Güney Azərbaycanın görkəmli roman yazıçı-şairi, siyasi mühacir Rza Bəharani vəfat edib.
1935-ci ildə Təbriz şəhərində doğulan Bəharani ibtidai təhsilini Seyid Cəfər Pişəvərinin qurduğu demokratik hökumət dönəmində türkcə alıb. Hökumətin süqutundan sonra ana dilində təhsil qadağan edilib. Bu hadisələr yazıçının gələcək fəaliyyətində əvəzolunmaz rol oynayıb.
Cənubi Azərbaycandakı ana dili hərəkatının öncüllərindən biri olan şair İran Fars rejiminin təzyiq və təhdidlərindən sonra Kanadaya mühacirət etmək məcburiyyətində qalıb.
Kanadada olduğu müddətdə mübarizəsini davam etdirib, güneyli soydaşlamızın pozulan hüquqlarını, xüsusilə ana dilində danışmaq, təhsil almaq haqlarının əllərindən alınmasını istər yazılarında, istər ictimai-siyasi fəaliyyətində ön planda tutub.
Bəharani xatirələrinin birində yazır: “Onlar (İran rejiminin nümayəndələri) bizi türk dilində yazılmış dərslikləri Şəhrdari(Bələdiyyə) meydanına toplayıb və yandırmağa məcbur etdilər. Kitabların alovları başımızın üstündə dar ağacından asılmış kişilərin ayaqlarına qədər qalxırdı. Gündüzləri Təbrizi qoruyub, gecələri isə onun küçələrinə asfalt örtən fədailə demokrat firqəsi devrildikdən sonra evlərindən çıxarılır, biz uşaqların gözləri önündə onlardan arxalarına baxmadan yeriməyə məcbur edilirdilər, sonra bizim gözümüzün önündə arxadan onlara güllə açıb, cəsədlərini küçədəki nova atırdılar...”
Azərbaycan Yüksəliş Partiyası Rza Bəharaniyə Allahdan rəhmət diləyir, ailə üzvlərinə, yaxınlarına, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.