasi durumu dəyişdi, fars rejiminin milli zülmünün nəticələrini ləğv edərək azərbaycanlıların varlığını bir daha təsbit etdi. İllər uzunu milli və mənəvi hüquqları əllərindən alınmış və rejim tərəfindən dövlət səviyyəsində təqiblərə məruz qalan Azərbaycan türkləri haqq etdikləri azadlığa qovuşdular.
Azərbaycan Milli Hökuməti xalqın dəstəyi ilə bir sıra mühüm işlər həyata keçirdi. 80 minlik Azərbaycan Milli Ordusunun yaradılması, bayrağın və himnin təsdiq olunması, milli pul vahidinin dövriyyəyə buraxılması, Azərbaycan türkcəsinin dövlət dili olaraq qəbul edilməsi, mədəniyyət və elm mərkəzlərin yaradılması, ana dilində kitabların çapı, Təbriz Dövlət Universitetinin və çox sayda orta məktəblərin açılması, milli teatr və milli filarmoniyanın qurulması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi, torpaq islahatı, iri bankların milliləşdirilməsi, səyyar xəstəxana və sağlıq klinikaları, sosial proqramlar, qadınlara kişilərlə yanaşı bərabər hüquqların verilməsi, bütün xalqların nümayəndələrinin eyni hüquqlara malik olması S.C.Pişəvərinin rəhbərliyində baş vermiş möhtəşəm bir tarixi hadisə oldu.
Güney Azərbaycanın ictimai həyatın bütün sahələrindəki uğurları, Tehranın hakim dairələrində böyük təşviş yaradır, İran hökuməti hərəkatı boğmağa hazırlaşırdı. Mərkəzi hökumət İngiltərə, ABŞ və SSRİ arasındakı ziddiyyətlərdən istifadə edərək “İran məsələsi”nin BMT-də baxılmasına nail oldu. 1946-cı il dekabrın 12-də İranın Mərkəzi hökuməti Azərbaycanın Milli Hökuməti ilə imzaladığı anlaşmalarda bu dövləti rəsmən tanısa da, Pəhləvi ordusu Azərbaycana təcavüz edərək sosial-iqtisadi islahatların surətli bir şəkildə həyata keçirildiyi bir dövrdə Milli Hökuməti süquta yetirdi.
Milli Hökumət dövründə fəallıq göstərən kəndli, fəhlə, ziyalı və sahibkarlar təqiblərə məruz qaldılar, ADF və Milli Hökumətin rəhbərləri güllələndilər, dar ağacından asıldılar. Minlərlə vətənpərvər mühacirət etməyə məcbur oldu. Onların çox hissəsi Azərbaycanın quzeyinə keçdi.
1941-1946-cı illər milli-azadlıq hərəkatının məğlubiyyətinin əsas səbəbi ABŞ, İngiltərə və SSRİ-nin İrandakı siyasətilə bağlı idi. Bu dövlətlər Güney Azərbaycanının milli-demokratik hökumətini imperiya mənafelərinə qurban verdilər. Hər üç dövlət imperiyapərəst maraqlarını bütöv bir xalqın taleyindən üstün tutdu. Ancaq Güney Azərbaycandakı milli-azadlıq hərəkatı məğlubiyyətə uğrasa da, ölkənin sonrakı tarixinə çox böyük təsir göstərdi.
Azərbaycan Yüksəliş Partiyası Milli Hökumətin qurucularını ehtiramla yad edir, bütün ictimai-siyasi qüvvələri bölünmüşlüyü BMT tərəfindən belə qəbul edilən Azərbaycan xalqının bütövləşmə haqqını gündəmə daha ciddi, daha sistemli şəkildə daşımağa çağırır.